HAKİMİYYƏTİN ALIN YAZISI - Eldəniz Quliyev yazır

Əhalinin böyük hissəsi (qorxudan və bəlli olan digər səbəblərdən) hakimiyyətdən narazıdır və bu, bir faktdır. Onlar öz narazılığını çox vədə küncdə-bucaqda, bəzənsə evdə, çayxanada dilə gətirir, bir çox hallarda isə içində, ürəyində çəkir: ağrıyır, ağlayır, məhrumiyyətlər və dərd-kədər içində qovrulur... zira, bundan artığına nə ağlı, nə gücü, nə də cəsarəti çatır!..
Müxalif kəsim, geniş mənada demokratik düşərgə isə, əksinə, bu narazılıq enerjisini açıq şəkildə bəyan edir və bütün varlığı ilə xalqın təmsilçisi olmağa can atır...
Və bütün bu çabalar yuxarıların heç vecinə də deyil...
Haqlı, qanuni istəklər, ədalətli tələblər sanki daşa dəyib düşür...
Və çarəsizlikdən...
...Qazi özünü yandırır...
Şəhid atası imdad diləyir...
Günahsız tutulanlar fəryad qoparır, aclığ edir...
Əvəzində...
Azad fikir, demokratik dəyişim istəyənlər təqib, təhdid hədəfinə çevrilir...
Siyasi mənsubiyyətinə, alternativ düşüncəsinə görə insanlara basqılar yapılır... Haqsızlıqla barışmayanların tədbirləri - piketlər, yürüşlər, etiraz nümayişlər və s. nifrət və dəyənəklə dəf olunur...
Amma çifayda, ortada hər hansı bir real nəticə yoxdur ki, yoxdur!..
Yəni dəyirman öz işində, çax-çax baş ağrıdır.
Görən niyə axı heç bir pozitiv nəticə əldə olunmur?
Məncə, "xoruzun quyruğu" məhz burada görsənir...
Niyə?
Çünki mövcud hakimiyyətin özü öz Dövlətinə, daha dəqiqi, Dövlətçiliyə müxalifdi. Çünki hakimiyyət dəyişmək istəmir. Çünki dəyişməklə hər şeyini (var-dövlətini, mövqeyini, vəzifəsini, mahiyyətini və ilaxırı) itirəcəyini zənn edir!.. Üstəlik, bu məsələyə Hamletin "Ölümmü, qalımmı?" dilemması kimi yanaşır.
Beləliklə, Hakimiyyət-Xalq "oyunu" arasında pat vəziyyəti yaranıb...
Səbəb də, dediyim kimi, dəyişməmək arzusu və dəyişmək xofudur...
Belə olan təqdirdə, Çernişevskinin məşhur NƏ ETMƏLİ? sualına kim, ya kimlər cavab verməlidir görən?..
Məncə, bu suala, heç vəchlə dəyişmək istəməyən hakimiyyət və nəyin bahasına olursa-olsun, hakimiyyəti dəyişmək istəyən müxalifət liderləri cavab verməlidir - və bu, onların vəzifəsi, borcu, məramı, nəhayət ALIN YAZISIdır.
Eldəniz QULİYEV
P.S. Unutmayaq, hətta ilan da ilanlığı ilə, zaman-zaman öz qabığını dəyişir...