​Azad olmaq üçün azadlığın önəmini dərk etməliyik…

Baxış sayı:
1314

Ölkədəki hakimiyyət mənsubları hüququ saymamaqda davam edir. Görünür hakimiyyət əbədilik iddiasındadır. Ancaq bu o demək deyil ki, hakimiyyət mənsubları istədiklərinə nail olacaqlar. Axı xalq olaraq biz də zəif, qorxaq, müti deyilik. 1988-ci ildən başlayan meydan hərəkatı zamanı 100 minlərin iştirakı ilə keçirilən davamlı kütləvi aksiyalar, 1990-cı ilin 20 yanvar hadisələri zamanı göstərdiyimiz kütləvi qəhrəmanlıq Sovet İttifaqı kimi nəhəng bir imperiyanın çöküşündə misilsiz rol oynadı. Ölkədə mövcud olan bu hakimiyyət dönəmində də təqiblərin, təzyiqlərin və həbslərin caynağından qürurla çıxmış minlərlə əqidəli müxalətçini, vətəndaş cəmiyyəti fəalını xatırlayaq.

Ayşən Bayramova

Deməli, hüquq və azadlıqlar uğrunda daha böyük səfərbərlik üçün millət olaraq potensialımız böyükdür. Ancaq hələ ki, o kütləvi səfərbərlik alınmır. Və bu ilk növbədə bizim - siyasiləşmiş kəsimin günahıdır. Konkret misallar üzrə fikrimi izah edəcəm. Son günlər baş vermiş hadisə ölkə gündəmi ola bilməməsi məni çox məyus edir. Birincisi, bugünlərdə media azadlığına son qoyacaq media haqqında qanun artıq üçüncü oxunuşda Milli Məclisdə qəbul olundu. Lakin, bu hadisə cəmiyyətdə ciddi etiraz dalğasına səbəb olmadı. İkincisi, hər il Azərbaycan demokratiya indeksinə görə dünya ölkələri sırasında sonuncu yerlərdə Orta Asiya respublikaları, Əfqanıstan və Belarus kimi ölkələrlə bir sırada dayanır.
Ancaq etiraf edək ki, nə media azadlığının məhvinin başa çatması, nə də demokratiya indeksindəki xəcalətli yerimiz ölkədə ciddi gündəm, ictimai müzakirələrə səbəb olmur. Bu cür taleyüklü məsələlər nəinki ölkə gündəmini zəbt etmir, hətta hansısa təyinatlı deputatın yersiz açıqlaması və ya hansısa siyasi intriqa xəbəri qədər diqqət çəkmir.
Nədir səbəb? Necə olur ki, cəmiyyət olaraq başa düşmürük ki, milyonlarla insanın ayrılıqda yaşadığı yoxsulluğun, ədalətsizliyin əsil səbəbi məhz azadlıqların olmamasıdır? Biz ayrıca götürülmüş bir qazinin, şəhid ailəsinin, gəncin, işsizin, xəstənin - istənilən vətəndaşın qarşılaşdığı problemə həssaslıq göstərməyə hazırıq, ancaq həmin haqsızlıqların da yoxsulluqların da, korrupsiyanın da köklü səbəbi olan hüquqsuzluq ölkəmizdə ən az diqqət çəkən məsələ olaraq qalır. Sadə, ortastatistik vətəndaşın demokratiya, insan hüquqları, media azadlığı, müstəqil məhkəmələrlə onun şəxsi problemləri arasındakı birbaşa əlaqəni görməməsi haradasa başadüşüləndir. Ancaq bu ölkədə kifayət qədər çoxsaylı siyasi sinif də formalaşıb axı. Bax həmin siyasiləşmiş təbəqə gərək çoxluq olan qeyri - siyasi təbəqənin yaratdığı trendlərin əsiri olmasın. Tiraj, bəyəndim dalınca qaçmasın. Siyasi təbəqə kütləvi dəstəyi olmayan, ancaq cəmiyyət üçün həyatı önəmli mövzuları gündəmin ilk sıralarına daşımağı bacarmalıdır. Məsələn, əgər ölkədə 100-lərlə tanınmış müxalifətçi, ictimai - siyasi fəal demokratiya indeksindəki utancverici yerimizi (reytinqimizi), siyasi məhbus və ya media haqqında mürtəce qanunu eyni vaxtda müzakirəyə çıxarıb, ictimaiyyətin diqqətini bu həssas mövzulara çəkmək istəsəydi, əlbəttə ki, həmin mövzulara ictimai maraq və diqqət artardı.
Unutmamalıyıq ki, bu ölkədə insan hüquqları, siyasi məhbus, hüquq və azadlıqların, azad seçkilərin, məhkəmə müstəqilliyinin müzakirəsi ən az reytinqli mövzular olaraq qaldıqca, böyük demokratik dəyişikliklər uğrunda kütləvi səfərbərlik də çətin olacaq. Azad olmaq üçün ilk növbədə azadlığı, hüququ, onların önəmini hamılıqla dərk etmək lazımdır. Bu həqiqəti dərk edənlər daha çox çalışmalıdırlar.