​İsinmədik istisinə, kor olduq tüstüsünə...

Baxış sayı:
1934

SOCAR yalnız bir ildə dövlətimizə 4 milyard manatdan artıq zərər vurub. Belə yerdə deyirlər ki, qızınmadıq istisinə, kor olduq tüstüsünə. Ölkənin nefti, qazı verilib bu şirkətə. Normal məntiqlə bu zəngin şirkət dövlətimizə hər il milyardlarla manat fayda verməli idi. Ancaq korrupsiya imkan vermədi.
Korrupsionerlər SOCAR-dan milyardları oğurlayanda deyilirdi ki, ey xalq oğurladıqları bizim hamımızın sərvətidir. Onlar talan edəcəklər, sonra da oğurladıqlarını bizə ödətdirəcəklər. Dünyanın hər yerində SOCAR-ın hesabına 100-lərlə yanacaqdoldurma məntəqələri alıb, sonra da bir-bir övladlarının adına keçirəndə sonu belə olmalı idi. Öz xalqımız burada ehtiyac içindəykən Monteneqroda turizmin inkişafına 100 milyonlarla avro xərcləyib, sonra da hansısa bir foksla SOCAR-ın obyektlərini şəxsi adlara ötürəndə sonu belə olmalıdır. Siyasi hakimiyyətdə vəzifədə olanların əksəriyyəti qohumluq əlaqələrinə neçə malikdirsə, Rövnəq Abdullayev də eyni qaydada SOCAR-ı qohumlarının şirkətinə çevirib. Bizim neft və qazımız hesabına alınan 100-lərlə villalar, ən bahalı maşınların kolleksiyası, bahalı yaxtalar, dünyada futbul, cüdo yarışlarına sponsorluqlar və daha nə qədər oğurluq və israfçılıq əlbəttə ki, SOCAR-ı müflis edəcəkdi.
Budur ağır nəticələr: təkcə 2020-ci ildə SOCAR 1.7 milyard manat zərər edib. Bəs SOCAR oğurlanmış, israf edilmiş vəsaitlərini kimin hesabına kompensasiya edəcək? Əlbəttə, bizim, xalqın. SOCAR 2020-ci ildə Dövlət Neft Fonduna - yəni bizə, xalqa ödəməli olduğu 2 milyard 960 milyon manatı ödəməyib. SOCAR Dövlət İnvestisiya şirkətinə də 175 milyon manat borclu qalıb. Beləliklə, şirkət təkcə bir ildə dövlətə ödəməli olduğu 3 milyard 135 milyon manatı ödəməyib. Ancaq dövlətə və millətə vurulan zərər bununla da bitmir. Dövlətə məxsus olan Beynəlxalq Bank da SOCAR-a 559 milyon manat güzəştli kredit verib. Maliyyə Nazirliyi də SOCAR-a 354 milyon manat uzunmüddətli borc verib.
Beləliklə, SOCAR təkcə bir ildə dövlətimizi 4 milyard manat puldan məhrum edib. İndi hər kəs özü düşünsün ki, o 4 milyardla bu xalq üçün nələr edilə bilərdi. Ancaq bu da hamısı deyil. Məhz SOCAR-dakı korrupsiya piramidasının oğurluq və talanının yerini doldurmaq üçün benzinin və dizel yanacağının, daha sonra isə qazın qiymətini qaldırdılar. Korrupsionerlər ofşorlara milyardlar köçürə bilsinlər.
Lakin, uzun müddətdir ki, cəmiyyətdə uşaq pulunun verilməsi ilə bağlı tələblər səsləndirilsə də hakimiyyət mənsubları ölkənin büdcəsinin buna imkan vermədiyi ilə bağlı absurd fikirlər səsləndirirlər. Bəs necə olur ki, dövlət büdcəsinin qaymaqlı hissəsindən məmur övladlarına milyonlar, hətta deyərdim ki, milyardlar düşür, amma kasıbın balalarına pul verməyə büdcədə pul olmur. Necə olur ki, məmur övladları milyonluq bank hesablarına, iki milyonluq saata, xaricdəki mülklərə, maşın kolleksiyalarına sahib ola bilir, lakin kasıbın balaları ayda 100 manat büdcədən pul ala bilmir. Hesab edirəm ki, məmur övladlarının harın, azğın həyat sürsünlər deyə xalqımıza zülm edilməsinə hamı etiraz etməlidir. 
 
Ayşən Bayramova