ŞEYX NİYƏ “QARDAŞLARI”NA QARŞI ÇIXDI? - Allahşükür Paşazadənin İranla bağlı açıqlamalarının pərdəarxası

Baxış sayı:
3075

Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə ölkə televiziyalarından birinə verdiyi müsahibədə "qardaşım məni erməniyə satdı" deyə İrandan gileylənib. Əslində, şeyx bu açıqlamanı çoxdan dilə gətirməliydi. Amma onun bu gün belə, İrana qarşı “açıq çıxışı”nın nə qədər səmimi olduğu düşündürücüdür. Təkcə ona görə yox ki, şeyx özünün dediyi kimi "ümidləri qırılan milyonlarla şiənin" rəhbəri, yaxud İranın Azərbaycandakı dini (siyasi) emissarıdır, həm də ona görə ki, o, nəzir, mərasim evləri, həcc-ümrə biznesinin sahibidir. Görünür, "Böyük dayaq" filmindəki neqativ personajlardan biri olan Salmanın diliylə desək, "ayaqlarının altındakı torpağı od tutub yanmağa məcbur edən" amil şeyxi İranın indiyə qədər dövlətimizə qarşı törətdiklərini üzünə çırpmağa zorlayıb.

Dünənki çıxışdan sonra istər-istəməz adamın yadına 5 may 2020-ci ildə şeyxin İrana qarşı sanksiyaların dayandırılması xahişi ilə o vaxtkı prezident Donald Trampa müraciət ünvanlaması düşür. Elə təsəvvür yaranır ki, şeyx möminlərə xas olan sadəlövhlüklə şiə qardaşının müdafiəsində durmağı özünə borc hesab edib və bu zaman İranın 44 günlük müharibədən əvvəl də ermənilərlə canbir qəlbdə olduğunu nəzərə almayıb. Amma bu, ona İrandan ötrü ABŞ-ın üzünə “ağ olmağa” mane olmayıb.

İndisə şeyxin müsahibədə vurğuladığı bəzi məqamlara nəzər salaq. Allahşükür Paşazadənin çıxışının əsas məğzi “Qardaşım İran məni erməniyə satdı” fikri olsa da, müsahibədə bu fikirlər də yer alıb: “Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər hətta təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə xeyir-dua verir. Bu nəyə xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim. Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik. Torpaqlarımız işğal olundu, məscidlərimiz yandırıldı. Amma mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Amma bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı. Milyonlarla şiənin burada ümidi qırıldı”.

Təbii ki, şeyxin “qardaş” dediyi İran mollaları tarixən gerçək qardaşlıq nümunəsini bizim qan düşmənimiz olan, qanımıza yerikləyən ermənilərə hər zaman gizli və açıq göstərib və bu, yeni kəşf deyil. Üstəlik, rəsmi Tehran erməni-fars qardaşlığını dəfələrlə Tehranda və İrəvanda ən yüksək tribunadan səsləndirib. Amma, sanki cənab Paşazadə bunu "Amerika kəşf edirmiş kimi" yenicə eşidib. İstəyirsə, ona İran-Ermənistan qardaşlığına sübut ola biləcək lap təzə bir informasiya da çatdıraq. Son günlərdə İrəvanda başında əmmaməsi, əlində isə kitab olan İranın "beynəlxalq" Əhli Beyt təşkilatının rəhbəri Ayətullah Həsən Əxtari ilə erməni Qriqoryan kilsəsinin təmsilçisi olan keşişlə görüşündən də danışaq. Hansı ki, onlar İrəvanda erməni və fars xalqlarının - Əxtariyə görə, "İran xalqlarının" - ortaq dəyərləri ilə bağlı nəşr olunan kitab barədə təəssüratlarını bölüşüblər... Bir az da dərinə gedib bildirək ki, Ayətullah Əxtari İrəvana erməni kilsəsinin dəvəti ilə gedib və İrəvan Universitetindəki çıxışı zamanı deyib ki, ermənilər və "iranlılar" (farslar) qardaş xalqlardır. Ardınca İrəvan Universitetinin rektoru Aram Simonyan da Əxtarinin çıxışından vəcdə gələrək, Ermənistan və İranın "bir millət - iki dövlət" olduğunu bəyan edib və Ayətullah Həsən Əxtari də erməni qardaşının könlünü qırmayıb və onun plagiat şüarını təkrarlamağı özünə borc bilib.

Bax, belə. Əminik ki, şeyx bu qəbildən xəbərlərə kifayət qədər rast gəlib, amma nədənsə məhz indi onda belə bir qənaət hasil olub ki, "qardaşı İran bizi erməniyə satdı..."

Şeyxin İranın "qoşun-ləşkəri"ni gətirib Araz kənarına töküb təlim keçirmək həvəsinə "zorakı kinayə" ilə, "niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız?" iradına Ərdəbil şəhərinin cümə imamı Ayətullah Seyid Həsən Ameli də “İran Azərbaycanın din qardaşıdır", - deyə, öz aləmində movqe bildirib. Üstəlik, "SEPAH-ın və İranın ordusunun ölkənin şimalında, Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlim barədə böyük Azərbaycan xalqına bir neçə söz demək istəyirəm", - cümlələri ilə başlayaraq, "bu təlimin başlaması ilə ölkəmizə hücum başladı. Azərbaycan mətbuatında, qəzetlərində bizə qarşı hücum başladı və hələ də davam edir. Bu hərbi təlim Azərbaycana təhlükə deyil, Azərbaycana qarşı hakimiyyət iddiası deyil, Azərbaycan ərazisinə daxil olmaq niyyəti deyi, bu təlim də əvvəlki təlimlər kimi müdafiə təlimidir, hücum deyil", - açıqlamasını verib. Məntiqlə ərdəbilli ruhaninin bu qarşılıqlı replikasını şeyxin iradına cavab hesab etmək olar.

Görürsünüzmü, cənab şeyx, İranın kiçik rütbəli dini xadimi belə öz molla rejiminin maraqlarını sizdən daha yaxşı dərk edir və müdafiə edir. Sizin televiziyada gördüklərinizi Azərbaycanın nəvəniz yaşında olan kiçik vətəndaşları internet media resurslarından görürlər. Sanki iki gün əvvəl kəşf etdiyiniz kimi nümayiş etdirdiyiniz İran İslam Respublikasında islamdan əsər-əlamət olmadığını, ölkənin fühuş və narkotik cəngəlliyi olduğundan xəbərsiz idiniz? Dünya mediasının bar-bar bağırdığı İranın Qarabağı 30 il ərzində Ermənistandan narkotrafik kmi istifadə etdiyindən xəbərsiz idiniz? Deyirsiniz ki, din xadimi gəlib Qurani-Kərimlə əsgəri müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir və bu heç də müsəlmana yaraşan hərəkət deyil. Arazın sahilinə ordu yığana qədər rəsmi Tehranın dövlətimizə qarşı törətdiklərinin dini dövlət tituluna yiyələnən qonşumuza yaraşmadığını indiyədək bilmirdiniz? Azərbaycan dənizdəki neft yataqlarını istismar etməyə başlayanda İran hərbi təyyarəsinin üstümüzə hücum çəkdiyi zaman niyə dinmirdiniz? 44 günlük müharibədə İranın Ermənistana dayanmadan hərbi sursat və yanacaq daşıdığından xəbəriniz yoxdu? Bu din qardaşı kimi ona yaraşan hərəkət idimi? Deyisiniz ki, "bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Bunu ermənilər etmədilərmi?" Sizcə, İran Ermənistanın blokada şəraitində "nəfəsliyi rolunu icra edərkən" bundan bixəbər idi? Üstəlik, “qardaşınıza” irad bildirirsiniz ki, "niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik". 30 il torpaqlarımız erməni işğalında qalsın, azad olunmasın deyə İranın hansı oyunlardan çıxdığından heçmi xəbəriniz olmadı? 1992-ci il mayın 8-də Şuşanın erməni işğalına düçar olmasında İranın hansı rol oynadığını hələ də bilmirsiniz?

Elədirsə, oturun düşmən deidiyimiz erməni din xadimlərinin öz dövlət maraqlarını necə güddüyünü araşdırın. Yaxud xəyanətindən gileyləndiyiniz İran mollalarının fars dövlətçiliyinin maraqlarının keşiyində necə durduğunu görün.

Məlumdur ki, İranın ölkəmizdəki agentləri narkotikin yayılmasında, xüsusilə gənc təbəqənin narkotikə cəlb edilməsində və İran agentura şəbəkəsinin vüsət almasında xüsusi rol oynayırlar. Böyük ehtimalla burada, xüsusilə molla qiyafəsində olanlar daha çox təsirə malikdirlər. Çünki insanların dini hisslərindən faydalanırlar. Sizin indiyə qədər ölkənin dini idarəsində rəhbər mövqe tutan adam kimi, bütün baş verənlərdən xəbərsiz olmanız mümkünsüzdür. İran nəinki ölkəmizə Xamneyiyə təqlidi əsas alan radikal şiəliyi ixrac edərək sabitliyi pozmaqla, Ermənistana hər cür dəstək verməklə, gecə-gündüz Azərbaycana qarşı iyrənc təbliğat aparmaqla yetinmir, üstəlik də gənclərimizi narkomana çevirmək və gələcəkdə onların əli ilə ölkədə terror aktları törədə bilmək üçün əlindən gələn hər şey edir. Məlumatlara görə, əvvəllər narkotiklərin yayılmasını "Keyhan" qəzetinin Bakı təmsilçiliyi koordinasiya edirdi. İndisə bu işlə bilavasitə İranın Azərbaycandakı konsulluğu məşğuldur. Nədən İranın bu əməllərini indiyə qədər ifşa etməmisiniz? Sizə bunu etməyə nə mane olub? Sizin indiki "zorakı üsyanınız" inandırıcıdırmı?

Əlbəttə, xeyr. Dünənə qədər İranın sözçüsü kimi çıxış edən xarici emissar rolunu oynayan dini liderə necə inanmaq olar? Xüsusilə ona görə ki, İranın ölkəmizə qarşı açıq düşmənçiliyini bilə-bilə hələ də fars mollalarını “qardaş” adlandırırsınız.

Və ona da şübhə etmirik ki, şeyxin “qardaş” dediklərinə cənubdakı əzilən soydaşlarımız yox, ayətullahlar, Xomeyni, İranın terror siması olan Qasim Süleymani, prezidentlik kürsüsünə cəllad tərcümeyi-halı sayəsində yüksələn Rəisi daxildir. Məhz bu səbəbdən də indiyədək özünü Azərbaycanın dini idarəsinin rəhbəri kimi yox, İranın buradakı baş emissarı kimi aparıb.

Cənab Paşazadə müsahibəsində dəfələrlə azərbaycanlı dindarları “şiə müsəlmanlar”, Azərbaycan dövlətini isə “şiə dövləti” kimi təqdim edib. Ona xatırladaq ki, Konstitusiyamıza görə Azərbaycan dünyəvi dövlətdir, ölkəmizin “şiə dövləti”, “şiə əhalisi”, "şiə qardaşlığı" terminləri ilə əlaqəsi yoxdur. Azərbaycan dinindən, dilindən asılı olmayaraq ərazisində yaşayan hər bir vətəndaşın dövlətidir və dini ayrı-seçkilik yolverilməzdir. Bundan başqa da ölkədə islam dininin sünni təriqətinə məxsus toplum da var, ona görə buranı şiə dövləti kimi sırımağa çalışmaq doğru deyil və zərərli yanaşmadır. Ən əsası isə, İrana bağlılıqdan qaynaqlanan şiə məhəbbətindən irəli gələrək Azərbaycanla İranı “din qardaşı” kimi təsbit etməyə heç bir əsas yoxdur.

Bəs, şeyxin İrana qarşı bu cür giley-güzar etməsinin gerçək səbəbləri nədir? Məlum olduğu kimi, İranda artıq iki aya yaxındır ki, molla rejiminə qarşı etirazlar davam etməkdə və artıq proses inqilaba çevrilməkdədir. Hadisələrin gedişatı göstərir ki, rejim son nəfəsini verir, can üstədir. Prosesin İranın parçalanacağı ilə sonuclanacağı tam dəqiq olmasa da, molla rejiminin son nəfəsinin olduğu həqiqətdir. Belə görünür ki, şeyx də bəzi dairələrdən dini rejimin gedəcəyi haqda dəqiq məlumatlıdır və bu səbəbdən kompası "Qumdan Ankaraya döndərib". Şeyx İranın Arza sahilinə sürüyüb-gətirdiyi sınıq-salxaq hərbi texnikaya oxşayan müsahibəsi ilə bir növ İranın Azərbaycana qarşı apardığı açıq düşmən siyasətindən uzaqlaşmağa, qopmağa, məsafə saxlamağa çalışır. Məqsəd özünü Azərbaycan dövlətinin "İran agentlərini təmizləmə əməliyyatının küləyi ilə sovrulmaqdan sığortalamaq", “haqq yoluna qayıtdığını”, hələ də nəyə isə yaraya biləcəyini göstərməyə çalışmaqdır. Amma çox gecdir, ox yaydan çıxıb. Daldan atılan daşı topuğa dəyər...

Ülviyyə ŞÜKÜROVA