​Rövnəq Abdullayev itkin düşən neftçinin oğlunu həbs etdirdi – ƏMƏKDAŞIMIZ ZAUR ƏBDÜLƏZİZOVUN HAZIRDA HARADA SAXLANILDIĞI BƏLLİ DEYİL

Baxış sayı:
2058

“Bizi Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev qəbul etmir”.
Muxalifet.az xəbər verir ki, bu barədə ötən həftə "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşmüş neftçilərin ailələri şikayət etmişdi. Onlar iddia edirdilər ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi itkin düşən neftçilərin ailələrini pulla ələ almaq istəyirlər. Hətta bir neçə nəfərin müxtəlif yollarla susdurulduğu bildirilir.
Saytımıza danışan şikayətçilər yaxınlarının, ailə üzvlərinin cəsədlərinin tapılması üçün vaxtında və lazımi səviyyədə axtarış aparılmadığını, ARDNŞ rəhbərliyinin neftçilərin taleyinə biganə yanaşdığını bildiriblər. Onlar bu məqsədlə Dövlət Neft Şirkəti rəhbərinin qəbuluna düşmək istəsələr də, Rövnəq Abdullayev tərəfindən qəbul edilməyiblər.
Nəhayət, bu gün - yanvarın 13-də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Günəşli” yatağında itkin düşən neftçilərin ailələrini qəbul edib. Görüşdə Rövnəq Abdullayev axtarışların davam etdiyini və ailələrə maddi yardım ediləcəyini deyib. İtkin düçən neftçilərin ailə üzvləri isə R.Abdullayevə etiraz edərək, yaxınlarının cəsədlərini istədiklərini deyiblər.

Rövnəq Abdullayev 
Muxalifet.az-ın əldə etdiyi məlumata əsasən, görüş zaman neftçilərin ailə üzvləri ilə Rövnəq Abdullayev arasında qalmaqal baş verib. Belə ki, itkin düşən 61 yaşlı neftçi Əbdüləziz Əbdüləzizovun oğlu, Muxalifet.az saytının müxbiri Zaur Əbdüləzizov ARDNŞ rəhbərinə etiraz edərək, onu neftçilərin qanını pulla “yumaq istəməkdə” etiraz edib. Z.Əbdüləzizov deyib ki, əslində, "Günəşli” yatağında baş verən qəza zamanı ölənlərin və itkin düşənlərin sayının çox olması Dövlət Neft Şirkəti rəhbərliyinin, konkret olaraq Rövnəq Abdullayevin məsuliyyətsizliyi, neftçilərin taleyinə biganə yanaşması ilə bağlıdır.
Mənbə deyir ki, görüş zamanı Zaur Əbdüləzizovun bu sözləri Rövnəq Abdullayevi bərk qəzəbləndirib və o, itkin düşən neftçinin oğlunu müxalif mediada işlədiyi üçün təxribat törətməkdə ittiham edərək, zaldan çıxarmaq istəyib. Lakin Z.Əbdüləzizov ARDNŞ rəhbərinə etiraz edərək, zaldan çıxmayacağını bildirib. Bundan sonra R.Abdullayev mühafizə xidmətinin əməkdaşlarına Zaur Əbdüləzizovu zaldan çıxarmaq haqda göstəriş verib. Bildirilir ki, mühafizəçilər neftçinin journalist oğlunu zorla zaldan çıxararaq, bayırda döyə-döyə maşına basıblar.
Qeyd edək ki, Zaur Əbdüləzizovun hazırda harada saxlanıldığı haqda dəqiq məlumat verilməsə də, onun Səbail rayon Polis İdarəsinə aparıldığı güman edilir. Hətta bəzi bilgilərə görə, Z.Əbdüləzizov “polisə müqavimət” adı altında saxlanılıb və yaxın saatlarda məhkəməyə çıxarılacağı güman olunur.
Onu da qeyd edək ki, itkin düşən neftçilərin ailə üzvləri R.Abdullayevlə görüş sonrası Muxalifet.az-a açıqlamalarında bu görüşdən razı qalmadıqlarını bildirdi: "Rövnəq Abdullayev bizi qəbul elədi, amma görüş ürəyimizcə olmadı. Dəqiq məlumat verilmədi ki, biz cəsədləri tapıb verəcəyik. Ümumiyyətlə, passiv axtarış gedir, hava yaxşı olanda axtarırlar. Hər dəfə başımızı aldadıb vaxtı uzadırlar. Onların harası ağrıyır? İtən batan bizim balamız, yaxınlarımızdır, ağlar günə biz qaldıq. Cəsədləri tapıb versinlər, biz pul istəmirik, yaxınlarımızın cəsədlərini istəyirik”.

Əbdüləziz Əbdüləzizov
Xatirladaq ki, “Günəşli” neft yatağında yanğın 4 dekabr, saat 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki, saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır.
5 dekabr tarixində saat 19.00 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi internet səhifəsində itkin düşənlərin və xilas olunanların siyahısı açıqlanmışdır. Siyahıda 30 nəfərin adı göstərilmişdir. 6 dekabr tarixində isə itkin düşən 30 nəfərdən 2 nəfərin cəsədi tapılmışdır. 7 dekabrda isə daha 28 nəfərdən 6 nəfərin cəsədi tapılaraq çıxarılmışdır.

Muxalifet.az

P.S. Qeyd edək ki, Səbail Rayon Polis İdarəsi əməkdaşımızın harada saxlanılması ilə bağlı sorğumuzu cavalandırmaqdan imtian etdi. Mövzunu diqqətdə saxlayacağıq.