LAÇIN VƏ KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ DÖYÜŞ BAŞLAYIB! - Müdafiə Nazirliyi brifinq keçirdi / VİDEO , YENİLƏNİB

Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verib.
O bildirib ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib: "Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır".
***
Müdafiə Nazirliyi bütün kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Müdafiə Nazirliyindən verilən müraciətdə deyilir:
"Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın! Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir".
***
"Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir".
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Regionda təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir.
Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır.
Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır", - məlumatda qeyd edilib.
***
"Ermənistan tərəfinin Basarkeçər rayonu istiqamətində Azərbaycana məxsus hərbi təyyarənin guya məhv edilməsi ilə bağlı yaydıqları məlumat yalandır və dezinformasiya xarakteri daşıyır", - Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.
Qeyd edək ki, erməni tərəfinin təxribatından sonra Laçın və Kəlbəcər istiqamətində şiddətli döyüşlər başlayıb.
***
Erməni Teleqram kanallarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədinin Gorus rayonu istiqamətində atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə təxribat məqsədilə yayılan məlumatın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır.
***
Azərbaycan Müdafiə Nazirliyi Laçın və Kəlbəcər istiqamətində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində baş verən silahlı toqquşma ilə bağlı açıqlama yayıb.
Qafqaz.media xəbər verir ki, açıqlamada deyilir:
"Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.
Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır.
Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi.
Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır.
Ermənistan bu kimi əməlləri ilə eləcə də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.
Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
***
Bu dəqiqələrdə Ermənistan Silahlı Qüvvələri Laçın və Kəlbəcər istiqamətində genişmiqyaslı təxribata əl atıb.
"Caliber" xəbər verir ki, Azərbaycan Ordusu cavab tədbirləri görür. Hazırda şiddətli atışma gedir.