PAŞİNYAN YENƏ TƏXRİBATÇI BƏYANAT VERDİ - Separatçıların hərəkətlərini dəstəklədi

Baxış sayı:
1710

Vətən Müharibəsində kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan rəhbərliyi təxribatçı bəyanatlar verməkdə davam edir. 1991-ci il sentyabrın 2-də erməni separatçıların "dağlıq Qarabağ"ın müstəqilliyini" elan etməsinin 31-ci ildönümü ilə bağlı Ermənistan baş naziri Paşinyanın bəyanatını da bu qəbildən saymaq  olar. 

"Turan"-ın məlumatına görə, bu gün geniş bəyanat yayan Paşinyan sepatatçıların hərəkətlərə bəraət qazandırıb., həmin qərarı "Arsax ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin zəmanəti" adlandırıb .O iddia edib ki, "arsax" ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri və müvafiq olaraq "dağlıq Qarabağın" "statusu" məsələsi həll olunmadan probleminin həlli haqqında heç bir bəyanat əhəmiyyət kəsb etmir. 

"Bu məsələnin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv edilməmiş mandata malikdir", deyə Paşinyan sözünə davam edib.

O, beynəlxalq ictimaiyyəti "dağlıq Qarabağda etnik təmizləmələrə" imkan verməməyə çağırıb və "dinc, sivil yollarla" Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməyi vəd edib.

Öz növbəsində, Qarabağ separatçılarının lideri Araik Arutyunyan öz bəyanatında 2 sentyabr 1991-ci ili "tarixi gün" adlandırıb.

"31 il sonra Arsax xalqı əminliklə və qətiyyətlə bildirir ki, zamanın bütün sınaqlarına baxmayaraq, o, öz qərarına, seçdiyi dönməz yola sadiqdir. Arsax möhkəm dayanmalı, ermənilərə məxsus olaraq qalmalı və öz müstəqillik yolunu davam etdirməlidir", deyə o bildirib.

Bu bəyanatlar mahiyyətcə bir gün əvvəl Brüsseldə aparılan Əliyev-Paşinyan danışıqlarının məznununa ziddir. Bu görüşün əsas nəticəsi Ermənistan tərəfə Qarabağda qalan ermənilərin "müstəqilliyi" ideyasından əl çəkmək və İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etmək çağırışı olub.