SAXTA DİPLOMLU GENERAL… - Tofiq Hüseynov Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin diplomunu necə əldə edib?

Azərbaycanda bir çox məmurların diplomunun saxta olması haqda dəfələrlə müxtəlif qəzet və saytlarda yazılar dərc olunub. O cümlədən, zaman-zaman Muxalifet.az saytına da bu haqda müxtəlif mənbələrdən məlumatlar daxil olub.
Lakin təəssüflə qeyd edirik ki, hər dəfə bu faktlarla bağlı Təhsil Nazirliyinə müraciət ünvanlasaq da, sorğumuz cavabsız qalıb. Məsələn, sonuncu dəfə Azərbaycan Aqrar-ekologiya İnstitutu tərəfindən 1998-ci ildə Xəlilova Mahirə Ərşad qızına saxta diplom verildiyi iddiası ilə, peşə vəzifəmizə uyğun olaraq, nazirliyə müraciət etmişdik. Lakin Təhsil Nazirliyi nəinki bu saxtakarlıq iddiasını araşdırmaqda maraqlı olmuş, əksər hallarda olduğu kimi, yenə də sorğumuza cavab verməyi özünə "sığışdırmamışdı".
Əlbəttə, Azərbaycan təhsil sektorunda kifayət qədər saxtakarlığın olduğu, diplomların, elmi işlərin satın alındığı kimsəyə sirr deyil. Yəni təhsildən xəbəri olmayan və pulla diplom alan insanların sayı son illər yetərincə artıb. Bu da təbii olaraq dövlət qurumlarında kifayət qədər qeyri-peşəkar və diletant kadrların sayının çoxalması deməkdir. Ölkə rəhbərliyi bu cür yarıtmaz kadrlara qarşı mübarizə aparsa da, təəssüflə qeyd etməliyik ki, bəzi qurumlar bu xoşməramlı missiyanın qarşısında sipərə çevrilirlər. Onlar nəinki saxtakarlığa qarşı mübarizə aparır, eyni zamanda təqdim edilən dəlilləri görməzdən gəlirlər.
Ortada konkret faktların olmasına baxmayaraq, müvafiq qurumların, o cümlədən Təhsil Nazirliyinin bu faktlar qarşısında susqunluq nümayiş etdirməsi onu göstərir ki, nazirlik də baş verən saxtakarlığa şərikdir.
Bəli, Təhsil Nazirliyi tərəfindən bəzi hallarda diplomların saxta olması gündəmə gətirilir və quru statistika da göstərilir. Lakin indiyədək bir dəfə də olsun saxta diplomu verən qurumların, şəxslərin cəzalandırılması faktı ilə qarşılaşmamışıq. Ümumi şəkildə deyirlər ki, 2 min nəfərin diplomu saxtadır. Amma bu şəxslərin kimliyinin ictimaiyyətə açıqlanmaması ilə yanaşı, onların vəzifədən çıxarılması haqda da hər hansı informasiyanın şahidi olmamışıq.
Beləliklə, Muxalifet.az-a daxil olan daha bir saxta diplom iddiası ilə bağlı dəyərli oxucularımıza məlumat verək. Ən maraqlısı isə odur ki, bu şəxs sıradan bir vətəndaş, orta vəzifəli bir məmur deyil, general-mayordur. Söhbət 1 fevral 1974-cü ildə Ermənistan SSR, Krasnoselsk rayonu, Ardanış kəndində anadan olan general-mayor Tofiq Hüseynovdan gedir. Onunla bağlı faktları təqdim etməzən öncə, Wikipediya-ya istinadən general-mayorun həyat yolu ilə oxucularımızı qısaca tanış edək:
1992-1993-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.
1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
1997-2003-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında sərhəd zastavası rəisinin müavini, sərhəd zastavası rəisi, sərhəd komendantlığının komendantının müavini – qərargah rəisi vəzifələrində çalışıb.
2003-2008-ci illərdə Dövlət Sərhəd Xidmətində baş zabit, çevik hərəkət taborunun komandiri vəzifələrində xidmət edib.
2008-2017-ci ilə kimi DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin Qərargahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin əməliyyat şöbəsində baş zabit, hərbi hissə komandirinin tərbiyə işləri üzə müavini və hərbi hissə komandiri vəzifələrində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 yanvar tarixli 2632 nömrəli Sərəncamı ilə DİN-nin Daxili Qoşunları Qərargahı rəisinin 1-ci müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2018-ci il tarixli 3681 nömrəli Sərəncamı ilə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə təyin olunub.
Azərbaycan prezidentinin 10 mart 2010-cu il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, 11 mart 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
İkinci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
09 mart 2018-ci ildə “general-mayоr” hərbi rütbəsinə yüksəlib.
Bütün bunlar öz yerində. Bəlkə, Tofiq Hüseynovun keçdiyi yol hər kəsə cəzbedici görünə bilər. Lakin çox təəssüflə qeyd etməliyik ki, onun bu yolda bir sıra saxtakarlığa imza atdığı, o cümlədən diplomunun saxta olduğu haqda faktlar mövcuddur. Belə ki, əslində, T.Hüseynovun Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil almadığı, sadəcə, müxtəlif yollarla bu məktəbin diplomunu əldə etdiyi bildirilir. Mənbəmiz onun saxta olduğunu iddia etdiyi diplomunun şəklini, hətta qiymət cədvəlinin sürətini də redaksiyamıza təqdim edib. Həmin fotoları dəyərli oxucularımıza təqdim edirik:
Oxucularımızın diqqətinə çatdıraq ki, bu iddialarla bağlı general-mayorun mövqeyini öyrənməyə çalışsaq da, bu, mümkün olmadı. Həmçinin, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə göndərdiyimiz sorğu da cavabsız qaldı.
O ki qaldı T.Hüseynovun Bakı Ali Birləşmiş Komandanlıq Məktəbindən sonra Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirməsi haqda məlumatlara, zənnimizcə, bu barədə də araşdırma aparmağa ehtiyac var. Çünki, mənbə deyir ki, Tofiq Hüseynov diplomu saxta olduğundan, Naxçıvan Dövlət Universitetində təkrar təhsil almışdır. Lakin o, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirsə də, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin diplomu saxta olduğundan, T.Hüseynov illərdir ikinci təhsili ilə bağlı diplom əldə edə bilmir.
Muxalifet.az
P.S. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
P.P.S. Dəyərli oxucuların diqqətinə onu da çatdıraq ki, Daxili İşlər orqanlarının digər saxta diplomlu vəzifəli şəxslərinin kimliyi barəsində də oxucularımıza geniş məlumat verəcəyik. Bizi izləyin!