Rusiya Şimali Koreyadan silah istəyir - BLOOMBERG

“İrandan pilotsuz təyyarələrin alınması ilə bağlı razılaşmadan sonra Rusiya Şimali Koreyadan silah ala bilər”.
Qafqaz.media xəbər verir ki, “Bloomberg” bu barədə Rusiyanın müdafiə siyasəti haqda bilgili mənbəyə istinadən yazır. İddia olunur ki, artıq Şimali Koreya artilleriyasının alınmasından danışmaq olar.
Mənbənin sözlərinə görə, bu sistemlər yüksək keyfiyyətdədir.
Bundan əlavə, Pxenyanla Moskva arasında “DXR” və “LPR”in tanınması və Ukraynanın işğal olunmuş ərazilərində səfirliklərin açılması ilə bağlı danışıqlar aparır.
Rusiya Ali İqtisadiyyat Məktəbinin hərbi eksperti Vasili Kaşin qeyd edir ki, Şimali Koreyanın silahları bəzi hallarda Rusiya silahlarından daha yaxşıdır: “Məsələn, Şimali Koreyanın uzaqmənzilli raket sistemləri (MLRS) Rusiyada olanlardan daha güclüdür”.
Rusiya müharibədə itirilmiş texnikanı əvəz etmək üçün silah tədarükçüləri axtarmağa məcburdur. Qərb kəşfiyyatının məlumatına görə, Ukraynadakı savaşın ilk beş ayında Rusiya ordusu tanklarının üçdə birini itirib və iyun ayında 50-dən çox yaşı olan T-62-ləri cəbhəyə göndərmək məcburiyyətində qalıb.
“The New York Times” qəzetinin Qərb rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ və Avropanın sanksiyaları Rusiyanın bir sıra müdafiə zavodlarında istehsalı yavaşlatmağa və ya dayandırmağa məcbur edib. Onların fikrincə, komandanlıq artıq raketlərə qənaət etmək məcburiyyətindədir: "Rusiya getdikcə daha yavaş hərəkət edən konvoyları vurur, silah anbarları kimi stasionar hədəflərə üstünlük verir".
Bundan əlavə, Qərb kəşfiyyat məlumatlarına istinad edən “Bloomberg” öz mənbələrinə istinadən onu da xəbər verir ki, silah axtarışı Rusiyanı Suriyaya da aparır və Bəşər Əsəd rejimini dəstəkləmək üçün oraya göndərilən texnika artıq gəmilərlə çıxarılır.