“Sabunçu Polis İdarəsində oğluma ağır işgəncə verib, törətmədiyi cinayəti zorla boynuna qoymaq istəyirlər” – GÖYÇAY SAKİNİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT

Baxış sayı:
4445

Göyçay rayonu, Şıxbəy kənd sakini Məcidova Pakizə Piri qızı tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Oğlu Orxanın günahsız olaraq həbs olunduğunu iddia edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Bu şikayətimdə yazıb bildirirəm ki, övladım Məcidov Orxan Eldar oğlu Sabunçu Rayon Polis İdarəsi tərəfindən şərlənərək həbsə atılıb. Hansı ki, oğlum Orxanın heç bir cinayət törətmədiyini, şərlənərək həbsə atılmasını təsdiq edən konkret və mötəbər subutlar var. Buna baxmayaraq, Orxana ağır işgəncə verib, törətmədiyi cinayəti zorla boynuna qoymaq istəyirlər.
Belə ki, oğlum Orxan Bakı şəhəri Sabunçu rayonunda yerləşən "İvanovka" adlı kafedə işləyirdi. Onunla həmin kafedə işləyən Xəlilova Aysel İsimxan qızının övladı Məryəm ora tez-tez gəlirdi. O, anasının əxlaqsız hərəkətlərindən bezdiyi üçün oğlum Orxana deyib ki, rayona evinizə getsən, məni də özünlə apar, mən bezmişəm, əks halda körpüdən qatarın altına atıb özümü öldürəcəm. Oğlum Orxan vaksinasiya olunmaq üçün Göyçaya - evimizə gələndə Məryəm onunla məcburi şəkildə gəlib.
Hətta Məriyəmin anası mənə zəng edib dedi ki, qızım Orxanla sizə gedib, onları apar mollaya kəbinlərini kəsdir. Mən ondan Məryəmin yaşını soruşanda dedi ki, 8-ci sinifdə oxuyur, 14 yaşının içindədir. Mən ona dedim ki, ay xanım, sən dəlisən-nəsən, 14 yaşlı uşaqla kəbin kəsmək olmaz. Buna görə, Məryəmin anası tez gedib Sabunçu Rayon Polis İdarəsinə şikayət edib ki, Məcidov Orxan azyaşlı qızımı aparıb, onun bakirəliyini pozub. Buna görə 03 oktyabr 2021-ci il tarixdə oğlumu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları gəlib həbs edib, aparıb ona ağır, dözülməz işgəncələr veriblər. Məqsədləri o olub ki, oğlum Orxan desin ki, azyaşlı Məryəmin bakirəliyini pozub. Oğlum etmədiyi cinayəti boynuna almayıb. Ekspertiza keçirilib və Məryəmin bakirə olması təsdiq olunub.
Bundan sonra böhtanın keçə bilməyəcəyini görən polislər əxlaqsız Aysel Xəlilova ilə əlbir olub, oğlum Orxanın azyaşlı Məryəmə qarşı əxlaqsız hərəkətlər etməsini qeyd ediblər.
Qeyd edim ki, azyaşlı Məryəm bizdə qaldığı müddətdə mənim yanımda olub, mənimlə bir yerdə yatıb, mən onu balam kimi 2 gün evimizdə saxlamışam. Əxlaqsız Aysel Xəlilovanın məqsədi azyaşlı qızı Məryəmi oğlum Orxana ərə vermək olmuş, mən buna qarşı çxdığım üçün övladımı şərləmişdir.
Hətta bizdə olduğu müddətdə azyaşlı Məryəm öz xətti ilə yazıb bildirmişdir ki, ailəmizdəki problemlərdən bezmişəm, buna görə mən Sabunçu rayonunda yerləşən qırx pilləkən körpüsündən özümü atmaq istəyirdim. Sonra Orxana zəng edib dedim ki, məni özünlə evinizə aparmasan intihar edəcəyəm. Orxan mənə söz verdi ki, səni ailəmin yanına aparacam. Mən özüm gəlmişəm, Orxan mənə qarşı heç bir tərbiyəsizlik etməyib, o, mənə bacısı kimi yanaşıb, münasibət göstərib.
Sabunçu RPİ həmin əlyazmanı subut kimi qəbul etmək istəmir. Məqsəd nəyin bahasına olur-olsun oğlum Orxana qarşı qondarma ittihamı həyata keçirib, onu məhkum etdirməkdir.
Qeyd edim ki, Xəlilova Aysel İsimxan qızı əxlaqsızlıqla məşğul olur. Onu Sabunçu Rayon Polis İdarəsi açıq-aşkar himayə edir.
Ayselin məqsədi qızını oğlum Orxana ərə vermək olmuşdur, ancaq mən buna qarşı çıxdığım üçün polislərlə əlbir olub, oğlumu şərlədərək həbsə atdırmışdır.
Oğlumun barəsində qanunsuz açılmış cinayət işi saxtakarlıqla istintaq edilir, ona ağır işgəncə veriblər.
Oğlum Orxan xəstəlikdən əziyyət çəkir. Buna görə o, uzun illərdir ki, 2-ci qrup əlildir. Həyat yoldaşım onkoloji xəstədir, kiçik oğlumda əlildir. Bizim ailəyə qarşı edilən bu qanunsuzluq vəzifə cinayətidir.
Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, Baş prokuror cənab Kamran Əliyevdən və Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm, şərlənərək həbsə atılmış oğlum Orxanın barəsində açılmış cinayət işinin istintaqının obyektiv aparılmasını təmin edib, onun həbsdən azad olunmasına köməklik göstərəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.