“Nizami rayon Polis idarəsinin məlumatı həqiqətə uyğun deyildir...” - PROFESSOR OĞLUNDAN DİN RƏHBƏRİNƏ MÜRACİƏT

Baxış sayı:
7154

Badamdar yolu küçəsi, ev 28 ünvanında yaşayan Şükürov Azad Sadiq oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab nazir!
Mən, Azərbaycan Respublikası Bədən Tərbiyə Akademiyasının məzunu, veteran idmançı, idman ustasıyam, vaxtilə dövlət qulluğunda xidmət etmişəm və Yeni Azərbaycan Partiyasının üzvüyəm.
Atam Şükürov Sadiq Cəfər oğlu Filologiya elmləri doktoru, professor olub. O, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında ilk dəfə olaraq “Millət atası” adlı kitab yazmaqla yanaşı, ulu öndərin həyat və yaradıcılığı ilə bağlı bir çox məqalə və monoqrafiyaların müəllifidir. Atam, həmçinin, filologiya və pedaqogika haqqında məqalə və monoqrafiyaların və Gəncə xanı Cavad xan haqqında tarixi araşdırmalara dair kitabların müəllifidir.
Ailəmiz ziyalı ailədir.
Sizə şikayət yazmaqla bildirmək istəyirəm ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 05.09.2023-cü il, 2(011)-3181/2023 saylı qətnaməsinə əsasən, Süleymanova Sabrina Cavidovnadan 2070 manat 64 qəpik  pul vəsaitinin alınaraq mənə verilməsi qət edilmişdir.
Məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsindən ötrü cavabdehin faktiki yaşayış yeri üzrə Bakı şəhər Nizami rayon İcra şöbəsinə göndərilmişdir.
Cavabdeh Sabrina Süleymanova icra sənədini icra etməkdən yayındığı üçün  onun barəsində axtarış qərarı qəbul edilərək, icrası Bakı şəhər Nizami rayon Polis idarəsinə həvalə edilmişdir. Lakin Nizami rayon Polis idarəsi axtarış qərarına səthi və laqeyd yanaşmış və sonda Nizami rayon İcra şöbəsinə məlumat vermişdir ki, guya borclunun axtarışı nəticə verməmişdir.
Nizami rayon Polis idarəsinin bu məlumatı həqiqətə uyğun deyildir.
Belə ki, borclu Sabrina Süleymanova formal olaraq Quba rayonunda qeydiyyatında olsa da, lakin faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N. Abdullayev küçəsi, ev 4/24 ünvanında hal-hazıradək ailəsi ilə birlikdə yaşayır.
Bu faktı Nizami rayon Məhkəməsinin 12.02.2024-cü il tarixli, 3(007)-1047/2024 saylı qərarı da təsdiq edir. Həmin qərarda Sabrinanın faktiki yaşayış yeri Nizami rayonu, Keşlə qəsəbəsi qeyd edilmişdir.
Lakin Nizami rayon Polis idarəsinin əməkdaşları onun yaşadığı həmin ünvanına getməmişlər. Əgər getsəydilər, borclunu həmin ünvanda tapa bilərdilər.
Beləliklə, Nizami rayon Polis idarəsinin ona həvalə edilmiş tapşırığı layiqincə yerinə yetirməməsi nəticəsində Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsi icra edilə bilməmişdir. 
Yuxarıda göstərdiklərimə əsasən Sizdən xahiş edirəm ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N. Abdullayev küçəsi, ev 4/24 ünvanında yaşayan Süleymanova Sabrina Cavidovnanın tutularaq Nizami rayon İcra Şöbəsinə təhvil verilməsinə göstəriş verəsiniz”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.