​Nazir müavini: Direktorların bunu etməsi yolverilməzdir

Baxış sayı:
6184

Direktorların istər məktəbli formasının, istərsə də digər ləvazimatların alınması ilə bağlı valideynlərə hər hansı bir tələb qoyması yolverilməzdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva bəzi məktəblərdə direktorlar tərəfindən məktəbli formalarının konkret ünvanlardan alınması ilə bağlə valideynlər qarşısında tələblər irəli sürməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Nazir müavini bildirib ki, bu kimi məlumatlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan kimi qanunauyğun olaraq müvafiq addımlar atır.
“Heç bir məktəb rəhbərinin valideynə məktəbli formasının alınması ilə bağlı tələb irəli sürmək səlahiyyəti yoxdur. Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsinə əsasən, şagirdlər məktəbə məktəbli formasında gəlməlidirlər. Formanı məktəb özü müəyyənləşdirir, lakin onu əldə etməklə bağlı valideynlərə azad seçim imkanı yaradır. Valideynlərə müraciət edərək bildiririk ki, istər məktəbli forması, istərsə də digər məktəbli ləvazimatlarının alınması ilə bağlı məcburiyyət tətbiq edilsə, Təhsil Nazirliyinin 146 Qaynar xəttinə, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər”.