Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub - ŞOK SƏBƏB

Baxış sayı:
5907

ReAL Partiyasının icra katibi Natiq Cəfərli ölkədən çıxışına qadağa qoyulduğunu söyləyir. O, "Azadlıq" radiosuna müsahibəsində deyib ki, Səbail rayon məhkəməsi sentyabrın 19-da belə qərar qəbul edib. "Sentyabrın 19-da məhkəmə olub, lakin mənim bu barədə xəbərim olmayıb. Məhkəmə prosesi barədə məktub mənə bu gün, sentyabrın 28-də gəlib". N. Cəfərlinin vurğulamasına görə, ölkədən çıxışına qadağa qoyulmasına səbəb Vergilər Nazirliyinin məhkəməyə müraciətidir: "Nazirlik iddia edir ki, 2014-cü ildən mənim 2072 manat vergi borcum var. Halbuki, 2016-cı ildə həbsdən bir neçə ay öncə Vergilər Nazirliyi yoxlama aparıb və mənə borcum olmaması barədə arayış verib. Daha sonra həbs olundum və köhnə tarixlə mənə borc yazdılar. Bir aylıq həbsdən çıxandan sonra iş bağlandı və bu barədə aktı mən Vergilər Nazirliyinin departamentinə təqdim etdim". N. Cəfərli hesab edir ki, son zamanlar beynəlxalq tədbirlərdə onun aktiv iştirakı və bir çox məsələlərdə ciddi tənqidi mövqedən münasibət bildirməsi kiminsə xoşuna gəlməyib: "Ona görə də mənə məlumat vermədən, məhkəməyə dəvət etmədən tez qərar verdilər". ReAL üzvü öz həbsini da istisna etməyib: "Çünki vergi borcumu 2 min manatdan çox yazıblar. Bu da qanunvericiliyə görə, cərimə ilə yanaşı həbs də nəzərdə tutur". N.Cəfərli yaxn günlərdə sözü gedən qərardan apellyasiya şikayəti verəcəyini qeyd edib. Onun bu dediklərinə, hələlik, Vergilər Nazirliyi və istintaqı aparmış Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb. Natiq Cəfərli 2016-cı ilin avqustun 13-də Nəsimi Rayon Məhkəməsində axşam keçirilən iclasda qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunaraq 4 ay müddətinə həbs edilmişdi. ReAL ittihamları rədd edərək həbsin siyasi motivli olduğunu açıqlamışdı. Həmin ilin sentyabrın 9-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv olunub və o, azadlığa buraxılıb. Daha sonra barəsində başlanan cinayət işinə xitam verildiyi açıqlanıb. Rəsmilər isə ölkədə siyasi motivli həsbslərin olması ilə bağlı deyilənləri əsassız hesab edirlər./Turan