Müxalifətçi yazar döyülüb - Naməlum şəxslər ona hücum edib...

Baxış sayı:
1357

Müxalifet.az saytının əməkdaşı və ADP üzvü Səbuhi İsmayılov üç gün öncə axşam saatlarında evə gedərkən naməlum şəxslərin hücumuna məruz qalaraq döyülüb. Döyülmə nəticəsində hüşsuz vəziyyətə düşən S.İsmayılovu Suraxanı rayonun ucqar ərazisində yol kənarında oradan keçən insanlar görərək, ona köməklik göstəriblər. Həmin insanlar tərəfindən xəstəxanaya çatdırılan S.İsmayılova ilkin tibbi yardım göstərilmiş, döyülmə nəticəsində diz qapağı sındığından, dünən onun diz qapağında cərrahi əməliyyat aparıldığı bildirilir.
Məlum olub ki, S.İsmayılov hakimiyyəti tənqid edən yazısına görə naməlum şəxslərin hücumuna məruz qalıb. Belə ki, S.İsmayılov axşam saatlarında yaşadığı ünvana gələrkən tanımadığı 3 nəfər naməlum şəxs ona yaxınlaşaraq, nəyə görə mətbuatda dövlətin və dövlət rəsmilərinin ünvanına tənqidi yazılar yazdığını, insanlar arasında dövlətə qarşı nifrət oyatdığını soruşmuşlar. S.İsmayılov mətbuatda dövlətin deyil, hakimiyyətin əleyhinə yazılar yazdığını deyərək, ölkədə baş verən ictimai-siyasi hadisələrlə bağlı mövqe bildirmək və yazı yazmaq onun hüququ olduğunu, buna görə kiməsə hesabat verməli olmadığını bildirmiş.
Bundan sonra həmin şəxslər S.İsmayılovu nalayiq ifadələrlə təhqir ediblər. Onların bu hərəkətlərinə reaksiya verən jurnalistə qarşı həmin şəxslər hücum edərək, onu döyməyə başlamışlar. Bu zaman onun təmsil olunduğu təşkilatı və rəhbərliyini təhqir edərək bildiriblər ki, “mətbuatda hakimiyyətin ünvanına sərt yazılarını davam etdirəcəyi və insanlar arasında hakimiyyətə qarşı nifrət hissi aşılayan məqalələri yazacağı halda başına oyun açacağıq”. Hətta onu da deyiblər ki, “digər dostların kimi səni də şərləyib türməyə soxacağıq, hansısa dövlət orqanına şikayət etməyin də səni xilas etməyəcək”.
Şübhə yoxdur ki, S.İsmayılova qarşı törədilən zorakılıq hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki son zamanlar mövcud rejim tərəfindən müxalifət düşüncəli insanlara və azad söz sahiblərinə qarşı bu cür iyrənc metodlardan istifadə edilməsi intensiv xarakter alıb.
Paradoksal haldır ki, bir sıra beynəlxalq təşkilatların Azərbaycan hökumətini ölkədə siyasi islahatlara çağırdığı bir zamanda, hakimiyyət siyasi motivli həbsləri davam etdirir, müxalif düşüncəli insanları və azad söz sahiblərini davamlı olaraq təqiblərə, təzyiqlərə, zorakılıqlara və diskriminasiyaya məruz qoyur.
 
Muxalifet.az