MÜXALİF PARTİYA SOÇİ GÖRÜŞÜ İLƏ BAĞLI ƏLİYEVƏ MÜRACİƏT ETDİ – “Ərazi bütövlüyümüzü, suverenliyimizi təhdid edən təklifləri neytrallaşdırın...”

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiya prezidenti V.Putinin “Valday” görüşündə Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının təklif etdiyi sülh sazişinin alternativi kimi, üçtərəfli 10 noyabr 2022-ci il tarixli sazişinin ruhuna zidd olaraq və Azərbaycanın suverenliyini kölgə altına salan yeni təkliflə çıxış etməsi məsələsinə münasibət bildirib.
Qeyd edilib ki, bu cür yanaşma Avropa İttifaqının təklif etdiyi və hər iki ölkənin mənafeyinə nisbətən uyğun olan təklifin əleyhinə yönəlməklə Rusiyanın Cənubi Qafqazda itirilmiş nüfuzunun bərpasına, münaqişə vəziyyətinin qalıcı olmasına, Qarabağda yerləşdirilən “sülhməramlı” kontingentin ərazilərimizdə daha uzunmüddətli qalmasına hesablanmış bir çıxışdır və Azərbaycan tərəfi heç bir vəchlə bu təklifləri qəbul etməməlidir.
V.Putinin addımının arxasında bu günə keçirilməsi nəzərdə tutulan Soçi görüşündə Azərbaycana qarşı göstərəcəyi siyasi təzyiqlərin durduğuna diqqət çəkən partiya yetkililəri, bu ərəfədə Rusiyanın təkidi ilə Xankəndində çoxsaylı mitinqin təşkil edilməsinin də bu plana daxil edildiyini qeyd edib və ölkə başçısını bu görüşdə 44 günün zəfərinə kölgə salmamağa, ərazi bütövlüyümüzü, suverenliyimizi təhdid edən təklifləri neytrallaşdırmağa çağırıb.
İdarə Heyəti İranda başlayan xaotik hadisələrin getdikcə məcradan çıxmasından, İran güc qüvvələrinin qadağan olunmuş üsullarla aksiya iştirakçılarına hədsiz zorakılıqlar göstərməsindən, soydaşlarımıza qarşı yeridilən ayrı-seçkilik siyasətinin daha amansız forma almasından ciddi narahat olduğunu diqqətə çəkib və hakimiyyətin soydaşlarımızın hüquq və azadlıqlarının pozulması ilə bağlı sərgilədiyi rəsmi mövqeyi dəstəkləməklə bundan sonra da İranın bu mürtəce siyasətinin faş olunması, soydaşlarımızın beynəlxalq səviyyədə hüquqlarının müdafiə edilməsi istiqamətində səylərini artırmağa çağırıb.
Toplantının sonunda partiyanın cari fəaliyyəti ilə bağlı da bir sıra məsələlərlə bağlı qərarlar qəbul olunub.
Muxalifet.az