Müxalif partiya Rusiya hərbçilərinin Qarabağdan çıxarılmasını tələb edir – BƏYANAT

Baxış sayı:
2500

Azərbaycan Demokrat Partiyası “8 Noyabr - Zəfər Günü” münasibətilə bəyanat qəbul edib. Muxalifet.az xəbər verir ki, bəyanatda deyilir:
ADP bildirir ki, Vətən Müharibəsinin parlaq qələbə ilə başa çatması torpaqlarımızın 30 ilik işğalına son qoymuş, xalqımızın və millətimizin üzərində uzun illər mövcud olan məğlubiyyət kompleksini aradan qaldırmışdır. Bu qələbə həmçinin İslam və Türk dünyasının son yüz ildə əldə etdiyi tarixi qələbədir, bu qələbənin təkcə regional deyil, həm də mühüm qlobal nəticələri vardır.
Azərbaycan Ordusu bu müharibədə ən müasir hərbi texnologiyalara əsaslanan 5-ci nəsil müharibə nümunəsini göstərərək dünyanın ən nüfuzlu ordularına misal ola biləcək bir müharibə təcrübəsini ortaya qoydu. Eyni zamanda Azərbaycan bu müharibədə təkcə Ermənistana deyil, uzun illər ərzində Ermənistana hərbi, siyasi və mənəvi dəstək verən dövlətlərə və beynəlxalq təşkilatlara da qalib gəlmiş oldu.
ADP 44 günlük Vətən savaşında qardaş dövlətlər – Türkiyə və Pakistanın, habelə İsrail, Ukrayna, Gürcüstan və digər haqpərvər dövlətlərin Azərbaycana dəstək verməsini yüksək dəyərləndirdiyi bildirir, haqq işimizi müdafiə etmiş bütün dövlətlərə bir daha dərin minnətdarlığını ifadə edir.
ADP hesab edir ki, hazırda separatizmin və qeyri qanuni silahlı birləşmələrin hökm etdiyi və Rusiyanın “sülhyaratma missiyyası” adı altında qeyri rəsmi işğalı altında olan Xankəndi iqtisadi bölgəsinin azad edilməsi və Azərbaycanın suverenliyinin orada bərqərar edilməsinin vaxtı gəlib çatmışdır. ADP ümid edir ki, qəhrəman Azərbaycan Ordusu xalqımızın yaxından dəstəyi ilə bu vəzifənin də öhdəsindən layiqincə gələcəkdir.
ADP İran, Rusiya və Fransanın ərazimizdə erməni separatçılığını açıq aşkar dəstəklənməsini, separatçılara qeyri qanuni silah-sursat verməsini qətiyyətlə pisləyir, bunu bölgədəki sülh və sabitlik üçün real təhlükə kimi dəyərləndirir.
ADP bütün siyasi qüvvələri, ictimai təşkilatları və bütövlükdə Azərbaycan xalqını Xankəndi iqtisadi bölgəsinin separatçılardan  təmizlənməsi və bu bölgənin Azərbaycanın suverenliyinə qaytarılması məsələsində yekdil olmağa, dövlətimizin və ordumuzun yanında durmağa çağırır.      
ADP Xankəndindəki Rusiya hərbi kontingentinin dərhal oradan çıxarılaraq öz ölkələrinə yola salınmasını vacib hesab edir və bir daha qeyd edir ki, ərazimizdə rus hərbi qüvvələrinin aktiv dəstəklədiyi erməni separatizmi və terrorunun kökü kəsilmədikcə hər hansı sülhdən danışmaq mümkün deyildir.
ADP Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən Şəhidlərə Allahdan rəhmət, qazilərimizə can sağlığı, eyni zamanda bu gün Azərbaycana xidmət edən əsgər və zabit heyətinə millətimizin və xalqımızın azadlığı naminə bundan sonra da böyük əzmkarlıq arzulayır.
ADP “8 noyabr – Zəfər Günü” münasibəti ilə bir daha Azərbaycan xalqını, millətimizi, Türk və İslam dünyasını təbrik edir.
Muxalifet.az