Müxalif partiya Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsinə etiraz etdi – BƏYANAT

Baxış sayı:
3649

Azərbaycan Demokrat Partiyası Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə barədə bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a daxil olan məlumata əsasən, bəyanatda deyilir:
ADP Fransa Senatının, bu ölkədə qərarlaşan erməni diasporu və onun havadarlarının maliyyə dəstəyi ilə Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni qətiyyətlə rədd edir və Fransa hakimiyyətinin ölkəmizə qarşı düşmən münasibətindən hiddətləndiyini bildirir. Tarixin ayrı-ayrı dönəmlərində bir çox ölkələri amansız müstəmləkə girdabında saxlayan, kütləvi qətllərə imza atan, xalqların azad ruhunu, istiqlaliyyət duyğusunu istismar edən, törətdiyi qətllərin arxasınca insanı dəhşətə gətirən kütləvi məzarlıqlar buraxan bir ölkənin Senatı, tarixin heç bir dönəmində başqa ölkələrin doğal haqqına girməyən, müstəmləkədə, təcavüzdə, qətliamlarda əli olmayan bir ölkəni, guya Ermənistanın müstəqilliyini, suverenliyini pozmaqda, erməni xalqına qarşı təcavüz etməkdə suçlayır və ölkəmizə qarşı biabırçı bir qətnaməyə imza atır. Əslində bu bədnam qətnamə Fransanın 30 il ərzində ərazilərimizi işğalda saxlayan, işğal, ilhaq etdiyi ərazilərdə daşı daş üstə qoymayan, xalqımızın o ərazilərdə min illərdən bəri formalaşan milli, mədəni irsini alt-üst edən, milyonlarla insanı dədə-baba yurdundan zorla köç etdirən, zəngin, gözəl, abad şəhər və kəndlərimizi xarabalığa çevirən təcavüskar Ermənistanı açıq şəkildə müdafiə etməkdən, onun heç bir beynəlxalq normaya uyğun gəlməyən təcavüskarlığına bəraət qazandırmaqdan başqa bir şey deyil. Demək, 30 illik susqunluğun, ATƏT-in Minsk Qrupuna həmsədrlik dövründə erməni dəyirmanına su tökməyin arxasında onun bu gün ortaya çıxan məkrli planının durduğu bəlli olur.
ADP Fransanın məhz hazırkı şəraitdə bu qətnaməni qəbul etməsinin siyasi kökündə hansı əndişələrin durduğunu anlayır. Azərbaycanın ikinci Vətən savaşında əldə etdiyi zəfər, ATƏT-in Minsk Qrupu kimi amorf strukturun yararsız fəaliyyətinin tarixin zibilliyinə atılması, Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyi istiqamətində atdığı qətiyyətli addımlar, qüdrətli ordumuzun hərbi-texniki hazırlığının dünya standartları səviyyəsinə qaldırılması, cüzi istisnalar olmaqla Qarabağın defakto yurisdiksiyamıza daxil edilməsi, qardaş Türkiyə ilə hərbi, siyasi, mədəni əlaqələrin ən yüksək müttəfiqlik həddinə çatdırılması, Türk Dövlətlər Təşkilatının getdikcə regional gücə çevrilməsi və digər önəmli gəlişmələr erməni ruhunda köklənmiş Fransa hakimiyyətini narahat etməyə bilməz. Məhz buna görə də Fransa bu uğurların qarşısını almaq, Cənubi Qafqazda zəifləyən nüfuzunu bərpa etmək, Ermənistanı türk dövlətlərinə qarşı plasdarma çevirmək kimi məkrli oyunlarını işə salır.
ADP Fransanın bu addımının parlament səviyyəsində müzakirə edilməsini, Milli Məclis üzvlərinin adı çəkilən dövlətin ölkəmizə, bütövlükdə türk və müsəlman dünyasına qarşı yönəlmiş qərarlarını yekdilliklə rədd etməsini, Fransa ilə bütün sferalarda əlaqələrimizə yenidən baxılması təkliflərini təqdir edir və ölkə əhalisini, özəlliklə ayrı-ayrı partiya və ictimai təşkilatların Fransanın bu mənfur qərarına kəskin münasibət bildirməyini vacib hesab edir.
ADP hakimiyyəti vaxtı ilə Azərbaycan türklərinin parçalanmasında aktiv rol oynayan Fransanın antitürk mövqeyini unutmamağa, hazırkı şəraitdə onun ərazisində yaşayan və tarixi haqlarını bərpa etmək üçün xüsusi status tələb edən bir sıra xalqların hüququnu tanımağa çağırıb.
ADP həmçinin bütün sülhsevər dövlətləri, beynəlxalq təşkilatları, dünyaya böyük siyasi, mədəniyyət xadimləri bəxş edən Fransa xalqını, Fransanın heç bir beynəlxalq hüquq və prinsipə uyğun gəlməyən, əksinə sabitliyə doğru ilkin kövrək addımlarını atmağa başlayan Cənubi Qafqazda müharibə ocağını körükləyən, regionda eləcə də dünyada sülhün, təhlükəsizliyin pozulmasına yönələn hərəkətlərinin qarşısın almaq üçün yekdillik nümayiş etdirməyə, bu yanlış qətnaməni dəf etməyə çağırıb.
Muxalifet.az