“Müharibə bir az da davam etsəydi biz nəinki Stepanakerti (Xankəndi), Martuni (Xocavənd) və Əsgəranı da itirəcəkdik, ardınca kollaps baş verəcəkdi...” - NİKOL PAŞİNYANIN ETİRAFI

Baxış sayı:
1948

Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiyanın rəhbərliyi ilə Qarabağa dair əldə edilən razılaşma erməni qoşunlarının mühasirəyə alınmasının və kollapsının (tam darmadağın edilməsinin) qarşısını aldı.

“Hərbi əməliyyatların davam etməsi halında Stepanakertin (Xankəndi) itirilməsi təhdi yaranacaqdı. Baş qərargah mənə məruzə etdi ki, resurslarla bağlı bizim problemlərimiz var. Və Artsaxın (Dağlıq Qarabağa verilən qondarma ad) siyasi rəhbərliyi də bu mövqeyi bölüşdü. İmzalanmış sənəd sayəsində biz hərbi əməliyyatların davam etməsi halında əldə edə bilməyəcəyimizi qazandıq. Stepanakert mahiyyətcə tam müdafiəsiz qalmışdı. Əgər müharibə davam etsəydi erməni tərəfi nəinki Stepanakerti, eləcə də Martuni və Əsgəranı da itirəcəkdi. Bunun ardınca növbə ikinci, üçüncü, dördüncü müdafiə rayonlarına çatacaqdı və hərbçilər mühasirəyə düşəcəkdi. Nəticədə kollaps baş verəcəkdi. Məhz bu əsasla belə qərar qəbul edildi. Təsadüfi deyil ki, bu günlərdə hərbçilər ön xətdən videoroliklər göndərib qəbul edilən qərarı dəstəkləyirlər. Bu nə deməkdir? O deməkdir ki, onlar yerdə situasiyanı daha yaxşı başa düşürlər. Bütün həqiqət bax budur”, - Paşinyan özünün Facebook səhifəsində bildirib.