Müdafiə Nazirliyinin “Dayı” ləqəbli mühasibinə hökm oxundu - 3 aya azadlığa çıxır

Baxış sayı:
151

N saylı hərbi hissənin Maliyyə xidmət bölməsinin mühasibi işləmiş Alı Əliyevin iki ildir davam edən məhkəmə araşdırması başa çatıb.

Muxalifet.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Alı Əliyev Cinayət Məcəlləsinin hədə-qorxu tətbiq olunmaqla külli miqdarda rüşvət almaq maddəsi ilə təqsirləndirilirdi. Lakin məhkəmə həmin ittihamı əsassız hesab edib. Belə qənaətə gəlinib ki, təqsirləndirilən şəxsin əməli dələduzluq cinayətinə aiddir.

Təqsirləndirilən şəxsin vəkili Orxan Zeynalov isə müvəkkilinin ümumiyyətlə hər hansı cinayətlə əlaqəsinin olmadığını bildirərək, bəraət verilməsini xahiş edib.

Hökmə əsasən, A.Əliyev qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluqda təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib. Cəza müddəti 2024-cü ilin martından hesablandığı üçün o, 3 ay sonra azadlığa çıxacaq.

Qeyd edək ki, Alı Əliyev orduda “Dayı” ləqəbi ilə tanınıb.