Moskvada azərbaycanlı həmyerlisini öldürüb intihar elədi - motiv və təfərrüat

Baxış sayı:
2677

Ata qumarda uduzub pulu verə bilməyən oğlunun qətlində əli olan şəxsdən qisasını aldı, sonra isə...

Moskvanın “Novıye Çeremuşki” metrostansiyası yaxınlığında silahlı atışma baş verib. Qanlı olayda iki nəfər ölüb. Rusiya İstintaq Komitəsinin yaydığı rəsmi məlumata görə, ölənlərdən biri Rəsul Abdullayev adlı şəxsdir. Əslən Gürcüstandan olan 60 yaşlı Abdullayev Rusiyada avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul imiş.

Ölən ikinci şəxs Vaqif Hümbətovdur. Məlumata görə, onun üzərindən Hümbətov Vaqif Maqomed oğlunun adına verilmiş “Moskva Tayms” nəşrinin vəsiqəsi çıxıb. Vəsiqənin fotoları Rusiya KİV-də dərc olunub. Vəsiqədə Hümbətovun nəşrin Rusiya və MDB regional şöbəsinin rəhbəri olduğu görünür. Lakin “Moskva Tayms”da onun imzası ilə bir dənə də yazı dərc olunmayıb. Nəşrdən də bildirilib ki, onların əməkdaşlarından heç kim “Novıye Çeremuşki” stansiyası yaxınlığında baş verən atışmada iştirak etməyib. Nəşrin rəhbərliyi jurnalistlərə açıqlamasında Vaqif Hümbətovun adına verilmiş vəsiqənin saxta olduğunu və onlarda bu adda şəxsin işləmədiyini bildirib.

Atəşin Rəsul Abdullayev tərəfindən açıldığı bildirilib. Məlumata görə, Abdullayev “Naqan” tipli tapança ilə Vaqif Hümbətova atəş açdıqdan sonra özünə qəsd edib. Rusiya KİV qətlin qisas və qan düşmənçiliyi zəminində baş verdiyini yazıb. Belə ki, ata qumara qurşanan və böyük məbləğdə borclandığı üçün öldürülən oğlunun qisasını almaq qərarına gəlib. Bu səbəbdən də qətldə əli olan 50 yaşlı Vaqif Hümbətovu öldürüb. Faktla bağlı cinayət işi açılıb.

Amma bu, ilk belə hal deyil. Rusiyada, Ukraynada, Türkiyədə yaşayan azərbayanlılar arasında dəfələrlə pul, tamah, qisas niyyəti ilə bir-birini öldürənlər olub.

Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a bildirdi ki, tamah məqsədi ilə törədilən cinayət sonra qisas motivli cinayətə çevrilib. Onun sözlərinə görə, Qafqaz regionunda belə hadisələr “qanunauyğun” haldır.

Mahmud Hacıyev ile ilgili görsel sonucu

Mahmud Hacıyev: “Qafqaz xalqlarına xas xüsusiyyətdir...”

“Bu regionda qanı qanla yumaq dədə-baba vaxtından olub. Sadəcə, sovet vaxtı sosialist düşüncəsi, kollektivçilik, kommunist qaydaları müəyyən qədər bunun qarşısını ala bilmişdi. Amma bu xüsusiyyət qanda varsa, yenə cücərir. Bizim regionda köhnə mentaldan qalan anlayışlardır. Söhbət tək azərbaycanlıdan getmir. Belə davalar Qafqaza aid xüsusiyyətdir. Şimali Qafqazda inquş, kabardin və s. millətlərdə də belə cinayətlər çox olur. Yəni Qafqaz xalqlarında qisas almaq qədimlərdən bəri gələn adətdir ”, - deyə M.Hacıyev qeyd etdi.

Ekspert bunun qarşısını almağın xüsusi yolu olmadığı qənaətindədir: “İndi biz hüquqi maarifləndirmə barədə pafoslu sözlər deyirik, amma cinayət törətmək niyyəti olan adamın gözünə heç nə görünmür və gedir vurur. Sivil dünyadır, haradasa insanlar fikirləşir ki, illərini türmədə keçirməyə dəyməz, azad həyat sürmək istəyir”.

Psixoloq Azad İsazadə ile ilgili görsel sonucu

Azad İsazadə: “Qan düşmənçiliyi cənub ölkələri və dağ xalqlarına aiddir, Şotlandiya, İtaliyada da var”

Psixoloq Azad İsazadə dedi ki, qan düşmənçiliyi cənub ölkələri və dağ xalqlarına aiddir. Onun sözlərinə görə, Şotlandiya, İrlandiya, İspaniya, İtaliya, Korsikada da bu adətlər var: “Dövlət qanunları yaranana qədər cəmiyyətlər hansısa adətlərlə yaşayıblar. Aran zonalarda yazılan qanunlar daha tez işləməyə başlayıb. Ancaq dağ bölgəsində uzun müddət dövlətsiz yaşayıblar deyə, bu yazılmamış qanunlarla yaşayıblar”.

A.İsazadənin fikrincə, qisasçılıq Qafqazda, ərəb ölkələrində və az da olsa Türkiyədə var: “Bunu nə müsbət, nə mənfi qiymətləndirmək olar, sadəcə, qəbul etmək lazımdır. Sovet qanunları 70 il qız qaçırmaq, qan düşmənçiliyi kimi hallara qarşı mübarizə apardı. Amma adətlər qaldı. Məsələn, Çingiz xandan bir adət var və müasir Roma hüququna ziddir: evin ən kiçik oğlu ata və ana ilə yaşayır, sərvət ona qalır. Roma qanuna görə, miras vərəsələr arasında bölünməlidir, kimsə razı olmayanda məhkəməyə üz tutur. Amma adətən bacılar və qardaşlar hər şeyi sonbeşiyə qoyub gedirlər. Eləcə də qan düşmənçiliyi köhnə qaydalara arxalanır. Ərəb ölkələrində bu hal var idi. Amma İslam gələndə şəriət məhkəməsi ilə həll etməyə başladı. Eyni zamanda, bu məsələdə etnopsixoloji amillər var. Tutaq ki, oğul atasının yanında uşağını qucağına götürməz, siqaret çəkməz. Ata bilir ki, oğlu siqaret çəkir, amma adət qalıb, yanında eləmir”./musavat.com