MƏHƏRRƏM ƏLİYEVİN İNSANLARLA “GİZLƏNPAÇ” OYNAMASI… - Və yaxud Prezident köməkçisinin "Aldanmış kəvakib" povestindəki obrazı…

Baxış sayı:
2748

Prezidentin hərbi məsələlər üzrə köməkçisi hörmətli Məhərrəm Əliyevə kiçicik bir müraciətim olacaq. Bəri başdan deyim ki, ona heç vaxt qərəzim, kinim-küdurətim olmayıb. Nə də ondan özümə qarşı bir pislik görməmişəm. Sadəcə uzaqdan-uzağa salam-əleykümümüz olub. Dövlətçiliyə, ölkə rəhbərinə sədaqətində də qaranlıq bir məqam müşahidə etməmişəm. Bakı şəhər baş polis idarəsinin rəisi vəzifəsində çalışarkən ona olan hücumlara qarşı kəskin yazılarım olub. 

Polis sisteminin üst qatlarında cəmləşən müxtəlif nüfuzlu dairələrin ona çox ciddi və bir sıra hallarda isə əsaslı iradları mövcud idi. Xarakterindəki saymazyanalıq və üzrlü hesab etsin, yekəxanalıq keyfiyyətləri düşmənləri tərəfindən qətiyyən qəbul edilmirdi. Təzyiq və hücumları yaradan səbəblərdən biri də bu idi. Buna baxmayaraq "Səs” qəzeti üçün ondan böyük bir müsahibə götürərək, fikir və təkziblərinin böyür-başını düzəldib, səhərisi yubatmadan çap etdik və yaydıq. Halbuki bu qədər geniş yazı və tərifedici təqdimat ölkə miqyasında aparıçı qəzet kimi tanınan "Səs"in iki səhifəsində yerləşdirilməsi çox təsadüfi vəziyyətlərdə baş verirdi.  Arxivimdə indi də durur.

Sən demə, hərbi məsələlər üzrə köməkçinin müasir ovqatı insanlara münasibətdəki öncəki ovqatını alt-üst edərək tamamilə dəyişdirib. Mən də elə bil fil qulağında yatmışam. Bilsəydim, heç zəng edib haqlı xahişimi telefonla çatdırmaq niyyətinə düşməzdim... Bu yaşda olasan, ölkə miqyasında digərləri ilə müqayisədə müsbət mənada fərqlənəsən və insanlarla telefonda həm də "əla" gizlənparç oyununa imza atasan. Heyflər olsun!!! Çox heyflər!!!

Görəsən, bunlar hansı millətdəndir?! – ELDAR SABİROĞLU YAZIR

Nəhayət, son üç-dörd ildə başıma o oyun qalmadı ki, açılmasın. Qapıların üzümüzə bağlandığı vaxtlarda bizə köməklik göstərən, ümidlərimizin ölməsinin qarşısını böyük xeyirxahlıqla alan tək bir insan oldu. Hətta yaşadığım siyasi problemin mahiyyətini bilə-bilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva köməkliyini əsirgəmədi. Unutmayacağam bu yaxşılığını!!! Sağ olsun!!!

Basqıların ikinci dalğası başlayıb. Bu dəfə isə hörmətli Mehriban xanım Əliyevaya problemimizi çatdırmaq imkanımız olmadığından, məcbur qalıb Məhərrəm Əliyevi aramalı oldum. Bir neçə gün əvvəl ona zəng etdim. Ümidim olmasa da, lakin zəngimə səs verildi. “Salam, Məhərrəm müəllim” dedim. Ədəb-ərkan çərçivəsində hal-əhval tutdum. O da “sağ ol, eşidirəm” dedi. Bir-iki kəlmə kəsməmişdik ki, elə bil Allahdan o an səs gəldi ki, danışan Məhərrəm Əliyev deyilmiş. Sən demə, köməkçisi, ya da kimsə biri imiş. Demək ki, aldadılırmışam... Köməkçi öz köməkçisi vasitəsilə mənə fırıldaq gəlirmiş. Sözlərimi köməkçiyə dedim və telefonu söndürdüm.

Fikir məni götürdü. M.F.Axundovun "Aldanmış kəvakib" povesti gəlib yadıma düşdü. Çox yəqin ki, keçmiş polis rəisi bu əsəri oxumayıb. Özünə azca əziyyət verib baxarsa, orada obrazını həmin əsərdə tapar və bir daha insanlarla gizlənparç oyununa getməz.

Eldar SABİROĞLU

P. S. Yoldaş general-polkovnik, indi bu yazıdan sonra nə pisliklər edəcəksinizsə halalınız olsun. Öyrəşmişəm onsuz pisliklərə!!! Ancaq içimdəki bir arğı - illərlə qəlbimdə Sizə gəzdirdiyim hörmət-izzəti parça-parça edən baltanızın sapı məni rahat buraxmayacaq.