Masazır sakinləri 142 nömrəli avtobusun sonuncu dayanacağa qədər getməməsindən ŞİKAYƏTÇİDİRLƏR

Baxış sayı:
850

Abşeron rayonu, Masazır kəndində yerləşən 56 nömrəli Kəlbəcər məktəbinin 100 nəfərlik müəllim, texniki işçi və 900 şagirdi olan kollektivi adından redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçilər 142 nömrəli marşut avtobusunun axırıncı dayanacağa qədər getməməsindən şikayətçidirlər:
“Ədalət naminə deyək ki, 142 nömrəli marşut çox yaxşı işləyir. Marşrutun sürücüləri şagird və sərnişinlərlə çox yaxşı davranırlar. Hətta bir neçə gün əvvəl marşrutun sürücüsü kartı olmayan vətəndaşa pulsuz kart da verdi. Lakin bizim sıxıntımız 142 nömrəli marşrutun axırıncı dayanacağa qədər getməməsidir.
Belə ki, avtobus axırıncı dayanacağa çatmamış, “OBA” marketin qarşısında dayanır və oradan da geri qayıdır. Avtobus sürcülərinə, eləcə də marşruta nəzarət edən dispetçerə deyirik, siz axırıncı dayanacağa getməlisiz, bəhanə edirlər ki, yol dardır, biz dönə bilmirik. Lakin məktəbin yaxınlığından biraz yuxarıda avtobus rahat dönə bilər. 
Səlahiyyətli qurumlardan xahiş edirik ki, 142 nömrəli marşrutun axırıncı dayanacağa qədər getməsini təmin etsinlər. Hətta mümkün olsa, bir dayanacaq da qabağa, yolun hündür hissəsinə kimi getsin. Qocalar, xəsətələr o yolu çıxa bilmirlər. Avtobus yuxarı qalxsa, ordan dönmək də rahat olar”.
Məsələ ilə bağlı  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Tural Orucovla əlaqə saxladıq. O, bildirdi ki, AYNA-nın əməkdaşları tərəfindən deyilən əraziyə baxış keçirilib. Müəyyən edilib ki, mövcud yol infrastrukturu avtobusların 56 nömrəli məktəbə kimi getməsinə imkan vermir. Belə ki, yoldakı sərt maililik və nəqliyyat vasitəsinin geri dönüşü üçün etdiyi manevrlər hərəkət iştirakçılarına və sərnişinlərə ciddi təhlükə yaradır. Avtobusların təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradıldığı təqdirdə, 142 nömrəli marşrutun son dayanacağı məsələsinə baxıla bilər.
Aynurə MUSTAFAYEVA