Makronun erməni qanından qaynaqlanan qətnamə! - VƏ YAXUD FRANSIZ NAĞILLARININ ARXASINDAKI AŞKAR QƏRƏZ!

Baxış sayı:
2266

Xəbər verdiyimiz kimi, bu gün Fransa parlamentinin yuxarı palatası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipini pozan qərəzli və ədalətsiz qətnamə qəbul edərək, beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar etinasızlıq nümayiş etdirdi. Qafqaz.media xəbər verir ki, bu qətnamədə Azərbaycan “Ermənistana qarşı hərbi təcavüzdə” ittiham olunur. Həmçinin, Fransa hökuməti Bakıya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etməyə çağırılır.

Xatırladaq ki, bu, son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi üçüncü qətnamədir. 2020-ci il noyabrın 25-də - Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan əraziləri azad etdikdən bir neçə gün sonra Fransa Senatı qondarma “DQR”in “müstəqilliyi”nin tanınması ilə bağlı qətnamə qəbul etdi. 2020-ci il dekabrın 3-də Məclis və parlamentin aşağı palatası da Azərbaycan əleyhinə qətnamə qəbul etdi.

Fransa Senatı

Bütün bunlardan sonra, Fransa Senatı yenidən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipini pozan qərəzli və ədalətsiz qətnamə qəbul etməklə bir daha beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını nümayiş etdirdi.

Fransa parlamentinin Azərbaycana qarşı ardıcıl qətnamələr qəbul etməsinin Yelisey sarayı ilə razılaşdırıldığı şübhəsizdir. Fransa Konstitusiyasına görə, təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha doğrusu, prezidentin özünün səlahiyyətindədir. Azərbaycanla bağlı qəbul edilən qətnamələr birbaşa Fransa dövlətinin xarici siyasəti ilə bağlı məsələlərə aiddir, ona görə də bu sənədlərin arxasında Yelisey sarayının olmadığına heç kəsi inandırmaq mümkün deyil.

Yelisey sarayı

Məlumdur ki, təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri ilə bağlı bütün qətnamə layihələri əvvəlcə Yelisey sarayına göndərilir və yalnız ən yüksək orqanlar tərəfindən təsdiq edildikdən sonra Senatda qeydə alınır və ölkə parlamenti layihənin müzakirəsi proseduruna başlayır. Hazırkı qətnamə layihəsi bu ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş irimiqyaslı toqquşmalardan dərhal sonra Fransa Senatının hakim fraksiyasına daxil olan senatorlar tərəfindən təklif edilib. Bütün dünya azərbaycanlıları bu tendensiyalı layihənin səsverməsinə etiraz olaraq petisiya yaradıblar. Qısa müddətdə 100 mindən çox imza toplandı, lakin Fransa parlamenti və Xarici İşlər Nazirliyi buna əhəmiyyət vermədi.

Onu da qeyd edək ki, bu günkü səsvermə ərəfəsində Ermənistan parlamentinin vitse-spikeri və xarici işlər naziri bir-birinin ardınca Parisə səfər ediblər. Şübhəsiz ki, bu səfərlərdə məqsəd, digər məsələlərlə yanaşı, Azərbaycana qarşı qətnamə layihəsinin qəbulu üçün lobbiçilik etmək idi. Qətnamənin səsə qoyulmasına iki gün qalmış Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək, Frankofoniya sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyini, həmçinin “Ermənistan və Azərbaycan arasında sülh prosesinə töhfə vermək” arzusunu ifadə etdi. Heç kimə sirr deyil ki, Fransanın “vasitəçiliyinə”, Makronun vədlərinə Bakıda uzun müddətdir etibar edilmir. Əslində, Avropada da çoxdan etiraf olunub ki, Makron həm Ukraynada müharibənin dayandırılması, həm də Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması məsələrində uğursuz “vasitəçi” olub.

Emmanuel Makron

Yeri gəlmişkən, bir gün əvvəl Londonda yerləşən “Globe Echo” yazıb ki, Makronun özünü “bir çox diplomatik uğurlara imza atmış” prezident kimi təqdim etmək cəhdlərinə baxmayaraq, onun ambisiyasının nəticələri mübahisəlidir. Belə olduğu təqdirdə Bakıda Makronun vasitəçiliyinə böyük şübhə ilə yanaşılması təəccüblüdür?

Göründüyü kimi, Makron hakimiyyətə gəldikdən sonra Fransanın “Azadlıq, bərabərlik, qardaşlıq” şüarı deqradasiyaya uğrayıb və bu tezislər ən yaxşı halda katolik xristianlara münasibətdə tətbiq oluna bilər. Ölkədə tüğyan edən irqçilik, antisemitizm, azərbaycançılıq, türkfobiya və islamofob meyllərin fonunda Fransa hökuməti öz mədəniyyətinin fundamental dəyərlərinə çox həssas yanaşır.

Bundan başqa, Fransa Senatı bu günkü qətnaməni qəbul etməklə Azərbaycanla münasibətlərə sarsıdıcı zərbə vurdu. Hazırkı qətnamə ölkələr arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə”yə birbaşa ziddir. Belə qərəzli ittihamlar əsasında qəbul edilən qətnamədən sonra Fransa ilə Azərbaycan arasında hansı dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmadan söhbət gedə bilər?! Hər halda bu sualın cavabını hər bir Azərbaycan vətəndaşı qarşı tərəfdən, şəxsən Emmanuel Makrondan eşitmək istərdi…

Qafqaz.media