​"Leydi Şarm"ın məsul şəxsləri həbs edildi - Sensasion səbəb

Baxış sayı:
6730

“Leydi Şarm” mağazalar şəbəkəsinin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə AFN məlumat yayıb. Qeyd edilir ki, həbsə səbəb mağazalar şəbəkəsi tərəfindən bazara saxta etiketlərlə mal çıxarılmasıdır. Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış.
“Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”, - saytın mənbəsi iddia edib.
Həbsə səbəb nüfuzlu şəxslərin aldadılması olub. “Leydi Şarm” mağazalarından alver edən məşhurların arasında olduqca nüfuzlu şəxslər də var və onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb”, - mənbə bildirib.
Qeyd edək ki, “Leydi Şarm” şirkəti 1998-ci ildən etibarən topdan geyim mağazası olaraq fəaliyyətə başlayıb. 2012-ci ildən etibarən isə öz mağazalar şəbəkəsini yaratmağa başlayıb. Türkiyə, İtaliya, Rusiya, Ukrayna və s. ölkələrin bir çox tanınmış geyim brendləri ilə əməkdaşlıq edən şirkət üçün belə bir hal təbii ki, böyük zərbədir. Yəqin elə o üzdəndir ki, özünü şirkətin rəhbəri kimi təqdim edən Aybəniz xanım xəbəri təsdiqləsə də, ətraflı məlumat verməkdən imtina edib. O bildirib ki, bu işə kənardan rəhbərlik edir:
“Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm, pulum sizə halaldır, ölməyib qalsam, gəlib haqq-hesabımızı çəkəcəm, işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.
İddialardan biri də ondan ibarətdir ki, əslində mağazalar şəbəkəsinin əsl sahibi kişidir. Mənbənin sözlərinə görə, Aybəniz xanım sadəcə işlərin başında dayanan şəxsdir.