Kiyevdə ölənlərin sayı 30-a çatdı - Rusiya kütləvi zərbələri davam etdirir

Rusiya ordusunun Ukrayna ərazilərinə qarşı həyata keçirdiyi intensiv hava hücumları ağır nəticələrə səbəb olub.
Muxalifet.az xəbər verir ki, iyulun 2-nə keçən gecə Kiyevə endirilən zərbələr nəticəsində dağılan yaşayış binasının dağıntıları altından daha 3 nəfərin cəsədi çıxarılıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin son məlumatına görə, paytaxtdakı bu hücum zamanı həyatını itirənlərin ümumi sayı 30 nəfərə yüksəlib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, hazırda daha 3 sakinlə əlaqə saxlamaq mümkün deyil və ərazidə axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir. Son göstəricilərə əsasən, Kiyevdəki hücum nəticəsində yaralananların sayı 91 nəfərə çatıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yaydığı hesabata görə, Rusiya qoşunları iyulun 3-nə keçən gecə də ölkə ərazisinə kütləvi zərbələr endirməkdə davam edib. Gecə ərzində Ukrayna hava məkanında 105 pilotsuz uçuş aparatı (PUA) və iki ədəd X-59/69 tipli aviasiya raketi qeydə alınıb. Həyata keçirilən müdafiə tədbirləri nəticəsində 85 dron və bir raket zərərsizləşdirilib.
Düşmən hücumları Dnepropetrovsk vilayətində də ciddi dağıntı və itkilərə yol açıb. Vilayət ərazisində 1 nəfər dünyasını dəyişib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Krivoy Roq şəhərində bir sənaye müəssisəsi, təhsil ocaqları, çoxmənzilli yaşayış binaları, mağaza və xeyli sayda avtomobil zədələnib. Sofiyevka icmasında isə yanacaqdoldurma məntəqəsinin vurulması nəticəsində güclü yanğın qeydə alınıb. Analoji dağıntılar və fəsadlar Sinelnikov, Kamensk və Nikopol rayonlarında da qeydə alınıb.








































