​İranın Qafanda baş konsulluq açmasının arxasında hansı niyyətləri dayanır? - KEÇMİŞ SƏFİRİN “ƏSASLANDIRMASI”

Baxış sayı:
725

İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin İranın Qafanda baş konsulluq açmasının məqsədləri ilə bağlı yazısında bəzi iddialar irəli sürüb. Mohsen Pakayin bildirir:
“İran İslam Respublikasının Ermənistanın Qafan şəhərində baş konsulluğunun təsis edilməsi aşağıdakı səbəblərə görə İranın xarici əlaqələri sahəsində zəruri və konstruktiv tədbir hesab olunur.
- Azərbaycan və Ermənistan arasında 44 günlük savaşdan sonra Azərbaycanın 7 rayonunun azad edilməsi və atəşkəsin yaradılması ilə nəticələnən Moskva sazişi sülh və təhlükəsizliyin bərqərar olmasını vəd edirdi. İranın Qafanda Baş Konsulluğunun açılması Tehranın münaqişələrin sülh yolu ilə həllini, bölgədə sülh və sabitliyin bərqərar olmasını praktiki alqışlaması deməkdir.
- Azərbaycan və Ermənistan arasında müharibənin başa çatması iqtisadi əməkdaşlıq üçün də yaxşı imkanlar yaradıb və İranın Qafqaz regionunda güclü varlığı onun Avrasiya İqtisadi İttifaqı ilə ticarətini gücləndirə bilər.
- Regional və beynəlxalq münasibətlərdə tranzitin artan əhəmiyyətini nəzərə alaraq, İranın Qafandakı Baş Konsulluğu TIR və yük maşınları sürücülərinin problemlərinin həlli və azaldılması, onlara lazımi köməklik göstərməklə yanaşı, Tehran və İrəvanın tranzit imkanlarını artıra bilər.
Yeni Gorus-Qafan yolunun tikintisinin yekun mərhələyə çatdığını, Fars körfəzinin Qara dənizə və Avropaya dəhlizinin tikintisi üçün Rusiya, Gürcüstan və Hindistanla əməkdaşlığın başlanması və Mehri Azad İqtisadi Zonasının İran və Ermənistan arasındakı tranzit marşrutu kimi aktivləşdirilməsini nəzərə alaraq, iqtisadi əməkdaşlığın genişlənməsi üçün Qafanda İranın Baş Konsulluğunun rolu daha da qabarıq olacaq”.
Bizim şərh: Mohsen Pakayinin açıqlamasından da göründüyü kimi, "İranın Qafanda Baş konsulluğunun açılması Tehranın münaqişələrin sülh yolu ilə həllini, bölgədə sülh və sabitliyin bərqərar olmasını praktiki alqışlaması deməkdir" cümləsində "sülh yolu ilə həll" ifadəsində vurğulanan eyham, əslində, Ermənistanın müntəzəm nümayiş etdirdiyi cığallıq və qeyri-konstruktivlik qarşılığında onun başına "dəmir yumruq"un endirilməsinin qarşısını almağa işarət edir. Çünki Azərbaycan Ermənistanı boynuna götürdüyü öhdəlikləri yerinə yetirmək üçün 44 günlük müharibədən sonra iki dəfə qısa müddətlik hərbi əməliyyatla "cilovlayıb" və öhdəliyini yerinə yetirməyə vadar edib. Görünür, Ermənistana dəyən zərbənin "səsinin İranda əks-səda verməsi" Tehranı gecikmədən vəziyyətə müdaxilə etməyə və məhz Qafanda açdığı konsulluqla "istehkam qurmağa" məcbur edib.
Səbəb, sabiq səfirin dediyi kimi, Fars körfəzindən Ermənistan və Gürcüstandan keçməklə Qara dənizlə Avropaya bağlanmaq, iqtisadi dividentlər olsa da, səfirin ifadə etmədiyi məqam budur: "keşikçi budkası" qismində Zəngəzurda lövbər salıb, Türkiyə-Azərbaycan-Mərkəzi Asiya zolağının - Türk Yolunun baş tutmasına pəl vurmaq. Məlum nüans elə başda Fransa olmaqla Türk Yolunun baş tutmasını istəməyən dövlətlərin də işinə gəlir ki, bu da İranın türk faktorunun güclənməsini həzm edə bilməyənlərin "Troya atı" olduğunu ortaya qoyur.