​“İRANIN PREZİDENTİ HƏRBÇİ OLMALIDIR!” – Mühafizəkar cinahın yeni təklifi ehtiyacdan, yoxsa qisas hissindən doğub - TƏHLİL

Baxış sayı:
3010

2017-ci ilin prezident seçkilərindəki (19 may) məğlubiyyətdən qalma kini boğa bilməyən İran mühafizəkarları ölkəni yeni təkliflə diksindiriblər – ölkə prezidenti hərçi olmalıdır. Qəfil yağan yağışla yaxalanmış ictimai fikrin başı isə dərhal bu mövzuda ciddi müzakirəyə qatılıb.
 
İslahatçı (farsca “eslahtələban) cinaha yaxın “Şərq” qəzetinin yazdığı kimi, əslində, “bu, İslam İnqilabından sonra İran siyasi icmasına məxsus arzudur və uzun bir tarixi var”.
 
“Şərq”in təbirincə, “Hizbullahçı Rza xan”, “Müsəlləh Rza xan”, yaxud da “hərbçi-prezident” arzusunun son prezident seçkisindən cəmi bir il sonra və gözlənilmədən peyda olması azca təəccüb doğurur. Çünki prinsipçilərin son prezidentliyə namizədi İbrahim Rəisi ruhani kimliyi ilə bərabər, hərb meydanına da biganə olmadığını artıq bir dəfə isbatlayıb.
Rəisinin Livana səfər çərçivəsində İsraillə (formal olaraq, işğal olunmuş Fələstin ərazisi) sərhəddəki hərbi mövqelərdə görünməsindən cəmi bir neçə ay keçir. Sosial şəbəkələrdə dolaşmış və xarici KİV-lərin səhifələrinə çıxarılmış həmin fotoların mühafizəkar cinahda doğurduğu heyranlıq köpüyü belə tez çəkilibmi?
Hazırda ictimai rezonansı yüksələn “hərbçi-prezident” mövzu ilə bağlı “Şərq” qəzetindən bir sitata diqqət yetirək: “Bir gün Rza şah Məşhəddə yollanır. O, Nadir şahın qəbri başında durur və çəkməsi ilə onun məzarını döyəcləyib deyir: “Necə də nadan adam olmusan! Adam əvvəlcə işi görər, sonra nə etdiyini elan edər. Sən isə göz çıxarmazdan əvvəl elan edirdin ki, göz çıxartmaq istəyirəm…”
Yalan və ya doğru olduğunu bilmədiyimiz hekayətlə İran mühafizəkarlarının yeni təklifi arasında oxşarlıq aparsaq, hərbçi-prezident iddiası islahatçıların “gözünü çıxartmaq” istəyinin öncədən elanıdır.
Eləsə, İranda bu rolu öz üzərinə götürə biləcək, Rza şah Pəhləvi kimi heybətli siyasi aktyorlar kimlərdir?
“Şərq” bu baxımdan üç namizədin üzərində xüsusi dayanır – Məhəmməd Baqir Qalibaf, Möhsün Rezai və Qasim Süleymani.
Tehranın sabiq polis rəisi və bələdiyyə başçısı (yeri gəlmişkən, ana tərəfdən Ali Rəhbər Xamneiyə qohumluğu çatır) “Sepah”ın beşiyindən çıxıb. “Mən hüquqşünas deyiləm, polkovnikəm” deyimi ilə tanınan Qalibaf – 56 yaşlı peşəkar hərçi olmaqla bərabər, siyasətdə fəal iştirakı ilə (o cümlədən yaxın keçmişdə Səudiyyə Ərəbistanı səfirliyinə basqın edən şəxsləri himayə etməsi ilə) tez-tez gündəmə gəlib.
Bununla belə, prezident seçkilərində üç dəfə gücünü sınamış Qalibaf mühafizəkarları yarı yolda qoyması ilə həmişə mübahisəli, etimadsız şəxs olduğunu nümayiş etdirib. 2017-də də o, populist ritorikası ilə bərabər, İbrahim Rəisinin lehinə namizədliyini geri götürməsi ilə yadda qalıb.
Qalibafla müqayisədə, “İnqilab Keşikçiləri”nin 63 yaşlı sabiq komandanı, Məsləhət Şurasının üzvü general Möhsün Rezai 2005, 2009 və 2013-də Mahmud Əhmədinejad və Həsən Ruhani ilə sonadək mübarizə aparıb. Amma “Hizbullahçı Rza xan” adını doğrulda bilməyib.
Üçüncü müsəlləh prezidentliyə namizəd, “Sepah”ın hazırda Suriya və İraq üzrə xarici əməliyyatlarına rəhbərlik edən general Qasim Süleymani hələ 2016-cı ildə prezidentlik yarışına qatılmayacağını bəyan etmişdi. “Mən sıravi əsgərəm”, – deyə təvazökarlığını aşmayan Süleymani tanınma-populyarlıq sarıdan bəlkə də, bütün siyasət icmasında ön sıradadır.
Amma o, aktiv ictimai siyasi fəaliyyətdən ya öz istəyi, ya da Ali Rəhbərin tövsiyəsi ilə uzaq durur.
İstənilən halda, prinsipçi, Azad Universitetinin politologiya üzrə professoru Hüseyn Allahkərəmin “İran prezidenti hərbçi olmalıdır” təklifinin səslənməsi ilə, geniş müzakirə doğurmuş hərbçi-prezident mövzusunun yalnız mühafizəkarların rəqiblərindən qisas alma cəhdi kimi yozulması səhvdir. Çünki “dəmir əl”ə, yaxud “Hizbullahçı Rza xan”a sosial-siyasi ehtiyac həm də hazırkı ölkədaxili gündəm və beynəlxalq siyasətdə İranın qarşılaşdığı problemlərdən irəli gəlir.
Sadalayaqmı?
Bir yandan, Suriya böhranında siyasi həllin tapılmaması və İranın getdikcə daha çox İsraillə birbaşa qarşıdurma halına gəlməsi, ABŞ Milli Strategiyasında Rusiya, Çin və Şimali Koreya ilə yanaşı, Tehranın “şər oxu”na daxil edilməsi, Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanın yaxın onillikdə ölkəsinin İranla müharibəyə cəlb olunacağı “bəsirəti”…
Digər yandan, Həsən Ruhaninin iqtisadiyyat üzrə strateqi Məsud Nilinin ölkənin ümumi ağır, böhranlı durumu ilə bağlı “İran xəstə adamdır” deyimi, Mahmud Əhmədinejadın özünün və ona yaxın elm xadimləri, sabiq “Bəsic” üzvlərinin (ümumilikdə 300 nəfər) Ayətullah Xamneiyə açıq məktubu, hətta İranın (Xomeyni dövründə) ilk baş nazir olmuş Mehdi Bazərganın yaratdığı İran Azadlıq Hərəkatının bəzi sahələrdə təcili islahatlar aparılması tələbi, Məclis deputatlarından birinin “Korrupsiya ilə mübarizə Ali Rəhbərin Ofisindən başlamalıdır” bəyanatı, icbari hicaba etiraz…
Hərbçi-prezidentə ehtiyac səbəbləri bununla bitirmi?
“Şərq”ə açıqlamasında mühafizəkar cinaha yaxın başqa bir universitet professoru, sosioloq İbrahim Feyz dünyada gedən proseslərin təhlili əsasında bu qənaətə gəlir ki, müxtəlif cəmiyyətlərdə “yumruq iqtidarı”na meyllənmə İrandan da yan keçməyib. O, insanların hərbi diktaturaya rəğbətinin oliqarxik aristokratiya və mafiyaya etirazından istəyindən qaynaqlandığını iddia edərkən də, haqlıdır.
Savadı ilə öyünə bilməyəcək, amma peşəkar hərbçi olmuş Napoleon və Hitlerin idarəçiliyindən müqayisəli nümunələr gətirən mühafizəkar sosioloq qəribə məntiqlə diktaturanın istibdaddan fərqli olduğunu iddia edir. Fransız imperatorunun bəzi islahatlarını misal gətirməklə əsl diktaturanın modernləşmə olması qənaətindədir.
“İnsanlar bu iki məfhumu səhv salırlar” fikri mübahisəsiz, səhvdir.
Əlbəttə, “Novator diktatura çağdaş, yoxsulluq olmayan, yeni iş yerləri yaradan cəmiyyət bərqərar edəcək” iddiası da yeni deyil. Bütün diktaturaların qaş düzəltdiyi yerdə göz çıxarmasına saysız-hesabsız nümunələr var./strateq.az/