İRAN ƏHALİSİNİN 60-70 FAİZİ DİNİ REJİMİN ƏLEYHİNƏDİR – Azərbaycan 1-2 milyonluq qaçqın axını ilə üzləşərə bilər

Baxış sayı:
474

İranda baş verən kütləvi etirazlar fiziki olaraq sərhədləri aşmasa da, bütün regionda və ondan kənarda ciddi rezonans doğurub. Hadisələri təhlil edən STEM analitikləri qeyd edirlər ki, bu proseslər Qafqazdan Yaxın Şərqə, Vaşinqtondan Təl-Əvivə qədər geniş coğrafiyanı narahat edir. Onların fikrincə, İranda başlayan böhran köhnə siyasi sistemin çökməsi ehtimalını gündəmə gətirir və bu da Fars körfəzində, Cənubi Qafqazda və daha geniş regionda güc balansının dəyişməsinə səbəb ola bilər.

Ekspertlər vurğulayırlar ki, Azərbaycan üçün bu proseslər xüsusilə həssas xarakter daşıyır. Onların sözlərinə görə, İranda etnik azərbaycanlıların sayca çoxluğu mümkün xaosun sərhədi aşacağı halda ciddi risklər yarada bilər. Bildirilir ki, mümkün qaçqın axını və separatizm təhlükəsi Azərbaycan üçün əlavə təhlükəsizlik çağırışları formalaşdırır. Eyni zamanda vəziyyət beynəlxalq təzyiqlərlə daha da ağırlaşır. Analitiklər Donald Trampın etirazların sərt yatırılması halında müdaxilə ilə hədələdiyini, Rusiya və Çinin isə artıq zəifləməkdə olan rejimi ayaqda tutmağa çalışdığını qeyd edirlər. İsraildən gələn təhlükənin isə daimi faktor olaraq qaldığı vurğulanır. Bununla belə, hazırda ABŞ-nin yaxın günlərdə birbaşa hərbi müdaxiləyə gedəcəyi ehtimalının zəif olduğu bildirilir. Lakin son hadisələrin İranın müasir tarixində yeni və qeyri-sabit mərhələnin başladığını göstərdiyi qeyd olunur.

Analitiklər bildirirlər ki, Azərbaycan–İran sərhədi sadəcə coğrafi xətt deyil, iki fərqli dünyanın təmas nöqtəsidir. Onların sözlərinə görə, 2026-cı ilin yanvar ayının ortalarında, 2025-ci ilin dekabrının sonunda başlayan etirazlar hakimiyyətin sərt cavabı və internetin bloklanması fonunda tədricən səngiyir. Bununla belə vurğulanır ki, Tehran rejimi dəfələrlə davamlılıq nümayiş etdirsə də, ayaqda qalmaq hər zaman siyasi qələbə anlamına gəlmir.

Məlumatlara görə, yanvarın 14-nə etirazlar Tehrandan Əhvaza və Təbrizə qədər olmaqla İranın bütün 31 vilayətini əhatə edib. Qeyd edilir ki, proseslər iqtisadi ümidsizlikdən başlayıb: rialın hiperinflasiya səviyyəsinə enməsi, yanacaq və ərzaq qiymətlərinin kəskin artması, idxal subsidiyalarının azaldılması cəmiyyətdə narazılığı artırıb. Lakin tezliklə şüarların sosial-iqtisadi tələblərdən siyasi çağırışlara keçdiyi bildirilir. HRANA və Human Rights Watch təşkilatlarının məlumatlarına istinadən qeyd olunur ki, artıq 2500-dən çox insan, o cümlədən uşaqlar həlak olub, 16 mindən artıq şəxs saxlanılıb.

Ekspertlər bildirirlər ki, rejim İslam İnqilabı Keşikçiləri Korpusunu və “Bəsic” qüvvələrini səfərbər edərək baş verənləri ABŞ və İsrailin təşkil etdiyi “xarici təxribat” kimi təqdim edir. Prezident Məsud Pezeşkianın, islahatlar vəd etsə də, məsuliyyəti əsasən xarici düşmənlərin üzərinə atdığı vurğulanır. Buna cavab olaraq Donald Trampın “güclü addımlar” barədə xəbərdarlıq etdiyi və hərbi variantların nəzərdən keçirildiyini bildirdiyi xatırladılır. Eyni zamanda mühacirətdə olan Reza Pəhləvi kimi fiqurların rejim dəyişikliyinə çağırışlarının diaspora və ölkə daxilində müəyyən rezonans yaratdığı qeyd olunur.

Analitiklər hesab edirlər ki, etirazların davamlılığını anlamaq üçün 1979-cu ildən sonrakı İran tarixinə nəzər salmaq vacibdir. Onların fikrincə, İslam inqilabı Qərbdən asılılığa son qoymaq və ədalət vədi ilə şah rejimini devirdi, lakin ayətullah Xomeyni tərəfindən qurulan teokratik sistem azadlıqları məhdudlaşdırdı və iqtisadi inkişafı boğdu. Bildirilir ki, İraqla müharibə milli səfərbərlik yaratsa da, bir milyon insanın ölümü və iqtisadi dağıntılarla nəticələndi. 1990-cı illərdə Məhəmməd Xatəmi dövründə qısa yumşalma baş versə də, mühafizəkarların yenidən nəzarəti ələ alması sistemin özünü islah etməyə qadir olmadığını göstərdi.

Qeyd olunur ki, etirazlar İran üçün xroniki xarakter alıb. 2009-cu ildə “Yaşıl hərəkat”, 2017–2018-ci illərdə sosial-iqtisadi etirazlar, 2019-cu ildə benzin böhranı, 2022-ci ildə Məhsa Əmininin ölümü ilə başlayan “Qadın, Həyat, Azadlıq” hərəkatı bunun nümunələridir. 2025-ci ilin iyununda İsrail və İran arasında baş verən qısa, lakin intensiv müharibənin də rejimin legitimliyini ciddi şəkildə sarsıtdığı vurğulanır. Sorğulara görə, əhalinin 60–70 faizinin teokratik sistemi dəstəkləmədiyi bildirilir.

Ekspertlər qeyd edirlər ki, bütün problemlərin mərkəzində iqtisadiyyat dayanır. Sanksiyalar səbəbilə neft ixracının kəskin azaldığı, 2025-ci ildə ÜDM-in 10–15 faiz daraldığı, inflyasiyanın isə 50 faizi keçdiyi bildirilir. Əhali su, elektrik və iş qıtlığı ilə üzləşir. Gənc və savadlı əhali üçün real perspektivlərin olmadığı vurğulanır. Rusiya və Çinin dəstəyi isə sanksiyaların təsirini tam aradan qaldırmaq üçün yetərli hesab edilmir.

Analitiklərin fikrincə, İranın zəifləməsi onun regiondakı proksi qüvvələrinin – “Hizbullah” və husilərin fəaliyyətini azalda bilər ki, bu da neft bazarında risklərin azalmasına gətirib çıxarar. Citi analitiklərinin hesablamalarına görə, mövcud böhran artıq neftin qiymətinə 3–4 dollar əlavə edib. Lakin eyni zamanda iğtişaşların əsas neft bölgələrinə yayılması və Hörmüz boğazının bağlanması riski qiymətlərin kəskin sıçrayışına səbəb ola bilər.

Azərbaycan üçün nəticələrin ikitərəfli olduğu bildirilir. Əsas risk kimi 1–2 milyon nəfərlik mümkün qaçqın axını göstərilir. Bununla yanaşı, normallaşma halında yeni nəqliyyat və enerji layihələrinin açılacağı, Azərbaycanın regional tranzit mərkəzinə çevrilə biləcəyi vurğulanır. Türkiyə və Avropa üçün isə yeni miqrasiya böhranı riski qeyd olunur.

Sonda analitiklər bildirirlər ki, islahatlar olmadan İran iqtisadiyyatının staqflyasiya və hiperinflasiya riski ilə üz-üzə qalacağı gözlənilir. Bununla belə, rejimin repressiya, təbliğat və güc strukturlarının sədaqəti hesabına yenə də ayaqda qala biləcəyi istisna edilmir. Qeyd olunur ki, Donald Tramp real addımlara keçməzsə və etirazlar zəifləyərsə, mövcud sistem öz mövqelərini müvəqqəti də olsa qoruya bilər.