“İnsanları əbədi olaraq zorla idarə edə bilməzsiniz!” - 65 PROFESSOR MOLLA REJİMİNƏ ETİRAZ ETDİ
“Şərif Texnologiya Universiteti”nin 65 professoru bəyanat yayaraq, bugünkü iranlı gənclərin bir neçə ildir məruz qaldıqları zülmdən, güc təzyiqindən və təhlükəsizlik qüvvələrinin zahirən mənəvi, lakin əsil həqiqətdə xoşagəlməz məcburiyyətindən qəzəblənmək hüququna malik olduqlarını bəyan ediblər.
Muxalifet.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bəyanat oktyabrın 3-də dərc olunub.
Bəyanatda “Bəsic” qüvvələri, rejim və hakimiyyət tərəfdarlarına bildirilib ki, xalqın əksəriyyətini zorla və məcburiyyət əsasında idarə etmək mümkün deyil. Hər bir haqlı tələbi isə hərbi, təhlükəsizlik və küçə repressiyaları, habelə təhdidlə qarşılamaq olmaz.
Universitet professorları bəyanatın davamında vurğulayıblar ki, müəyyən bir azlığın zövqü, istəyi, düşüncəsi, qanunları və hətta, ictihadını böyük bir qrupa tətbiq etmək yolverilməzdir.
Bəyanatda deyilir ki, xalqın əksəriyyəti İslam Respublikası tarixinin ən zəif dövlət xadimlərindən ibarət olan hazırkı səmərəsiz hökuməti açıq şəkildə bəyənmir. Xalq tərəfindən geniş şəkildə boykot edilən bir seçkidə vəzifəyə gələn hökumət və parlament ölkədə Nəzarət Şurasının davamlı və şəxsi müdaxilə yönümlü nəzarət səbəbi ilə məhsuldar və səlahiyyətli insanlardan boşalıb, buna görə də, ölkədə artan böhranların həll edilməsində aciz qalıb.