İnsan ləyaqətini alçaldan rəftara son qoyulmalıdır...

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə artıq 2 həftəyə yaxındır ki, cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir. Taleh bəy 7 il qapalı həbsxanada cəza çəkdikdən sonra 12 saylı CÇM-nə göndərilib. Orada məruz qaldığı təhqiramiz münasibət və hədələrə etiraz edərək aclıq aksiyasına başlayıb. 13 gündür ki, aclıq aksiyasını davam etdirir. Son həftələrdə Müsəlman Birliyi Hərəkatının daha 4 üzvü də müxtəlif qurama ittihamlarla həbs olunub.
Etiraf etmək lazımdır ki, Taleh bəyin özünə və tərəfdarlarına qarşı bu repressiv hərəkətlər cəmiyyətin susqunluğu şəraitində həyata keçirilir. Taleh Bağırzadə və tərəfdarları hakimiyyət mediası tərəfindən cəmiyyətə İranın adamları kimi təqdim olunur. Bununla da cəmiyyət sanki "İrana yaxın adamları müdafiə edirsiz" şantajı ilə qorxudulub susdurulur, bu insanların hüquqlarının müdafiəsindən uzaqlaşdırılır.
Taleh Bağırzadə həm 2020-ci ildə, həm də bugünlərdə Azərbaycan - İran münasibətləri gərginləşəndə ortaya çox aydın mövqe qoyub. Azərbaycanın maraqlarını öz qırmızı xətti elan edib. Bununla da ona qarşı aparılan təbliğatı öz dililə və birmənalı şəkildə təkzib edib.
Taleh Bağırzadənin İran mövzusundakı son açıqlamasında bir daha onun və rəhbərlik etdiyi təşkilatın mövqeyini bildirib. O, öz bəyanatında açıq mətnlə bildirib ki, mən həmişə dövlətimizin müstəqilliyininin tərəfdarı və xalqın yanında olmuşam. Azərbaycan mənim üçün qırmızı xətdir. O, əlavə edib ki, Azərbaycan işğal altında olan torpaqlarının azadlığı uğrunda mübarizəyə başlayanda həm özünün, həm də rəhbərlik etdiyi təşkilatının mövqeyi aydın olub. Tale Bağırzadə qeyd edib ki, o zaman da İran rəsmilərini haqq savaşı aparan Azərbaycanın yanında olmağa çağırıblar. İranın "Zəngəzur bizim qırmızı xəttimizdir" deməsinə də etiraz edərək, bir daha müstəqilliyimizdən yana olduğunu və dövlətimizin yanında olduğunu bildirib.
Azərbaycan - İran münasibətlərinin hazırkı gərgin məqamında öz dövlətindən yana ortaya belə aydın mövqe qoyan bir şəxs və onun tərəfdarları niyə həbslərə və təqiblərə məruz qalmalıdır..? Dövlət vətəndaşlarına müxtəlif bəhanələrlə divan tutmaz. Dövlətin işi vətəndaşlarını damğalamaq, müxtəlif iddialarla ayrımçılıq etmək, özündən uzaqlaşdırmaq yox, vətəndaşlarına sahib çıxmaq olmalıdır. Cəmiyyət də hüquqsuzluğa və ədalətsizliyə susmamalıdır.
Taleh Bağırzadə indiyədək çox böyük haqsızlıqlara məruz qalıb. Saxta ittihamla həbs olunub, çox ağır işgəncələrə məruz qalıb. Ona qarşı təzyiqləri, qanunsuz münasibəti bundan sonra da davam etdirmək böyük haqsızlıqdır və durdurulmalıdır. Tale bəyin tələbləri nəzərə alınmalıdır. Ona qarşı insan ləyaqətini alçaldan rəftara, tərəfdarlarının şərlənib həbs edilməsinə son qoyulmalıdır.
Bu tipli sifarişli həbslərin arxasında heç şübhəsiz ki, Azərbaycanı sivil dünya ilə üz-üzə qoymaq və nəticə etibarı ilə Azərbaycanı Rusiyanın yanına sürükləməkdir. Təəssüflər olsun ki, hakimiyyət mənsubları anlamaq istəmir ki, ölkə daxili siyasətdə insan hüquq və azadlıqlarının gözardı edilməsi Azərbaycanın milli problemlərinin həllində ən böyük maneyə çevriləcəkdir.
Ayşən Bayramova