İmtahandan bal toplaya bilmədi, özünü binadan atdı - İntihar edən məktəblilər

Baxış sayı:
10021

Xəbər verdiyimiz kimi, aprelin 4-də Səbail rayon 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü 3-cü mərtəbədən ataraq intihar edib. Elina Hacıyeva yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə orada vəfat edib. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. BiG.AZ saytı son 1 ildə intihar edən məktəblilərin siyahısı təqdim edir: - Cəlilabadın Bayxankənd sakini, 2002-ci il təvəllüdlü Aytac Hüseyn qızı Kamranova həyətlərindəki tikilidə özünə asaraq intihar edib. Onun 10-cu sinif şagirdi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. - Zaqatalanın Muxax kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. - Cəlilabad rayonunda Privolnoye kəndində 14 yaşlı P.H. adlı yeniyetmə oğlan özünü asaraq intihar edib. Faktla bağlı prokurorluqda istintaq aparılır. - Bakının Pirallahı rayon sakini, 2000-ci il təvəllüdlü Rzayev Nicat Əlibala oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. N. Rzayev 231 saylı orta məktəbin 8-ci sinfində oxuyurmuş. - Samux rayonunun Alabaşlı kənd sakini, 2001-ci il təvəllüdlü Cəlilov Amil Aydın oğlu özünü yaşadığı evdə asaraq intihar edib. Amil Cəlilov 9-cu sinif şagirdi olub. -Ağdam rayonun Çullu kənd sakini, 2001-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Mənsur Quluzadə həyətdə özünü asıb. -Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi 2001-ci il təvəllüdlü Rüstəmov Faiq Fuad oğlu 14 mərtəbəli binanın damına çıxaraq özünü atıb. O, keçirilən 2-ci ixtisas qrupu üzrə imtahan verərək uğurlu nəticə əldə edə bilməyib və bu səbəbdən də intihar edib. Gəncin üzərindən coğrafiya fənninə aid test toplusu, 20 qəpik pul və eynək tapılıb . -Cəlilabad kənd sakini Nurlan İslam oğlu Mirzəyev yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. N.Mirzəyev 2018-ci il qəbul imtahanı zamanı II qrupa aid ixtisaslara qəbul olmaq üçün imtahan verib. O, imtahandan sonra anasına 400-480 bal topladığını bildirib. Anası isə onun az bal topladığını deyərək oğlunu danlayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyentlərin topladığı balları açıqlayandan sonra N.Mirzəyevin 310 bal topladığı məlum olub. Bu zaman anası ilə oğlu arasında yenidən mübahisə yaranıb. Nəticədə N.Mirzəyev anasının tənqidlərindən bezərək avqustun 10-da axşam saatlarında tövlədə özünü asaraq intihar edib. -17 yaşlı abituriyent Şəbnəm Rzayeva Yeni Günəşli qəsəbəsi, V massivindəki 5-ci binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Şəbnəm Rzayeva abituriyent imiş və Azərbaycan Tibb Universitetinə hazırlaşırmış. 17 yaşlı abituriyent sonuncu qəbul imtahanında 580-dən çox bal toplayıbmış. O, özünü yaşadığı 7-ci binadan deyil, yaxınlıqdakı 5-ci binadan atıb. Şahidlər deyib ki, Şəbnəm Rzayeva intihar edərkən sağ olub. Hətta təcili tibbi yardım maşını gələndə də canını tapşırmayıbmış. Onun rəfiqəsinin anası deyib ki, Şəbnəm ailədə 3 uşaqdan sonbeşiyi olub: “Ailədə bir qardaş, iki bacıdırlar. Gülərüz və həlim qız idi, hətta son günlərə qədər də depressiyada olmayıb. İlk imtahanda 530 bal toplamışdı, sonuncu imtahanda isə nəticələri bir az da yaxşılaşmışdı, 580 idi”. Qeyd edək ki, Ş. Rzayeva 278 saylı məktəbin məzunudur. Onun atası hazırda Rusiyadadır. - 2018-ci ilin mayın 13-ü qəbul imtahanından çıxandan sonra 17 yaşlı Pənah Quliyev Pənah Quliyev özünü yaşadıqları evin 5-ci mərtəbəsindən aşağı atıb və hadisə yerindəcə keçinib. İlkin araşdırma zamanı məlum olub ki, intihar, təqribən, gündüz saat 16.00 radələrində baş verib. Bundan bir qədər əvvəl gənc oğlan II və III qruplar üzrə keçirilən qəbul imtahanında iştirak edəndən sonra evə qayıdıbmış. Abituriyentin imtahanda kifayət qədər bal toplamadığı üçün anası onu danlayıb. Bundan qəzəblənən gənc münaqişə zamanı evin eyvanına çıxaraq özünü aşağı atıb. -Astara rayonun Alaşa kənd sakini, 1998-ci il təvəllüdlü Xəyalə Tağızadə yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. X.Tağızadənin orta məktəb şagirdi olduğu bildirilir. -Sabirabad rayonun Ahısxa kənd sakini, 2000-ci il təvəllüdlü Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Məlumata görə, R. Əılicanova 9-cu sinif şagirdi imiş. -Bakı Elitar Gimnaziyasının şagirdi intihar edib. Belə ki, Pərvin Mirzə qızı Əsgərova özünü yaşadığı evin hamamında asıb. Yaxınları onun meyitini bir neçə saat sonra aşkar ediblər. P. Əsgərovanın özünə qəsd etməsinin səbəbləri barədə isə hələlik heç bir məlumat yoxdur. Mərhumun Bakı Elitar Gimnaziyasının 11-ci sinif şagirdi olduğu bildirib. -Abşeronda intihar hadisəsi baş verib. Belə ki, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. Məlumata görə, F.Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.