İCRA MƏMURU QARABAĞ QAZİSİNİ CANA YIĞIB - Suraxanı icra və probasiya şöbəsinin özbaşınalığına hüquqi qiymət verilmir

Baxış sayı:
5981

Son günlər düşmənlə sərhəd bölgələrində insanlarımızın terror hücumu nəticəsində yaşamlarını itirmələri, yaşanan gərginlik bütün ölkəni ayağa qaldırıb. Hamı Vətənin bölünməzliyinə öz töhfəsini verməyə can atır. Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olan Qarabağ qazisi Xaliq Abbaszadəni cana yığıb. Bu vurhavurda icra məmuru Qarabağ əlilinin 10 il bundan öncə baş etibarnamə ilə 50 illiyinə icarə müqaviləsi əsasında satdığı yük avtomobilinin alqı-satqı müqaviləsi ilə həmin şəxsə satmasının məhkəmə qətnaməsi ilə təsbit edilməsini  “borc” kimi qəbul edib və əlildən olmayan borcunu ödəməyi tələb edir!
Qarabağ qazisi də çaşıb qalıb ki, daşınar əmlakını 10 il qabaq icarə müqaviləsi ilə, indi isə alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirirsə, hansı borcdan söhbət gedə bilər? İcra məmuru məhkəmənin hansı tarixli icra sənədi ilə onu -satıcını borclu kimi , alıcını tələbkar kimi qəbul edib və borcun mahiyyəti nədən ibarətdir? Vüsal Əliyevin Qarabağ qazisinə 17.07.2020-ci ildə poçt vasitəsilə ilə göndərdiyi və qaziyə 20.07.2020-ci ildə təqdim edilən bildirişdə , ümumiyyətlə, icra vərəqi yoxdur, sadəcə icra məmurunun icraata başlamaq haqqında qərarı var.
Axı, MƏHKƏMƏNİN QƏTNAMƏSİ İDDİAÇI İLƏ CAVABDEH ARASINDA  ALQI-SATQI MÜQAVİLƏSİNİN BAĞLANMIŞ HESAB EDİLMƏSİ  HAQQINDADIR. Məhkəmə cavabdehin üzərinə heç bir öhdəlik qoymayıb, sadəcə, tərəflər arasında mövcud olan icarə müqaviləsini alqı-satqı müqaviləsi bağlanması kimi təsdiq edib və bu  qətnamənin müqavilənin predmeti olan avtomobilin alıcısının  hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olduğunu qət edib. Bu məhkəmə aktında satıcı Qarabağ qazisinin nə öhdəliyi , borcu ola bilər? Sualın ritorikliyi göz önündə olsa da, Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyevin düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, Vüsal Əliyev kimi  yerli məmurların   pensiyasının yarısını, əmlakının hamısını  apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilinə qarşı özbaşınalığı bitmək bilmir.
Təsəvvür edin,  bu məmur Qarabağ əlilinin pensiyasını dələduz “Rəvan” sığorta şirkətinin hesabına ödəməyə ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məktub  (?) göndərib. Və sonuncu da  icra sənədi olmadan Vətəni müdafiə edərkən əlil olmuş şəxsin pensiyasını yarıqat edib. Halbuki, lap icra sənədi olsa belə, “İcra haqqında” qanunun 68.1.2 maddəsi TƏLƏBİN BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLMƏSİNƏ QADAĞA QOYUR! İcra məmurunun icra qanunvericiliyindən xəbəri yoxdursa, sosial təminat məmurunun da xəbəri olmalı deyil? ƏƏSMN sosial müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin ayırdığı vəsaitin ödənilməsinə görəvləndirilib, daha Qarabağ əlilinin pensiyasını dələduz sığorta şirkətinə,  icra məmuruna ödəməyə yox. İcra məmuru Vüsal Əliyev savadsızlıqdan və cəzasızlıqdan o qədər arxayınlaşıb ki, Qarabağ əlilinin həm pensiyasını yarıqat etdirib, həm də 10 il qabaq satdığı 30 minlik yük avtomobilini həbs etdirib. Avtomobilin 10 il qabaqkı və hazırkı yiyəsi Ayaz Umudəliyev 30 minə aldığı maşının əlindən reketliklə alınacağı təhlükəsi ilə üzləşib və Suraxanı rayon məhkəməsində  maşını aldığı Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı ALQI-SATQI MÜQAVİLƏSİNİN BAĞLANMIŞ HESAB EDİLMƏSİ TƏLƏBİ İLƏ İDDİA qaldırıb.  Hakim Nərminə Rzayeva 11.03.2020 tarixli qətnamə ilə iddianı təmin edib və QƏTNAMƏNİN İDDİAÇININ MÜLKİYYƏT HÜQUQUNUN QEYDƏ ALINMASI ÜÇÜN ƏSAS OLDUĞUNU QƏT EDİB. 
4 aydır tələbi təmin olunan tərəf 10 il qabaq olduğu kimi 30 minə aldığı avtomobilinin yiyəsidir və heç bir şikayəti yoxdur. Ola da bilməz axı!  İcra məmuru Vüsal Əliyevin özbaşınalığı nəticəsində daşınar əmlakının üzərinə qoyulan gizlin həbs bu qətnamə ilə gücünü itirib. Bəs indi Vüsal Əliyev Qarabağ əlilindən nə istəyir? Yəqin ki, Ədliyyə Nazirliyinin rəhbərliyi İcra Baş İdarəsinin və Suraxanı icra və probasiya şöbəsinin “reket istəyi”nə son qoymaq yolunu tutacaq. Digər hüquq mühafizə orqanları və bağlantılı qurumlar da eləcə. Hər halda Prezidentin “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019 tarixli fərmanının icrası bunu tələb edir, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilinin  məhkəmə qərarı olmadan pensiyasını yarıqat , əmlakını tam şəkildə tələb etməyi yox!



Məğrur BƏDƏLSOY
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.