“HƏRBİ TƏXRİBATLARIN ARXASINDA RUSİYA DAYANIR” - ADP hesab edir ki, Kremlin məqsədi KTMT hərbi qüvvələrini Azərbaycan-Ermənistan sərhədinə gətirməkdir...

ADP İdarə Heyətinin ötən həftə ərzində baş verən bir sıra ictimai-siyasi hadisələrin müzakirəsinə həsr olunan növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ilk öncə ötən həftə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi təxribat ətrafında fikir mübadiləsi aparılıb.
Baş vermiş hərbi təxribat zamanı Azərbaycan tərəfindən şəhid olan hərbiçilərimizə Allahdan rəhmət dilənib, onların yaxınlarına və əzizlərinə başsağlığı verilib. Müzakirə iştirakçıları baş vermiş hərbi təxribatın arxasında Rusiyanın dayandığını qeyd ediblər. Müzakirələrdə bu təxribatın törədilməsində Rusiyanın məqsədinin KTMT hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinə gətirmək və gələn ay Azərbaycan və Emənistan dövlət rəsmilərinin Vaşinqtonda planlaşdırılan görüşünün qarşısını almaq olduğu vurğulanıb, eyni zamanda Rusiyanın maraqlarına uyğun hərbi əməliyyatların keçirilməsinin və Azərbaycandan Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə edilməsinin yolverilməz olduğu bildirilib.
İdarə Heyəti atəşkəs rejiminin pozulmasının əleyhinə olduğunu, Azərbaycan-Ermənistan arasında mövcud olan problemlərin sülh danışıqları yolu ilə və Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi beynəlxalq hüquq normalarına uyğun təkliflər çərçivəsində həll olunmasının vacibliyini bildirib.
ADP hesab edib ki, vasitəçi tərəflərin beynəlxalq hüquqdan yan keçərək Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına təkliflər verməsi bu münaqişənin bu günə kimi davam etməsinin əsas səbəbidir.
İdarə Heyəti Azərbaycan-Ermənistan arasındakı münasibətlərin yoluna qoyulmasında hər hansı bir vasitəçiyə ehtiyac olmadığını, problemin birbaşa ikitərəfli danışıqlar əsasında müsbət həll olunmasına ümid etdiyini bildirib.
İdarə Heyəti ötən həftə İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılışı zamanı Azərbaycan dövlət bayrağının Ermənistan vətəndaşı tərəfindən yandırılmasına da münasibət bildirib. İdarə Heyəti idman tədbirlərinin siyasiləşdirilməsinin əleyhinə olduğunu, baş verən hadisəni beynəlxalq tədbirlərin ruhuna zidd olduğunu, ermənilərin gücsüzlüyünün və mənəvi deqradasiyaya uğradığının təzahürü kimi dəyərləndirib.
İdarə Heyəti Ermənistan tərəfinə əsir düşən Azərbaycan əsgərlərin fiziki zorakılığa, işgəncələrə və qeyri-insani rəftara məruz qalması ilə bağlı erməni teleqram kanallarının yaydığı foto və video materiallardan dərin narahatçılıq keçirdiyini bildirib. İdarə Heyəti hesab edib ki, həmin əsirlərin azad olunması ilə bağlı Azərbaycan hökuməti səylərini davam etdirməli, beynəlxalq ictimaiyyətin diqqətini isə Ermənistanın “Hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyası”nın tələblərini kobud şəkildə pozduğuna yönəltməlidir. İdarə Heyəti bundan əvvəl də orduda baş verən qanunsuz hallardan dolayı əsgərlərimizin Ermənistan tərəfə keçməsi və ya naməlum şəraitdə yoxa çıxması hallarını nəzərə alaraq Müdafiə Nazirliyini orduda əsgərlərə qarşı münasibət və nizam-intizamla bağlı problemləri aradan qaldırmağa çağırıb.
ADP cari ilin may ayının 14-də qardaş Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ətrafında da fikir mübadiləsi aparıb. Müzakirələrdə bu seçkilərin regionda və dünyada gedən proseslərə çox ciddi təsiri olacağı vurğulanıb. Eyni zamanda ayrı-ayrı dövlətlərin və təşkilatların Türkiyədəki seçkilərə müdaxilə cəhdləri qətiyyətlə pislənilib, bu Türkiyənin daxili işlərinə kobud müdaxilə cəhdi kimi dəyərləndirilib.
İdarə Heyəti Rusiya-Ukrayna müharibəsinin son durumunu da müzakirə edib. Müzakirələrdə bu dağıdıcı müharibənin hər iki tərəfin strateji maraqlarının təmin edilməsi ilə daha tez bitməsinin vacibliyi qeyd olunub.
Muxalifet.az