“HAŞDİ ŞABİ” VƏ PKK TÜRKİYƏYƏ QARŞI BİRLƏŞDİ - Rusiya Suriyadan çəkilir, İran özünü onun yerinə soxur…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 6-da Soçidə keçirilən danışıqlardan sonra Ankara Suriyanın şimalında PKK/YPG terror qruplaşmalarına qarşı yeni döyüşlərin “hər an başlaya biləcəyini” bildirdi. Bölgədən əldə edilən kəşfiyyat məlumatlarına görə, bu görüşdən sonra İranın dəstəklədiyi radikal şiə qruplaşması “Haşdi Şabi” PKK ilə razılığa gəlib.
Qafqaz.media xəbər verir ki, bu barədə “Haber7” portalına müsahibəsində təhlükəsizlik ekspertləri bildiriblər.
Xatırladaq ki, Ərdoğan Soçidən qayıtdıqdan sonra Ankaranın Türkiyənin cənub sərhədləri boyunca təxminən 30 kilometr dərinlikdə təhlükəsizlik zonası yaratmaqda qərarlı olduğunu açıqladı. Ancaq Türkiyə mənbələrinin yaydığı xəbərə görə, Ərdoğan Tehran və Soçidə keçirilən danışıqlarda Türkiyə, İran, Rusiya və Suriya rejiminə PKK/YPG-yə qarşı birgə hərbi əməliyyatlar keçirməyi təklif edib.
Ərdoğan Rusiya və İranla razılaşdığını açıqladı, Tehran isə…
Lakin Rusiya və İranın, o cümlədən Əsəd rejiminin bu təklifə münasibəti məlum deyil. İddialara görə, hazırda Türkiyə ilə Suriya rejimi arasında 2011-ci ildən bəri davam edən gərginliyin azaldılması və münasibətlərin bərpası üçün danışıqlar aparılır.
Türkiyənin Yeditəpə Universitetinin hüquq professoru Məsut Hakkı Kaşin bildirib ki, Ankaraya daxil olan kəşfiyyat məlumatlarına görə, Rusiya qoşunları Suriyanın şimalındakı bəzi bölgələrdən çıxarılıb və onların yerini “Haşdi Şabi” yaraqlıları tutub.
“Bu baxımdan, Türkiyənin pilotsuz təyyarələri və kəşfiyyatı bölgəni gecə-gündüz izləyir. Əməliyyat hər an başlaya bilər", - o deyib.
Onun sözlərinə görə, əməliyyatın ilk mərhələsində Fərat çayının qərb sahilində Tel Abyad və Mənbic ərazilərinin PKK silahlılarındaın təmizlənməsi nəzərdə tutulur. Çünki ərazidəki terrorçular Türkiyə ordusunun mövqelərini ağır silahlardan atəşə tutur.
Rusiya qoşunlarını geri çəkir, yerinə şiə qruplaşması daxil olur
Terror və təhlükəsizlik üzrə ekspert İbrahim Keleş İranın bölgədə Türkiyəyə qarşı hərəkətlərini gizlətmədiyini deyib.
“Tehran Türkiyənin bölgədəki təsirini özü üçün təhlükə hesab edir. İran Türkiyənin bölgədə terrorla mübarizəsini sabotaj edən qüvvələrdən biridir”.
Ekspertin fikrincə, Türkiyənin məqsədi İranla sərhədlərdən Aralıq dənizinə qədər sərhədi boyunca 30 kilometrlik təhlükəsizlik zonası yaratmaqdır. Bundan əvvəlki əməliyyatlar zamanı Suriyanın şimalındakı bəzi bölgələr kürd terrorçularından təmizlənib. Ancaq Türkiyə ilə həmsərhəd olan bəzi bölgələr hələ də onların nəzarətindədir.
Qafqaz.media