Hakimləri süni intellektin-robotun əvəz etməsi təklifi... – MƏĞRUR BƏDƏLSOY YAZIR
Hər ikisinin vicdanı yoxdur, obyektivlikdə isə robotlar əvəzsizdir
Məhkəmə hüquq sistemindəki özbaşınalıqlar bitmir ki bitmir. Prezident ha sərəncam versə də, kağlz üzərində qalır, hakimlər, vəkillər, icra-ədliyyə məmurları qeyri-prosessual sövdələşmədən əl çəkmirlər. Özbaşınalıq elə həddədir, elə dözülməzdir, hətta Məhkəmə Hüquq Şurası qeyri-prosessual ilişginin subyekti rolunda çıxış edir. Belədə hansı obyektivlikdən, hüquqdan, ədalətdən, vicdandan danışmaq olar?
Qarabağın işğaldan qurtuluşunda olduğu kimi, məhkəmə hüquq sistemini də rüşvət, korrupsiya bazarlığından azad etməyin yolu, deyəsən, “dəmir yumruq”dan keçir. Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri xidmətin “ASAN”laşdırılmasındakı”, elektron hökumət sisteminin qurulmasındakı böyük təcrübəsini “elektron məhkəmə” sisteminə tətbiq etməkdə çətinlik çəkməz yəqin. Hakimlərin süni intellektlə əvəz olunması təklifinə də baxmaq olar. Onsuz da qanunvericiliyə edilən dəyişikliklər məhkəmə hakimlərini tərəfləri çağırmadan yazılı icraat qaydasında daxili inamı- vicdanı ilə işə baxmağa yönəldib. Daxili inam-vicdan isə böyük çoxluqda yox dərəcəsindədir. Təsəvvür edin, hər dəfə bir vicdansız “əsas” ilə hətta kassasiya instansiyasında da Qarabağ qazilərinə dövlət hesabına vəkil ayrılmasından imtina edilir. Ali Məhkəmədə icraat isə tərəflər olmadan gerçəkləşir. Belədə vəkilin məcburi iştirakına nə ehtiyac? Ondansa süni intellektin hakimlik etməsi daha məntiqli olmazmı? Düzdür, süni intellektin də vicdanı olmur, amma obyektivlikdə məhkəmələr robotla müqayisə belə oluna bilməz. Konstitusiyanı, məcəllələri, qanunları süni intellektin “beyninə” yükləməklə Konstitusiyaya uyğun məhkəmə aktlarının qəbul edilməsində problem yaşanmaz. Yoxsa Nizami məhkəməsi ( h. Ülkər Yusifova) 5 aydır “Bravo”, “Qrandmart”, “SPAR” marketlərin istehlakçı hüquqlarını pozmasından iddia üzrə qərardaddan şikayəti apellyasiya instansiyasına göndərmir ki, bu alverçilər toxunulmazdır. Bakı Apellyasiya Məhkəməsi lap ağ edir, dılğır bir qərardaddan şikayətə üçü qanuni ( Günay Axundova, Fuad Babayev və Cəmilə Musayeva), üçü qanunsuz ( Fuad Abdıyev, Anar Tanrıverdiyev və Fərrux Qasımov) 6 hakim 8 qərardad qəbul edib, hələ də -6 aydır şikayəti kassasiya instansiyasına göndərməyə vicdan kasadlığı edirlər. Süni intellekt belə vicdansızlıq edərmi? Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalov , Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ( sədrlik edən Aytən Oruczadə) Qarabağ qazisi xəstəxanada yatanda vicdanlarını oyada bilməyiblər ki, onsuz da iddianı mümkün saymayacaqlar. Vicdansızlıq bir deyil, beş deyil, bütün məhkəmə hüquq sistemini işğal edib. Süni intellekt belə edərmi? Kəsinliklə yox!
Gəlin, Qarabağ qazisinin təklifinə , özünə olduğu kimi, ögeylik göstərməyin, məhkəmə hüquq sistemində süni intellektin qayda yaratmasına “hə” deyin! Vicdansız robotlar canlı insanlardan qərəzsiz, ədalətli , obyektivdirlər, işlərə faktlar və qanun əsasında baxacaqlarına şübhə yoxdur.
Məğrur BƏDƏLSOY