Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!

Baxış sayı:
524

Beynəlxalq Bank icra məmurunun dələduzluğunu Konstitusiyadan üstün tutur
1-ci dərəcəli gözdən əlil Bədəlov Zahid Xanmalı oğlu pensiyasının tam kəsilməsini dərman alanda kartının “boş” olmasından bilib. Pensiya ödəyən orqan – DSMF pensiyanın tam köçürüldüyünü, vasitəçi Azərbaycan Beynəlxalq Bankı (ABB) isə Ədliyyə Nazirliyinin Xətai icra şöbəsinin sərəncamı ilə təyinatı üzrə əlilin kartına yox, adını demədiyi icra məmuruna ödənildiyini bildirib.
Beynəlxalq Bankın əmanətə xəyanət etdiyi göz qabağındadır. Bank dövlətin ayırdığı vəsaiti, pensiyanı, daşınar əmlakı yiyəsinə, pensiyaçıya - mülkiyyətçisinə verməyə dövlət tərəfindən vasitəçi edilib. Onun işi, görəvi vasitəçilikdir, köçürülən pulu yiyəsinə verməkdir. Bankın hansısa icra qurumunun sərəncamını, göstərişini icra edib, vətəndaşın pensiyasını verməməsi özbaşınalıqdan başqa bir şey deyil. Belə çıxır, ABB icra məmurunun sərəncamını Konstitusiyadan üstün tutur?
Ədliyyə Nazirliyin Xətai icra şöbəsinin, adı açıqlanmayan icra məmurunun 1-ci dərəcəli gözdən əlilin pensiyasına göz dikməsi isə özbaşınalıqdan özgə, həm də vicdansızlıqdır, görəvindən rüşvət, korrupsiya amacı ilə yararlanmaqdır. İcra şöbəsinin , icra məmurunun “İcra haqqında” qanundan xəbəri yoxdur? Bilmirlər ki, heç kəs məhkəmənin qərarı olmadan əmlakından - pensiyasından məhrum edilə bilməz, borc tələbinin əmlaka yönəldilməsi yalnız məhkəmə qərarı ilə mümkündür? Onu da bilmirlər ki, “İcra haqqında” qanunun 68.1.3 maddəsində tələbin 1-ci dərəcəli əlillərin aldıqları vəsaitlərə yönəldilə bilməzliyi təsbit olunub? Bilmirlərsə, DİM-in testindən, Ədliyyə Nazirliyinin söhbətləşməsindən necə “ədliyyə, icra məmuru” kimi çıxıblar?
Konkret halda isə, ümumiyyətlə, heç icra sənədi də yoxdur, böyük bir reketlik, korrupsiya, cinayət faktı ortadadır, 13 ildir qiymət verən yoxdur. Əksinə, reketlik edən, Xətai Məhkəməsinin adından saxta qətnamə, icra vərəqi tərtib edən icra məmuru Kamil Çingiz oğlu Əliyev 3 ildir (Yevlax rayon məhkəməsinə) hakim təyin edilib. Hələ bu harasıdır, bir aydır Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam edilən keçmiş icra məmurunun “ədalətli” hökmləri hələ qabaqdadır. Belə hakim təyinatı, məhkəmə, hüquq sistemi ilə hansı ədalətdən, hansı hüquqdan danışmaq olar?
2012-ci ilin aprelində Xətai icra şöbəsinin icra məmuru Kamil Çingiz oğlu Əliyev 1-ci dərəcəli gözdən əlil Zahid Bədəlov Xanmalı oğluna zəng edib, barəsində məhkəmə qətnaməsilə 3 minlik borc olduğunu bildirib və görüşüb sövdələşməyi təklif edib. Təbii ki, heç bir borcunun, məhkəmə qərarının olmadığına əmin olan “borclu” işini “ehtiyatlı” tutub və Xətai rayon məhkəməsinə sorğu göndərib. Məhkəmə 07.12.2012 tarixli cavabla icra, sığorta dələduzlarından ibarət mütəşəkkil dəstəni məyus edib: “Bədəlov Zahid Xanmalı oğlu cavabdeh olmaqla ona qarşı hər hansı bir mülki İDDİA ƏRİZƏSİ 2012-Cİ İLDƏ XƏTAİ RAYON MƏHKƏMƏSİNƏ DAXİL OLMAMIŞDIR”. Di gəl, bu cavab reketləri cinayət əməlindən nəinki çəkindirib, əksinə, Prezident Administrasiyasından, Ali Məhkəmədən, Ombudsmandan Ədliyyə Nazirliyinə (ƏN) daxil olan şikayətlərə cavab olaraq ƏN-in icra baş idarəsinin rəisi Xanlar Zeynalov, rəis müavini Fərid Əfəndiyev Xətai icra şöbəsinə istinadla 2014-cü ildə bildirib ki, Xətai rayon məhkəməsinin 08.04.2012-ci il tarixli qətnaməsinə əsasən borclunun avtomobilinə həbs qoyulub, polislə Xətai icra şöbəsinə gətirilib və 500 manat cərimə edilib. (??) İcra məmurunun qətnamə çıxarmasının mümkünsüzlüyünə cavab olaraq hakim Raziya Ataşovanın 08 aprel 2012-ci il tarixli SAXTA qətnaməsi “borclu”ya 2014-cü ildə şəxsən təqdim edilib.
Bəs axı, 07.12.2012-ci il tarixli məktubla Xətai məhkəməsi Zahid Bədəlova qarşı 2012-ci ildə heç bir iddianın məhkəməyə daxil olmadığını bildirib! Məhkəmənin 07.12.2012-ci il tarixli məktubunun YANLIŞ olduğu, 08 APREL 2012-Cİ İLDƏ QƏTNAMƏ çıxarıldığı ali dövlət hakimiyyəti , hüquq müdafiə orqanlarına, ombudsmana 12 İLDİR sırınır. Və bu absurd saxtalıq hələ də sürür. CİNAYƏT FAKTINA baxın, 08 APREL 2012-Cİ İL BAZAR GÜNÜ olub və bu gündə mülki iş üzrə QƏTNAMƏ çıxarıla bilməz!
Nə yazıq, cinayətə yol vermiş icra məmurları, ədliyyə işçiləri, hakimlər cəzalandırılmaq yerinə, qanunsuzluğa uğrayan 1-ci dərəcəli gözdən əlil həm avtomobilindən, həm azadlığından, indi isə pensiyasından məhrum edilir.
M.Ağsu
P.S. 2014-cü ildə ədliyyə naziri Fikrət Məmmədova məsələni aydınlaşdırmağı tapşıran Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev hazırda Ədliyyə Nazirliyində müavin, Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimidir.
Bazar günü “çıxarılan” məhkəmə “qətnaməsi” isə “yerini dəyişməyib”, hələ də Konstitusiyadan da üstün ən yüksək qüvvədədir!