“GİLAN HOLDİNG” PREZİDENTİN TAPŞIRIĞINA ƏMƏL ETMİR… - İşdən qanunsuz olaraq çıxarıldığını iddia edən vətəndaşdan Mehriban Əliyevaya müraciət

Baxış sayı:
850

Bakı şəhəri, Nəsimi rayonu, Ağdadş Qurbanov küçəsi, ev 22 ünvanında yaşayan Əliyev Elvin Rəşadət oğlu  tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
“Hörmətli xanım Mehriban Əliyeva!
Bildirim ki, mən Daxili Qoşunlarda - Xüsusi Təyinatlı Dəstədə hərbi xidmət keçmişəm. Dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılmışam. 5 il Rusiyada mühafizəçi kimi işlədikdən sonra Azərbaycana qayıtmış və işimi davam etdirmişəm.
2019-cu ilin 21 mayından 2020-ci ilin dekabrın 21-dək “Gilan Holding” MMC-nin Texniki Depertamenti Nəzarət Şöbəsinin mütəxəssisi vəzifəsində işləmişəm. Lakin çox təəssüflər olsun ki, dekabrın 21-də mənə bildirdilər ki, “gətir formanı təhvil ver, sən işdən azad olursan”.
Doğrusu, “soyuq duş effekti” verən bu cavabdan hələ də özümə gələ bilmirəm. Axı, hansı sivil qaydalara əməl edən idarə indiki ağır pandemiya dövründə işçisini xəbərdarlıq etmədən çölə atar? Axı, cənab prezident də göstəriş verib ki, heç bir dövlət və ya özəl sektorda işçilərin əsassız işdən çıxarılmasına yol verilməsin. Budur, məni Əmək Məcəlləsinin 68-ci bəndinin 2-ci hissəsinə görə işdən əsassız azad etmişlər.
Mən öz narazılığımı ifadə edən məktubla idarəmizin baş ofisi yerləşən Cəfər Cabbarlı küçəsi ev 46-da ( “Caspian Plaza” ilə üz-üzə) ərizəmi təqdim etdim. Dedilər ki, 2 həftəyə baxılıb, cavab veriləcək. Lakin bu günə kimi mənə rəsmi cavab vermədilər.
Xatırladım ki, Bakı Dəniz Vağzalının sol tərəfində yerləşən iş yerimizdə məndən başqa digər şəxslər öz fəaliyyətini davam etdirirlər. Bu, sadəcə mənə qarşı olan ayrı-seçkilikdir. Hazırda bu tikinti şirkətində başqa şirkət də gəlib fəaliyyətə başlayıb. Və yeni işçilər yığır.
Hörmətli Mehriban xanım, sizə ona görə müraciət edirəm ki, mən gənc ailəyəm, iki azyaşlı övladım var. Hazırda da iş tapmaq çox çətindir. İqtisadi çətinliyimi nəzərə alaraq, məni əvvəlki işimə bərpa edilməyimə köməklik göstərməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm”.


Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.