“Ermənistanda xaos davam edəcək” – ELXAN ŞAHİNOĞLU

Baxış sayı:
4744

Hakim Respublika Partiyası parlamentdə Nikol Paşinyanın baş nazirliyinə səs verməməklə taktiki baxımdan doğru addım atıb.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyanın baş nazir seçilməsi üçün Respublika Partiyasından ən azı 8 səs lazım idi:
"Bu isə avtomatik iki nəticəyə gətirib çıxaracaqdı. Birincisi, 8 “xəyanətkar səs” faktiki hakim Respublika Partiyası parçalanmasına yol açacaqdı. İkincisi, Respublika Partiyası rəsmən müxalifətə keçməli olacaqdı, bu isə gələcəkdə korrupsiyalaşan hakim partiyanın siyasi arenadan tədricən silinməsinə gətirib çıxaracaqdı. Onlarsa buna hazır deyillər. Ona görə də hakim partiya müqavimət göstərmədən təslim olmaq istəmir".
Politoloqun sözlərinə görə, strateji baxımdan Respublika Partiyası Ermənistanın uçuruma yuvarlanmasını sürətləndirdi:
"Birincisi, bir həftə içərisində Nikol Paşinyan meydanda Respublika Partiyasına qarşı müqaviməti gücləndirəcək. Bu isə Ermənistanda xaosun davamı deməkdir. Elə ola bilər ki, bu günlərdə Respublika Partiyasından qopmalar baş versin və ikinci səsverməyə qədər Paşinyan gərəkən 7 səsi əldə etsin. Ancaq bu olmazsa, Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək və bu, qonşu ölkənin tarixində ən mürəkkəb və ən gərgin seçkiyə çevriləcək. O da aydındır ki, seçkinin elə bir qalibi olmayacaq ki, hökumət bir partiyadan formalaşsın, koalisiya axtarışı da xeyli vaxt və enerji tələb edəcək".
Qeyd edək ki, Daşnaksütyun və Çarukyan blokları ilə birgə 47 səs əldə edən Paşinyanın bugünkü iclas zamanı cəmi 45 səsi olduğu üzə çıxmışdı. Belə ki, Məlik Manukyan ABŞ-a müalicəyə getdiyi üçün iclasa qatılmamışdı. Zakaryanın iclasa qatılmaması səbəbi isə bilinmir. Beləliklə, Paşinyanın baş nazir olması üçün vacib 53 səs toplamasına 8 səs lazım idi.
Növbəti səsvermədə isə Zakaryanın iclasa gələcəyi və Paşinyana 7 səs lazım olacağı ehtimal edilir(axar).