Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri – AYLIQ HESABAT

Baxış sayı:
3487
2018-ci ilin sentyabrın 1-dən 30-na kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edirik.

 

Sentyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 2-si naməlum, 1-i təxribat, 1-i qəsdən öldürülmə, 1-i isə qəza hadisə nəticəsində baş verib. 

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 8 düşmən hərbçisi (4-ü döyülmə, 2-si qəza, 1-i güllələnmə, 1-i mina partlayışı) yaralanıb. Bununla yanaşı, ən azı 1 fərarilik, 1 korrupsiya, 1 oğurluq faktı da aşklarlanıb. 

2 sentyabr 

Saat 21:00 radələrində Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində, erməni hərbi qulluqçu 1996-cı il təvəllüdlü Vanik Artur Qevorqyan (Kotayk vilayətinin Qetameç kənd sakini) ölüb. 

O, sirli şəraitdə Horadiz yaxınlığındakı Daşkəsən (“Ara ler” - Ara dağı) yaşayış məntəqəsində Ermənistan ordusunun qanunsuz dislokasiya olunan 25918 nömrəli artilleriya hərbi hissəsində öldürülüb. 

Onun meyiti sentyabrın 2-də yarıdağılmış tikilidə, boğazına ip dolaşmış vəziyyətdə aşkar edilib. Boğazında boğulma əlamətlərinə bənzər xəsarət izləri aşkar edilib. İstintaq orqanı, ilkin olaraq əsgərin asılma yolu ilə intihar versiyasını irəli sürsə də, onun asılmış halda intihar edən şəxsə aid olmayan əlamət kimi ayaqları yerdə olan vəziyyətdə aşkar edilməsi bu versiyanın ziddiyyətli olduğunu göstərir. 

3 sentyabr 

İşğal altında olan Qarabağda erməni hərbi qulluqçu qəza nəticəsində ölüb. 

Saat 14:45 radələrində Qarabağdakı qanunsuz hərbi hissələrdən birinin komendant taqımının sürücüsü, müddətli xidmət hərbi qulluqçusu əsgər V.A ona təhkim edilmiş, hərbi hissəyə məxsus “UAZ 3151” markalı avtomobili idarə edərkən, hərbi hissənin daimi yerləşmə məntəqəsindən ön xətt mövqelərinə doğru gedən yolun hərəkət hissəsindən çıxaraq sağ tərəfə aşıb. 

Qəza nəticəsində sərnişin komendant taqımının komandiri kapitan rütbəli Vazgen Qaqikoviç Xaçatryan aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. 

17 sentyabr 

Ermənistan ordusunun "N" nömrəli hərbi hissə komandirinin arxa cəbhə təminatı üzrə muavininə qarşı mənimsəmə faktı üzrə ittiham irəli sürülüb. 

Məlum olub ki, o, 2017-ci ilin sentyabr-dekabr ayları ərzində yol vərəqlərini saxtalaşdırmaq yolu ilə ona həvalə edilmiş əmlakı mənimsəyib. 

Bununla yanaşı, erməni hərbçi, ona verilən 200 litr yanacağın guya tam sərf edildiyi barədə saxta məlumat da təqdim edib. 

*****

Gecə saat 05:00 radələrində İrəvan şəhərində “kaskadyorluq” əlamətləri ilə avtoqəza baş verib. Armavir şəhər sakini 30 yaşlı Aram Arakelyan idarə etdiyi "Toyota Camry" markalı avtomobillə İrəvana doğru hərəkət edərkən yolun hərəkət hissəsindən çıxmış Artaşat yolunda yol polisinin daimi nəzarət məntəqəsinin (“Norqavit QAİ postu” kimi tanınır) divarına çırpılaraq, nəzarət məntəqəsinin içərisinə daxil olub. Nəticədə sərnişin və sürücü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya təxliyyə ediliblər.

"Toyota" markalı avtomobili idarə edən 25 yaşlı Narek Vardanyan, sərnişin isə 30 yaşlı Aram Arakelyan olub. Məlumata görə, 30 yaşlı Aram Arakelyan kapitan rütbəsində, 25 yaşlı Narek Vardanyan isə gizir rütbəsində olmaqla Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət edirlər. 

19 sentyabr 

Saat 13:30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda, ilkin məlumatlara görə, boyun nahiyəsindən müqaviləli erməni hərbi qulluqçu, Haykaz Babken Matevosyan (1980-cı il təvəllüdlü, 2011-ci ildən qulluq edirdi, Tavuş hərbi komissarlığı) güllə yarası alıb. 

O, xəstəxanaya aparılarkən yolda keçinib. 

20 sentyabr 

İşğal altında olan ərazilərimizdə yerləşdirilən düşmən ordusunun bölmələrindən birində Gümrü şəhərindən hərbi xidmətə çağrılmış Kolya Yegoyan ve Qurgen Yegoyan qardaşları əslən Qarabağdan olan əsgərlər tərəfindən vəhşicəsinə döyülüblər.

Komandanlıq Yegoyan ailəsini şikayət etməməyə razı salmağa və faktı ictimaiyyətdən gizlətmək məqsədilə ört-basdır etməyə çalışır. 

*****

İşğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində zabit tərəfindən növbəti rüşvət tələbetmə faktı aşkar olunub.

İrəvandan Ağdərəyə oğlu, əsgər Tiqran Melkonyanı görməyə gələn əsgər valideyni onun Ermənistana toy mərasiminə buraxılması barədə hərbi hissənin zabitinə müraciət edib.

Üçüncü taborun əsgəri T.Melkonyanın valideynlərindən toya getməyə icazə vermək əvzində 200 ABŞ dolları məbləğində pul tələb olunub. 

*****

Özünü Artur T. kimi təqdim edən şəxsin bildirdiyinə görə, Ağdərənin Meqrelalay yaşayış məntəqəsində xidmət edən qohumu xidmət yoldaşları tərəfindən bir neçə dəfə təhqirlərə məruz qaldığına və döyüldüyünə görə xidmət yerindən qaçıb.

Həkim müayinəsi zamanı gənc əsgərin müxtəlif zədələr alması və burnunun sınması da aşkar edilib. 

Xəbəri təsdiq edən tibb xidməti rəisi Nairi Qriqoryan, həmin gün başqa bir döyüş postunda, 17-ci bölükdə erməni əsgərin xidmət yoldaşı tərəfindən pulemyotdan atəş açılaraq vurulması xəbərini də hərbi prokurorluğa məruzə etdiyini deyib.

*****

İşğal altında olan Madaqiz (Tərtər rayonu) kəndində hərbi növbətçiliyini yerinə yetirərkən Vanadzor sakini, 20 yaşlı hərbi qulluqçu Artur Gevokyan yaralanıb.

Onun mina partlayışından yaralandığı qeyd olunub.

Bildirilib ki, Artur Gevokyanı İrəvana köçürüblər. Onun buradakı "Mratsan" hospitalında bir ayağı amputasiya edilib

22 sentyabr 

Saat 16:00 radələrində, işğal altında olan Qarabağın şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Artsax Mher Hovsepyan məhv edilib. 

Məlumata görə, o, ilkin olaraq sağ yanaq nahiyəsindən yaralanıb və hərbi hospitala təxliyyə edilərkən yolda ölüb. 

26 sentyabr 

Saat 20:10 radələrində Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində, erməni hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü, kiçik çavuş Ağasi Derenikoviç Mkrtçyan odlu silah yarası alıb və təxliyyə edildiyi hospitalda saat 21:20 radələrində ölüb. 

Onun odlu silah yarasından öldüyü bildirilir. 

28 sentyabr 

İşğal altında olan ərazilərimizdə yerləşdirilən və “Kaytsak” adlandırılan hərbi hissədə xidmət edən Tiqran Varosyan adlı hərbi qulluqçu vəhşıcəsinə döyülüb. 

Burnu sındırıldığına görə Xankəndi hospitalında təcili əməliyyat olunan T.Varosyanın valideynləri komandanlığın təkidli “xahişi” ilə hüquq mühafizə orqanlarına şikayət etməməyə razı olublar.

Ordu.az