​Ermənistan bundan əl çəkməlidir - ABŞ mediası

Baxış sayı:
2884

Amerikada çıxan “The Daily Caller” qəzetində “Jewish News Service” nəşrinin sabiq baş redaktoru Ceykob Kamarasın Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Ermənistanda yaranmış dözülməz iqtisadi və siyasi vəziyyət barədə məqaləsi dərc edilib.
Muxalifet.az xəbər verir ki, Ermənistanı “durğunluq vəziyyətində olan zibilxana” adlandıran müəllif erməni deputat Aram Manukyanın bəyanatlarına istinadla yazır ki, deqradasiyaya uğramış bu ölkədə vəziyyət get-gedə pisləşir, Ermənistan “Avrasiyada dövlətləraarası iqtisadi münasibətlərdə praktiki olaraq heç bir rol oynamır”.
Müəllif A.Manukyandan sitat gətirərək qeyd edir ki, Ermənistanı regional və beynəlxalq miqyaslı bütün layihələrdən, o cümlədən dəmir yol və enerji layihələrindən kənarda qalır.
Manukyan təəssüflə vurğulayır ki, Azərbaycan, Türkiyə və Gürcüstanın təşəbbüsü ilə başlanmış “Yeni İpək Yolu” kimi mühüm layihədə Yerevan iştirak etmir. Keçən il həmin layihə çərçivəsində bu ölkələri birləşdirən, Avropa ilə Çin arasında yük və sərnişin daşımalarını təmin edən, Ermənistandan yan keçən Bakı-Tbilisi-Qars dəmiryol xətti istifadəyə verilib.
Ekspert yazır ki, eyni zamanda, Azərbaycan artıq bu il Türkiyəyə təbii qaz nəql edəcək. Sonra, 2019-cu ildə isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm element olan “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Avropaya nəql ediləcək. Ermənistanda baş alıb gedən korrupsiya ölkədə vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən, sağlam düşüncəli investorların heç biri Ermənistanda sərmayə qoymağa risk etmir.
Azərbaycan və Gürcüstan öz iqtisadiyyatlarını qərb ölkələri, ABŞ və Avropa ilə sıx münasibətlər əsasında qurur. Ermənistanın geridə qalmış iqtisadiyyatı əvvəlki kimi yenə də kənd təsərrüfatından asılıdır, inflyasiyanın sürətlə artması və ciddi zəka axını müşahidə olunur.
Kamaras yazır ki, Ermənistanın bu “girdab”dan çıxmasının yeganə mümkün yolu Azərbaycan ilə münaqişəni həll etmək və iqtisadi cəhətdən güclü olan bu dövlətlə yaxınlaşmaqdır. Bu məqsədə nail olmaq üçün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalından əl çəkməlidir. BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi də bunu tələb edir.
Kamaras sonda yazır ki, ABŞ Qafqazdakı bu reallığı nəzərə almalıdır. ABŞ başqa bir ölkənin siyasi vassalı olan, dilənçi vəziyyətinə düşmüş Ermənistanla deyil, regionun “qərbyönümlü iqtisadi ulduzları” olan Azərbaycan və Gürcüstanla müttəfiqlik etməlidir.