“Ermənidən yol pulu alıb Azərbaycana qayıtdıq” – RUSİYADA GİROV SAXLANILAN AZƏRBAYCANLILAR ŞİKAYƏT EDİR

“OOO Akkord SpesStroy” şirkətinin təsiscisi İlqar Hacıyevin Rusiyaya apardığı ustaların pulun vermədiyi, özlərinə isə təzyiq etdirdiyi haqda məlumat vermişdik. “AKKORD”un prezidenti 39 nəfəri Moskvaya apardı və... - “Yalvarırdıq ki, bizi öldürməyin, nə istəsəniz edərik” sərlövhəli yazıda adı keçən və redaksiyamıza müraciət edən Eldəniz Yusifoğlu Muxalifet.az-a növbəti şikayət məktubu ünvanlayıb. O, yazır:
“Beynəlxalq dələduz şəbəkə ilə rastlaşan ustalar bildirir ki, Musayev Cümşüd və oğlanları Rahib və Elvin onları mənfi 7 dərəcə şaxtada, mühafizəçilərin köməyi ilə çölə atdırıb. Nəinki işlədiyimiz zəhmət haqqını, hətta heç yol pulu da vermədilər ki, gəlib vətənimizə çıxaq. Həmin tikintidə “prorab” işləyən milliyətcə erməni Artur Evanisyan adlı şəxs bizim halımıza acıyıb, bizə 150 min rus rublu verdi. Bu pulla biz gəlib ac-susuz Azərbaycana çıxdıq.
Qürbət eldə bir azərbaycanlının edə biləcəyi ən böyük pisliyi bizə məhz öz millətimizin nümayəndələri etdi. Bizi düşmənə möhtac qoydu. Bizim düşmən hesab etdiyimiz erməni bizə əl tutdu. Nə deyəsən və düşünəsən, bilmirsən.
Rusiyada fəaliyyət göstərən “OOO Akkord SpesStroy” şirkətinin təsiscisi öz həmyerlimiz İlqar Hacıyev adlı şəxsdir. Tikintiyə nəzarət edən şəxs Musayev Elvin İlqar Hacıyevin kürəkənidir. Cümşüd Musayev isə “Akkord SpecStroy”un sahibi İlqar Hacıyevin bacısının əridir. Bu hadisələr həmin şirkətin Moskva şəhərindən 30 kilometr kənarda Odintsovo rayonu Mitkino kəndində yerləşən tikintisində baş verib. Bir müddət işlədikdən sonra zəhmət haqlarını istəyən ustalar, pul ala bilmədikləri üçün işlərini dayandırmağa qərar veriblər. Bundan sonra ustaları müxtəlif hədə-qorxu gəlməklə onları girov saxlayıb, məcburi əməyə təhrik ediblər.
Ustaların üzərinə odlu silah çıxaran həmyerlimiz Elvin Musayev işləməyəni yerindəcə güllələyəcəyini bildirib. Öz evinə, ailə uşağına pul qazanmaq üçün gedən ustalar öz millətimizin nümayəndələri Musayevlər tərəfindən cinayət əməllərinə məruz qalıb. Bu, həm hüquqi, həm də milli-mənəvi cinayətdir. Artıq baş prokurorluğa və bir sıra hüquq mühafizə orqanlarına müraciət etmişik. Nəticə gözləyirik. İndi Siz deyin əziz millətimiz, Musayevləri bağışlamaq olarmı?”.

Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.