DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

Baxış sayı:
2929

Əbülfəz Məlikov milyonlarla manat məbləğində dövlət büdcəsinə vergi və gömrük ödənişlərini ödəməkdən yayınmaqda, habelə vəzifə saxtakarlığında ittiham olunur

Tanınmış broker Əbülfəz Məlikov həbs edilib.
Muxalifet.az
xəbər verir ki, Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb.
O, külli miqdarda, milyonlarla manat məbləğində dövlət büdcəsinə vergi və gömrük ödənişlərini ödəməkdən yayınmaqda, habelə vəzifə saxtakarlığında ittiham olunur.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan “Broker MMC” rəhbəri Əbülfəz Məlikovun hansı maddələrlə ittiham olunduğu məlum olub.
APA xəbər verir ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

Qeyd edək ki, “Broker Əbülfəz” adı ilə tanınan və gömrük sistemindəki monopolist sistemin əsas fiquru hesab edilən Ə.Məlikovun həbsi cəmiyyətdə geniş müzakirə olunur. Onun uzun illərdir gömrük sistemində ölkəyə idxal edilən bir sıra məhsulların hüququna yiyələndiyi, özünə böyük biznes imperiyası yaratdığı bildirilir.
Mətbuatda yayılan məlumatlar, eləcə də sosial şəbəkələrdə bir çox tanınmış şəxslərin yazdıqları Əbülfəz Məlikovun ətrafındakı müzakirələri daha da qızışdırıb. Onun haqqında ən sensasiyalı fikirləri isə Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, keçmiş deputat, politoloq Cümşüd Nuriyev deyib. C.Nuriyevin iddialarına görə, Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir. Sabiq deputatın bu açıqlamasından xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəf bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirməyib, münasibət bildirməyib.
Digər məlumatlara görə, Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. Mətbuatda yayılan iddialara görə, M.Əhədəpur da erməni əsillidir və daha əvvəl Manukyan soyadını daşıyıb. Onun İran və Rusiyada böyük biznes şəbəkəsi var.
Bildirilir ki, əslən Şamaxıdan olan Əbülfəz Məlikov biznesə siqaret satışı ilə başlayıb. “28 May” metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikovun Azərbaycana ilk dəfə qeyri-qanuni yollarla siqaretlərin gətirilməsi işini həyata keçirdiyi iddia olunur. Belə ki, illər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlərin çoxluq təşkil etdiyi dövrdə həmin məhsulların Əbülfəz Məlikovun təşkilatçılığı ilə gətirildiyi qeyd edilir. Bundan sonrakı dövrdə isə onun iranlı iş adamı Mənüçöhr Əhədpurla yaxınlığı, qohum olması və biznesini böyütdüyü bildirilir.
Qeyd edək ki, bir müddətdir hüquq-mühafizə və xüsusi xidmət orqanları Dövlət Gömrük Komitəsində araşdırmalar aparır. Bu çərçivədə komitənin rəhbərliyi vəzifədən azad edilib, bir neçə general və digər yüksək vəzifəli şəxslər həbs edilərək barələrində cinayət işi açılıb.