"DTX ARİF ƏSGƏROVU DA HƏBS ETMƏLİDİR" - Tanınmış cərrahdan ölkə başçısına şok müraciət

Baxış sayı:
7960

"İcra başçısıAsif Əsgərovun köməkliyi ilə "Regal" MTK  mənə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur"

"Dövlət Təhlükəsizlik Xidməti paytaxtdan uzaq bir rayonda icra başçısını rüşvətxorluqda ittiham edərək həbs edir, çox sağ olsunlar. Lakin Bakı şəhərinin göbəyində Nəsimi Rayon icra başçısı olan Asif Əsgərov həbs edilmir"

Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərovun evinin “Regal” MTK tikinti şirkəti tərəfindən söküldüyü haqda məlumat vermişdik. Qeyd etmişdik ki, evinin qanunsuz olaraq uçurulmasına rəğmən, qarşılığında kompensasiya ala bilməyən Q.İskəndərov uzun müddətdir haqqının bərpa olunması istiqamətində mübarizə aparır.
Xatırladaq ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da sözügedən tikinti şirkətinin rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan darmadağın edilib. Bununla bağlı Muxalifet.az saytı vasitəsilə dəfələrlə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara, hətta Səudiyyə Ərəbistanının Kralına və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Rusiya prezidenti Vladimir Putinə müraciət etsə də, Q.İskəndərovun şikayətinə hələ də baxan yoxdur.
Prezident İlham Əliyevin bu yaxınlarda vətəndaşlara müraciət etməsindən sonra Q.İskəndərov Muxalifet.az vasitəsilə ölkə başçısına, eləcə də Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə növbəti müraciətini ünvanlayıb:
"Möhtərəm Prezident!
Televiziya ekranlarından Siz vətəndaşların şıkayətlərini Prezident Administrasiyasına ünvanlamağı məsləhət görürsünüz. Məlumat üçün bildirim ki, şəxsən Sizə ünvanladığım çoxsaylı sikayətlər indiyədək baxılmamış qalmaqdadır. 
Sizə bildirmək istərdim ki, mən xaricdə həkim kimi çalışdığım zaman, 16 may 2017-cu il tarixində “Regal” MTK adlı tikinti şirkəti tərəfindən evim qanunsuz olaraq sökülmüş, əmlakım talan olunub yerlə yeksan edilmişdir. Nəticədə mənə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. 3 il ərzində apardığım mübarizə hələlik bir nəticə verməmişdir. Cox təəssüflər olsun ki, polis, prokurorluq orqanlarına müraciət etdiyim çoxsaylı şikayətlər savadsız, vicdansız və rüşvətxor məmurlar tərəfindən rədd edilmişdir.

Möhtərəm Prezident!
Hüquq-mühafizə orqanlarının vətəndaşlarla davranışları, onların müraciətlərinə etinasız yanaşmaları əslində vətəndaşların əvhal-ruhiyyəsinə mənfi təsir edir, onların dövlətə inamsızlığına gətirib çıxarır. Bu, daha çox prokurorluq orqanlarında özünü göstərir. Nəsimi rayon prokuroru Salman Məmmədli savadsiz, vicdansiz, rüşvətxor və ALLAHsız bir prokuror olaraq prokurorluqda qeyri-sağlam mühit yaratmışdır. Çox təəssüflər olsun ki, Bakı şəhər prokuroru İlqar Abbasovu  da bu sıraya aid etmək olar. 3 il ərzində Bakı şəhər prokuroru İlqar Abbasov dəfələrlə məni qəbul etməkdən imtina etmişdir. Ona görə ki, o, Nəsimi rayon prokurorunun qanunsuz çıxardığı qərarları quvvədə saxlamışdır. 
Digər tərəfdən, mən ali dərəcəli cərrah kimi bilirəm ki, ekspert rəyi olmadan prokuror qərar çıxara bilməz. Təəssüflər olsun ki, prokurorluq orqanlarının qərarlarında dəlillərə, sübutlara istinad etmək yox, qərəzli və təmənnalı yanaşma əsas rol oynamışdır. Bu cür qanunsuz qərarlar çıxarmaqla onlar vətəndaşları Sizə qarşı çıxmağa sövq edirlər. 
Bakı şəhər prokuroru İlqar Abbasov, eləcə də onun tabeçiliyində çalışan digər şəxslər saxta sənədin nə olduğunu araşdıra bilməmişlər. Belə ki, evimlə bağlı mənim iştirakım olmadan saxta sənədlərlə tikinti şirkəti ilə müqavilə bağlanmışdır. Bu isə Azərbaycan Respublikasının CM-də dələduzluq əməli kimi qiymətləndirilir. Təsadüfi deyildir ki, İlqar Abbasov bir çox dövlət strukturlarında və vətəndaşlar arasında yaxşı reputasiya ilə tanınmır. Prezident Aparatında çalışan Mübariz Qurbanlının qardaşı Tariyel Qurbanov Bakı şəhər prokurorluğunda İstintaqa nəzarət idarəsinin rəisidir. Bütün qərarlarda İlqar Abbasovun imzası yox, Tariyel Qurbanovun imzası durur. Görüş zamanı o, mənim şikayətimdən xəbəri olmadığını etiraf etmişdir. Lakin ona İlqar Abbasov tərəfindən göstəriş verildiyi üçün imza atdığını söyləmişdir. 
Baş Prokurorluğun hadisələrə münasibətindən isə heç danışmağa dəyməz. Orada etiraf edirlər ki, şikayətlərə baxılmır. Düşünürəm ki, Prokurorluq orqanlarında ciddi islahatlara ehtiyac var.  

Möhtərəm Prezident!
Dövlət Təhlükəsizlik Xidməti paytaxtdan uzaq bir rayonda icra başçısını rüşvətxorluqda ittiham edərək həbs edir, çox sağ olsunlar. Lakin Bakı şəhərinin göbəyində Nəsimi Rayon icra başçısı olan Asif Əsgərov həbs edilmir. Mən mətbuatda Asif Əsgərovun Nəsimi rayonunda tikinti şirkətlərinə ayırdığı hər bir sahəyə  görə 1.000.000 (bir milyon) manat rüşvət alması barədə yazmışdım. Eyni zamanda mənim evimin qanunsuz uçurulmasında onun birbaşa əli vardır. Onun göstərişi ilə 59 saylı MİS-dən mənim evimə saxta 2 saylı arayış verilmiş və 13 saylı Notariat kontorunda dələduzluq yolu ilə saxta müqavilə  bağlanılmışdır. Bu məlumatlar mənə "Regal" MTK şirkətində çalışan vətəndaşların xaricdə yaşayan yaxınları tərəfindən verilmişdir. Nə üçün DTX bu yazılara reaksiya vermir, DTX-nın adından istifadə edənlər azadlıqda gəzir, at oynadır? 

"Regal" MTK şirkətinin təsisçiləri olan “Hacı” Yusif və Valeh Ağayevlər, iş icraçısı “Seyid” Fərəc Hüseynov isə hələ ki, bu yazılardan nəticə çıxarmaq istəmir, dövlət strukturlarını saymazdan gəlir və pulla hər bir dövlət məmurunun əl qollarını və ağızlarını bağladıqlarını açıqca söyləməkdək çəkinmirlər. Hazırda polisin, prokurorluğun, Nəsimi Rayon icra başçısı Asif Əsgərovun  köməkliyi ilə "Regal" MTK şirkəti mənə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmə isə mənə cəmi 125.000 (yuz iyirmi beş min) manat kompensasiya ödənilməsi haqda qərardad çıxarıb.
Möhtərəm Prezident!
Sizdən mənim (həm də millətin) bu faciəmin düzgün araşdırılması, cinayətkarların, qoluzorluların, Sizə və dövlətimizə  qarşı ləkə yaxan şəxslərin cəzalandırılması üçün müvafiq strukturlara göstəriş verməyinizı xahiş edirəm.
Hörmət və sayğılarla,
Qafar Bədəlxan oğlu İskəndərov".

Muxalifet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.