"DEZO KRALI" PAŞİNYANI MAHAL İSMAYILOĞLU NƏ ÜÇÜN YUMRUQLA YERƏ SƏRMİŞDİ?.. - Eldar Sabiroğlu sensasion faktı açıqladı

Baxış sayı:
1227

İnformasiya mübarizəsi elə bir ciddi və həssas vasitədir ki, onunla gərək doğru-düzgün davranmağı bacarasan. Bunu edə bildinsə uduş səninkidir. Yox, əgər içində olduğun prosesləri dürüst analiz edib nəticələri hədəfə yönləndirərkən buraxılan adi səhv bütün arzu və məqsədləri, hətta ehtimalları bir dəqiqənin içərisində tamamilə alt-üst etmək gücünə sahibdir. Odur ki, informasiya döyüşünün plan və trayektoriyasını qurarkən son dərəcə diqqətlilik və uzaqgörənlik tələb edilir. Bu vacib və taleyüklü məsələdə nə tələsmək, nə də gecikmək olar. Hər şey ölçülüb biçildikdən sonra ölkən, xalqın və dövlətin xeyrinə  düyməni sıxır və qələbəni götürürsən.
44 günlük Vətən savaşı zamanı mən bunun konkret nəticələrini Azərbaycan prezidenti hörmətli İlham Əliyevin və Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyanın simasında yaxından müşahidə etdim. 30 ildir ki, iki respublika arasında leqal və ya qeyri-leqal müharibə gedir. Çalışdığım qədər nə təhqirə layiq olan  işğalçı Ermənistan rəhbərini topa-tüfəngə tutmağı, nə də bu müharibədə öz siyasi mədəniyyəti və qətiyyəti ilə sözün əsl mənasında nümunəvi dövlət rəhbəri simasını ən çətin anlarda belə itirməyən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevi özümünküdü deyə yersiz şəkildə tərifləməyi planlaşdırmıram. Sadəcə, 45 illik informasiya təcrübəməmdən faydalanaraq hansının daha güclü və daha zəkalı olduğunu heç bir mənfəət axtarışına qapılmadan qısa da olsa, dəyərləndirmək istəyidir. Bununla həm də beynəlxalq ictimai rəyin dövlət rəhbəri olaraq hansının xeyrinə işlədiyini qəzəbdən uzaq, nifrətdən kənar araşdırmaqdan və nəhayət, İlham Əliyevin və Nikol Paşinyanın dünya maştabında yeri və əhəmiyyəti barədə düşündüklərimi bölüşməkdən ibarətdir. Doğrusu, lütfkar oxucumun belə bir müqayisəli mövzunu gündəmə gətirdiyimə görə mənimlə razılaşmayacağını bəri başdan bilirəm və xarektercə xarabçılıqda ad çıxarmış Nikolla dövlət rəhbərim İlham Əliyevin adlarının yanaşı çəkilməsini xalqımın istəmədiyini də çox gözəl anlayıram. Tam şərikəm, amma neyləməli ki, bu maymaq Paşinyanı Allahın köməkliyi ilə Azərbaycan prezidenti əhilləşdirə biləcəkdir. Çünki başqa yol görünmür. Nikolun beynəlxalq birliyə sırımaq istədiyi yalan informasiyalar, bir-birinə zidd məlumatları artıq ermənilər özləri qəbul etmirlər. Axı nə qədər basıb-bağlamaq, yalnız suya üfürmək olar!? İndi onu öz həmyerliləri DEZO, yəni dezinformasiya kralı deyə çağırırlar. 44 günlük müharibə zamanı dünya ictimaiyyətinin axtardığı və maraq dairəsinə daxil etdiyi xoşniyyətli təşəbbüslərin, savaşın dayandırılması istiqamətində atılmış siyasi addımlar haqda xəbərlərin qarşısı demək olar ki, bütün vasitələrlə kəsilirdi. İlham Əliyev müharibəni udsa da ilk gündən sülhə gəlmək, danışıqlar masasına oturub problemi dinc yolla həll etməkdən özgə yol yoxdur. Qalib ölkənin rəhbəri demək olar ki, hər gün dünyanın müxtəlif agentliklərinə müsahibələr verir, məğlub ölkənin rəhbərini sülhə çağıraraq qan tökülməsinin önünü alacaq tədbirlərlə razılaşmağa səsləyir, adamın isə dünya vecinə deyil. Yalan məlumatlarla, DEZO-larla dünyanı da çaşdırırdı. Sonda isə hər şey bəlli oldu. Nikol Moskvada gecə saatlarında kapitulyasiya aktına imza atmalı oldu.

"Gizlində"saxladığım bir "sirr" haqda ilk dəfədir yazıram. Mən bu Nikolu İrəvanda yaşayıb işlədiyim vaxtlarımdan tanıyırdım. Çox alçaq xasiyyəti vardı. Utanmazcasına Mətbuat evinin yeməkxanasında demək olar ki, hər gün qalmaqal salar, Azərbaycan xalqını pis-pis söyüşlərə məruz qoyardı. Günün birində də xəbər gəldi ki, "Sover Ermənistanı" qəzetində mənim rəhbərlik etdiyim şöbədə müxbir kimi fəaliyyət göstərən Mahal İsmayıloğlunu ermənilər təhqir ediblər. Təşkil edən də bu Nikol olubmuş. Gözünə döndüyüm Mahal abi də eləməyib tənbəllik bir iki yumruğa bunu salıb yerə... Bu o zaman idi ki, səhv etmirəmsə, N. Paşinyan "Haykakan Jamanak" qəzetində çalışırdı. Yəni ki, "Erməni zamanı" qəzeti... Tamam daşnak ruhlu bir qəzet idi!!! Hərdən baxıram, heç dəyişməyib, hələ bir az da artırıb... Azərbaycan-Türkiyə haqda ən yaramaz yalanları yenə ictimailəşdirir.
Yalan və uydurma informasiyalar yaymaq bu millətin qanına işləyib. Fikirlərimizin təsdiqi üçün Paşinyanın beynəlxalq birliyi çaşdırmağa yönəldilən "Zəngəzur dəhlizi açılır" deyərkən nə dərəcədə qeyri-səmimi olduğunu sübut edir. Çünki o və onu idarə edən cinayətkar qrup  bütövlükdə Cənubi Qafqazda sakitliyin yaradılmasını istəmir. Nikolun xaricdəki himayədarları da problemsiz regionu arzu etmirlər. Odur ki, Ermənistanın ağlı yerində olmayan hökumət başçısını istədikləri vaxt sağa da, sola da fırladırlar. Birinci dəfə deyil ki, o, bu cür şüar səsləndirir. Düşmən son təxribatlarını necə deyərlər yumaq üçün belə bir təşəbbüsü ortaya atıbdır. Ona inanmaq olmaz?! Dəhlizin açılmasından öncə görüləsi vacib işlər vardır.  Niyə görə Qafanda İranın konsulluğu olmalıdır!?

Eldar SABİROĞLU