“Bunu edə bilərəm” – Tramp Putinlə bağlı “b” planını açıqladı

Seçki kampaniyası zamanı “müharibəni 24 saata bitirəcəyini” iddia edən ABŞ Prezidenti Donald Tramp hələ də Ukrayna və Rusiya ilə razılığa gələ bilməyib.
Putini atəşkəslə razılaşmağa inandıra bilməyən Tramp Rusiya liderini əlavə gömrük rüsumları ilə hədələyib.
O, bəyan edib ki, Ukraynada atəşkəs olmasa, ikinci dəfə Rusiya neftinə dolayı yolla gömrük rüsumları tətbiq edəcək.
“Onula bir sövdələşmə etdiyimizi görmək istəyirəm. Hər həftə 2500 insan ölür. Onun atəşkəsi qəbul etdiyinə əmin olmaq istəyirəm və buna inanıram. Rusiya neftinə tarif tətbiq etmək istəmirəm, amma onun üzərinə düşən vəzifəni yerinə yetirmədiyini anlasam bunu edə bilərəm”, - deyə Tramp qeyd edib.
Tramp xatırladıb ki, Ukrayna ilə nadir metallar üzrə anlaşma hələ tamamlanmayıb. Kiyev administrasiyasının razılaşmanı yenidən müzakirə etmək istədiyini bildirən Tramp, Ukraynanın bu razılaşmanı NATO-ya bilet kimi gördüyünü və NATO-ya daxil olmaq istəyinin müharibənin əsas səbəblərindən biri olduğunu vurğulayıb.
Digər tərəfdən Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcəyini və Amerika iqtisadiyyatına 1 trilyon dollarlıq töhfə verəcək investisiya müqaviləsi imzalayacağını açıqlayıb. Səudiyyə Ərəbistanından sonra Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək Tramp bu ölkələrlə də analoji anlaşmalar etməyi planlaşdırır.