BRİTANİYA KRALİÇASININ ÖLÜM XƏBƏRİ YAYILDI... – London sakinləri Bukingem Sarayının qarşısına toplaşır…

Xatırlayırsınızsa, bu ilin əvvəlində Böyük Britaniya mediasında kraliça II Yelizavetanın ölümünün ölkə ictimaiyyətinə və dünyaya duyurulması versiyaları üzərində müzakirə başlamışdı. Həmin vaxt bu prosesin necə nizamlanacağı barədə də ssenarilər açılqlanmış və o zamandan Britaniya monarxının ölümünün elan edilməsinə hazırlıq getdiyi barədə ehtimallar səsləndirilmişdi.
Artıq bu gün, 2022-ci il sentyabrın 8-də anonsu verilən və ehtimal edilən hadisənin açıqlanacağı təxminləri sezilməyə başlayıb. Belə ki, kraliça sarayından verilən məlumatlara görə, Britaniya kraliçasının həkimləri onun səhhətindən narahatdırlar və buna görə də onun həkim nəzarətində olmasını tövsiyə edirlər.
Qafqaz.media xəbər verir ki, bu barədə Bukingem Sarayından bildirilib.
Bundan başqa, Böyük Britaniyanın baş naziri Liz Trass, "Böyük Britaniya xalqının fikri-zikrinin" Kraliça II Elizabetin yanında olduğunu söyləyib. Britaniyanın BBC telekanalı artıq efirin proqram axışını dəyişib və II Yelizaveta ilə bağlı xəbərləri ardıcıl şəkildə təqdim etməkdədir.
Həmçinin, Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz və onun həyat yoldaşı Kornuoll hersoginyası Kamilla monarxın yerləşdiyi Şotlandiyadakı Balmoral qəsrinə gediblər.
Böyük Britaniya KİV-ləri xəbər verir ki, Kraliça II Yelizavetanın səhhətinin pisləşməsi ilə bağlı xəbərlərdən sonra insanlar Londonda Bukingem sarayının yaxınlığında toplaşmağa başlayıb. Eləcə də Britaniya elitası kraliça II Yelizavetanın sağlamlığı üçün dua etməyə başlayıb.
Əlbəttə, üzərinə günəş doğmayan imperiya olduğu deyilən Böyük Britaniyanın monarxının həyata vida etməsi bu ölkə üçün tarixi hadisədir, amma dünya üçün də bu hadisə əhəmiyyət kəsb edir. Kraliçadan sonra Britaniya taxtına kimin oturacağı həm ölkəyə, həm dünyaya yön verəcək.