Blinkenin köməkçisi: “Rüfət Səfərovun həbsi ABŞ-yə güclü mesaj idi”

Baxış sayı:
349

Azərbaycanda xalq hakimiyyətin qərarlarından əziyyət çəkir”

Bayden administrasiyasının insan hüquqları üzrə baş nümayəndəsi, ABŞ dövlət katibinin köməkçisi Dafna Rand hüquq müdafiəçisi Rüfət Səfərovun həbsilə bağlı Azərbaycan hökumətinin qərarını tənqid edib. İnsan hüquqları üzrə baş nümayəndə hesab edir ki, Rüfət Səfərovun “İnsan hüquqları müdafiəçisi” mükafatını almaq üçün ABŞ-yə getməzdən əvvəl həbs olunması onlara və insan hüquqları ilə bağlı vəziyyətdən narahat olanlara yönəlmiş siqnaldır:

“Rüfət Səfərovun həbsi Azərbaycan hakimiyyətinin bu tendensiyanı davam etdirəcəyinə, ABŞ-nin və başqalarının vətəndaş cəmiyyətini dəstəkləməsini istəmədiyinə dair işarədir. İnsan hüquqları müdafiəçiləri, korrupsiyaya qarşı mübarizə fəalları, jurnalistlər və Azərbaycanda hər hansı müxalif səsə qarşı olan tendensiyalardan çox narahatıq”.

Dafna Rand Azərbaycandan olan laureatlara mükafatı şəxsən verə bilmədiklərinə təəssüflənib:

“Vaşinqtonda mükafatlarını verə bilmədik. Çünki Azərbaycan hakimiyyəti onları həbs edib. Korrupsiyaya qarşı mübarizə fəalı Sevinc Vaqifqızı daha əvvəl həbs edilib. Ötən həftə isə Rüfət Səfərov həbs olunub. Bu hallardan çox narahatıq. Biz dünyaya onların işlərinin nə qədər vacib olduğunu söyləmək istədik”.

“Rüfət Səfərovun ABŞ-yə yola düşməzdən bir neçə gün əvvəl həbs edilməsi Bakının Vaşinqtona güclü mesajıdır. Hakimiyyət bu tendensiyanı davam etdirmək niyyətindədir. ABŞ-nin və digərlərinin insan hüquqları müdafiəçilərini və vətəndaş cəmiyyəti üzvlərini dəstəkləməsini istəmirlər. Hər iki partiyadan Konqres üzvləri mükafatlandırılanların hər ikisini dəstəkləyən bəyanat veriblər və onların həbsini tənqid ediblər”,- Dafna Rand bildirib.

Dafna Rand bildirib ki, ABŞ Dövlət Departamenti Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə diqqət yetirir:

“Bizim çox yaxşı səfirimiz var, Mark Libbi. O, Bakıda olduğu müddətdə insan hüquqları məsələsini prioritet edib. COP29 zamanı hüquq müdafiəçiləri və jurnalistlərin, vəkillərin, həbsxanada olanların hamısının acınacaqlı vəziyyəti barədə məsələ qaldırıldı. Yəni, biz dünya birliyinin diqqətini Azərbaycandakı vəziyyətə və bu vəziyyəti dəyişmək üçün atılan addımlara yönəltməyə çalışmışıq. Viza sanksiyaları və bir sıra digərləri də daxil olmaqla, bəzi cəza alətlərindən istifadə etməyə davam edəcəyik”.

“Ən əsası, biz vətəndaş cəmiyyəti xadimlərini dəstəkləməyə davam edəcəyik, bu, bizim ən yaxşı alətimizdir. Azərbaycanın susmayacaq, ayağa qalxacaq və öz ölkəsi üçün ən yaxşısını etməyə çalışacaq cəsur kişi və qadınlarına siqnal göndərə bilsək, onlar ABŞ hökumətinin timsalında dost və dəstək tapacaqlar. Bu, bizim ən yaxşı alətimizdir, bunu etməyə davam edəcəyik və ruhdan düşmürük”, – insan hüquqları üzrə baş nümayəndəsi deyib.

O əlavə edib ki, indiki vəziyyətdə Azərbaycanda xalq hakimiyyətin qərarlarından əziyyət çəkir:

“Biz Azərbaycanda demokratik açıq cəmiyyəti dəstəkləmək istəyirik. İnanırıq ki, Azərbaycanda demokratiya və insan hüquqları məsələlərində qarşılıqlı anlaşmaya gəlsək, tərəfdaşlığımız daha güclü və zəngin olacaq”.

Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günündə ABŞ Dövlət Departamenti korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia”nın baş redaktoru, hazırda həbsdə olan Sevinc Vaqifqızını “Korrupsiyaya qarşı mübarizə çempionları” mükafatına layiq görüb.

Departament hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovu isə İnsan Hüquqları Müdafiəçisi Mükafatının qalibi elan edib.

Son bir il Azərbaycanda jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, siyasətçi və hüquq müdafiəçilərinin həbsləri ilə yadda qalıb.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalist (AbzasMedia), (“Toplum TV”), (“Kanal13”) “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.