BİR DƏSTƏ TUTULUR, O BİRİ DƏSTƏ OĞURLAMAĞA BAŞLAYIR... – Dövlətin milyardlarını məmurlardan necə qorumaq olar?

Baxış sayı:
1771

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında (NMR) keçirdiyi anti-korrupsiya əməliyyatları zamanı yerli məmurların dövlətə külli miqdarda ziyan vurduqları aşkara çıxıb. Hələlik istintaq gedir, əməliyyatların bitdiyini də yazmaq çox erkən olardı. 

Amma ümumi mənzərə aydındır: Muxtar Respublika rəhbərliyi onilliklər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mütəşəkkil qaydada cinayətkarlıqla məşğul olub, büdcədən yüz milyonlarla manatın yayındırılmasına, mənimsənilməsinə şərait yaradılıb. Son onillik ərzində müxtəlif dövlət qurumlarında əməliyyatlar həyata keçirilib, nazirlərin, icra başçılarının və başqa yüksək çinli məmurların çoxmilyonluq mənimsəmə faktları üzə çıxarılıb. Hazırda onların bir qismi azadlıqda olsa da, həbsxanada cəza çəkənləri də var. Dövlətə dəymiş ziyanın bir hissəsi də ödənilib.

Paradoksal məqamlardan biri ondan ibarətdir ki, sözügedən məmurların hamısı vəzifə başında olarkən, digər həmkarlarının hüquq-mühafizə orqanları tərəfindən necə ifşa edildiyinin, cəmiyyətdə onlar haqqında kəskin mənfi münasibətin şahidi olublar. Amma korrupsiyaya, mütəşəkkil talançılığa bir an da olsun ara verib, əl saxlamayıblar.

Başqa bir təzadlı məqam odur ki, bu cinayətlərin baş verdiyi dövrdə dövlətin nəzarət orqanları niyə lazımi tədbir görməyib, öz səlahiyyətləri daxilində addımlar atmayıblar? Şübhəsiz ki, onların əksəriyyəti dövlət əmlakına qarşı saysız-hesabsız cinayətlərin ən az bir qismindən məlumatlı olublar, büdcə vəsaitlərinin çırpışdırılma mexanizmlərini əzbər biliblər.

Nəhayət, anti-korrupsiya əməliyyatları dövlət qurumlarının fəaliyyətində şəffaflığa, ictimai nəzarətin təmin olunmasına gətirib çıxarıbmı? Təəssüf ki, bu barədə də müsbət fikir söyləmək çətindir. Çünki hüquq-mühafizə orqanları yeni kadrların rəhbərlik etdiyi dövlət qurumlarında keçirdiyi əməliyyatlar əvvəlki korrupsiya mexanizminin saat kimi işlədiyini ortaya çıxarıb.

Bu mənzərə anti-korrupsiya əməliyyatlarının davam etdirilməsi ilə yanaşı sistemli islahatların həyata keçirilməsini də zəruri edir. Elə bir idarəçilik mexanizmi qurulmalı, qarşılqılı nəzarət sistemi tətbiq olunmalıdır ki, məmurların qanundankənar fəaliyyəti mümkün olmasın. Əks təqdirdə bir dövlət qurumunda ifşa edilən mütəşəkkil cinayətkar dəstəni yeniləri əvəz edəcək, nəticədə dövlət maraqlarına növbəti zərbələr vurulacaq.

Yeni sistemin qurulmasının başlıca prinsipləri konstitusion islahatlardan keçir. Bütün dövlət qurumlarının fəaliyyətinə parlament nəzarəti olmalıdır, onlar qanunverici orqan qarşısında hesabat verməlidirlər. Hazırkı şəraitdə belə bir öhdəlik faktiki olaraq mövcud deyil, Milli Məclisin alt qurumu olan Hesablama Palatası müxtəlif qurumlarda yoxlamalar keçirir, sonra dişsiz hesabat parlamentə təqdim olunur, formal səsvermədən sonra hər şey bitir. Nadir hallarda hüquqpozmalar barədə Baş Prokurorluğa müraciət edilir. Elə həmin Palatanın hesabatlarında qeyd olunmuşdu ki, hər il büdcənin təxminən 1 milyard manatı mənimsənilir və israf olunur.

İkinci mühüm amil məmurların gəlir bəyannaməsini açıqlamamasıdır. Azərbaycan ictimaiyyəti illərdir bu tələbi səsləndirsə də, təəssüf ki, qulaqardına vurulur. Normal ölkələrdə bütün təyinatlı və seçkili qurumların rəhbərləri ildə bir dəfə gəlirlərini açqılayır və onu internet resurslarında yerləşdirir. Azərbaycanda da, nəhayət, bu qayda işə düşməlidir.

Üçüncü mühm amil vətəndaş cəmiyyəti və medianın ictimai nəzarət funksiyasının gücləndirilməsidir. Sivil ölkələrdə bu institutlar ictimai nəzarətin, şəffalığın və hesabatlılığın bel sütunu sayılır. Azərbaycanda isə məmur korrupsiyası haqqında mediada dərc olunan araşdırmalar bir çox hallarda hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalır.

Rəsmi statistikada Azərbaycan iqtisadiyyatında artımlar göstərilir, əlbəttə, bu dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin kəskin artması ilə bağlıdır. Bundan sonra ölkə üçün olduqca məsuliyyətli dövr gəlir. Neft hasilatı azalır, qazdan böyük gəlirlərin əldə olunması ilə hələ gələcəyin işidir. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini davam etdirməsinə büdcədə nəzərdə tutulduğu kimi, hər il 2, 2.5 milyard deyil, daha böyük vəsait lazımdır. Ölkənin müdafiə sektoru demək olar yenidən qurulur, ordunun NATO sisteminə keçidi, modernləşdirilməsi, yeni nəsil silahları ilə təminatı dövlətin strateji məqsədləri sırasında daxildir. Həsas geosiyasi çağırışların hakim olduğu dövrdə Azərbaycan qısa müddətdə bu vəzifələrin öhdəsindən gəlməldir.

Əlbəttə, bunlar böyük vəsaitlər tələb edir, ölkənin imkanları var, valyuta ehtiyatları kifayət qədərdir, amma əsas məsələ onları talançı məmurlardan qoruyub ölkənin təhlükəsizliyi, rifahı üçün xərcləməkdir. 

E.Rüstəmli