​BİNƏ SAKİNLƏRİ SUSUZ QALIB - “Şöhrət və Ehtiram adlı vəzifəli şəxslər 300 manat pul ödəməyimizi tələb edirlər”

Baxış sayı:
11556

“Biz şikayətçilər uzun illərdir qeyd olunan ünvanlarda yaşayırq. “Azərsu”ASC-nin Bakı şəhəri Xəzər rayon su idarəsinin əməkdaşlarının rüşvətxor əməlləri ucbatından içməli sudan normal insan kimi istifadədən məhrum edilmişik və neçə illərdi əzab-əziyyətə, məhrumiyyətlərə düçar edilmişik”. Bu fikirlər Xəzər rayonu, Binə qəsəbəsinin 33 sakini tərəfindən imzalanmış “Hürriyyət” qəzetinə göndərdikləri məktubda qeyd olunub.
Şikayətçilər məktub vasitəsilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralava, Milli Məclis üzvlərinə və müvafiq qurumların rəhbərlərinə müraciət ediblər:
“Yaşadığımız küçənin ətrafındakı bütün qonşu küçələrə içməli su xətti çəkildiyi halda, yalnız bizim küçəyə su xətti çəkilmir. Su xətti çəkilmiş evlərin sakinlərindən yalnız rüşvət alındıqdan sonra küçələrinə, evlərinə su xətti çəkilibdir. Bizim küçə ilə su xətti çəkilmiş qonşu küçələr arasında küçəmizə su xətti çəkilişinə əngəl törədəcək heç bir maneə yoxdur. Küçəmizə içməli su xətti çəkilməsi ilə bağlı 2014-cü ildən bu günə qədər aidiyyatı qurumlara çoxsaylı müraciət və şikayətlərimiz olmuş, televiziya kanalları çəkilişlər etmişdir. Bütün bunlardan sonra hər dəfə şikayətlərimizin qarşısını almaq və problemimizi həll etməmək məqsədi ilə “Azərsu” ASC-nin əməkdaşları evlərimizə içməli su xətti çəkiləcəyinə dair yalan vədlərlə bizi aldadır, get-gələ, süründürməçiliyiə salaraq problemin həllindən yayınırlar. Xəzər rayon su idarəsinin Şöhrət və Ehtiram adlı vəzifəli şəxsləri küçəmizə su xəttinin çəkilməsi üçün hər evdən onlara qeyri-rəsmi 300 manat pul (rüşvət) ödəməyimizi tələb edirlər və açıq şəkildə deyirlər ki, “aldığımız pulların hamısı yuxarılara gedir, bizə yalnız dilənçi payı çatır. Bizdə heç bir günah yoxdur. Neçə ki, pul verməyibsiniz evlərinizə su xətti çəkilməsindən gözünüzü çəkin, hara istəyirsiniz şikayət edin, heç bir xeyri yoxdur. Od olsanız özünüzü yandıracaqsınız, başınız ağrıyar””.
Binə sakinləri şikayətlərinə qanunauyğun baxılmasını, küçələrinə içməli su çəkiməməsinin əsl səbəblərinin araşdırılaraq günhakar şəxslərin barəsində qanuna müvafiq tədbir görülməsini, pozulmuş hüquqlarının bərpa olunmasını və küçələrinə içməli su xəttinin çəkilişinə köməklik göstərilməsini xahiş edirlər.