Baş verənlərə səssiz qalmayaq...

Baxış sayı:
1119

İyun ayının 6-7-də Bakı şəhərində görünməmiş hadisə baş verdi. Bakı şəhərində Yeni Yasamal məhəlləsində həyətə zibil atmağa düşmüş vətəndaşa 5-6 nəfər polis işçisi hücum edərək, həmin vətəndaşı insanların gözü qarşısında vəhşicəsinə döyərək, daha sonra maşına salaraq polis bölməsinə aparmış, adama amansız işgəncə vermişlər. Həmin mənzərəni öz mənzillərindən seyr edən sakinlər polis vəhşiliyinə etiraz əlaməti olaraq yaşadıqları evlərin balkonlarından hadisə yerinə zibil atmışlar.
İyunun 8-də səhər tezdən həmin binaya yüzlərlə Çevik Polis Alayının qüvvələri yeridilmiş, bütün qanuni hədləri, etik və əxlaq normalarını aşan polis qüvvələri vətəndaşların evlərinə basqın edərək bu işdə şübhəli bildikləri şəxsləri yatağından qaldıraraq geyinməyinə belə imkan vermədən çılpaq formada işgəncə altında yerlə sürüyərək aşağı endirmişlər. Onlarla dinc mülki vətəndaşa ağır işgəncə verilmiş, insanların gözü qarşısında onların ləyaqəti təhqir edilmiş, şəxsiyyəti alçaldılmışdır. Eyni zamanda saxlanılan şəxslərə qarşı amansız işgəncə əməlləri polis bölməsində də davam etdirilmişdir. Ən acınacaqlısı odur ki, bütün bu işgəncə halları, insanların çılpaq formada adamların gözü qarşısında vəhşicəsinə döyülməsi əməliyyatda iştirak edən polis işçiləri tərəfindən telefonla çəkilmiş və sosial şəbəkələrdə yayılmışdır.
Həmin ünvanda Elvin və Kərim Süleymanlı qardaşlarının vəhşicəsinə döyülməsinin izləri, birincinin çılpaq formada sürüyərək polis maşınına aparılmasının görüntüləri sosial şəbəkələrdə yayılmışdır. Bu dəhşətli hadisə ilə bağlı onların anası Gülər Süleymanovanın fəryadı ürəklər parçalayır. Bu vəhşiliyin törədilməsi və onun nümayişkaranə formada yayılması cəmiyyəti qorxutmaq zərurətindən irəli gəlir. Mövcud rejim tərəfindən ölkə müxalifətçilərinə qarşı dəfələrlə belə üsullardan istifadə edilib. İşgəncə, zor, insanların bədəninə elektrik cərəyanı verilməsi, adamların işgəncə altında ləyaqətinin alçaldılması ölkədə mövcud olan polis rejimi üçün adi hala çevrilmişdir.
Baş verənlər Azərbaycanda polis vəhşiliklərinin həddi-hüdudunun olmadığını göstərir. Dünyanın qlobal pandemeya təhlükəsi ilə üz-üzə olduğu bir zamanda öz xalqına qarşı polis dəyənəyini işə salmaq, yalnız feodal təfəkkürlü rejimlərin bərqərar olduğu cəmiyyətlərdə mümkündür.
Şübhəsiz ki, yüzlərlə Çevik Polis Alayının səhər saat 7 radələrində Yeni Yasamalda keçirdiyi “zibil” əməliyyatı bilavasitə Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi əsasında baş vermişdir. Qanunun aliliyini təmin etməli olan Respublika Baş Prokurorluğu törədilmiş qanunsuzluğa nəinki göz yummuş, əksinə onu müdafiə etmiş, məhkəmə orqanları isə ağır işgəncəyə məruz qalmış şəxslər haqqında inzibati qaydada həbs qərarı çıxarmışdır. Eyni zamanda hakimiyyət öz nəzarətində olan mətbuat, sosial şəbəkə fəalları, televiziyalar, jurnalistlər, deputatlar vasitəsilə törətdiyi vəhşiliyə dəstək kampaniyası təşkil etmişdir.
Biz xalq və millət olaraq vətəndaşlarımıza qarşı törədilmiş bu polis zorakılığına, ağır işgəncə faktlarına, insan ləyaqətinin alçaldılmasına səssiz qalmamalıyıq. Bu gün baş verənlər sabah hamımızın həyatı üçün də ciddi təhlükəyə çevrilə bilər.
Demokratik dünya insan haqlarını pozan, insan ləyaqətini alçaldan, günahsız adamların bədəninə elektrik cərəyanı verən Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməlidir, bu natəmiz əməllərdə iştirak edənləri, dinc vətəndaşlara qarşı zor tətbiq edən, işgəncə verən polis işçilərini, saxta iddiaları müdafiə edən prokurorları, məhkəmələri cəza orqanına çevirən hakimləri, bütün bu qanuna zidd əməllərə göstəriş verən prezident aparatının rəsmilərini, işgəncə faktını müdafiə edən deputatları öz ölkələrinə buraxmamalı, onların öz xalqının qanına bulaşmış, öz xalqına qarşı dəyənək qaldırmış çirkli əllərini sıxmamalıdır. 
Anar Xəlilov